Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - I YAZI

2020/02/su-30-1581680743.jpg
Oxunub: 3551     15:56     14 Fevral 2020    
Silahlı münaqişələrdə aviasiyanın əhəmiyyəti əməliyyatların miqyasından, xarakterindən və yerinə yetirilən vəzifələrin həcmindən asılıdır. Çox sayda qoşun və aviasiyanın cəlb edildiyi münaqişələrdə ilk növbədə təcavüzkarın müdaxiləsi dəf edilməli, əhəmiyyətli hərbi-iqtisadi zonalar qorunub saxlanılmalı və yalnız bundan sonra təcavüzkar əks zərbələrlə müdaxilədən imtinaya məcbur edilməlidir.

Gələcək müharibələrin ilk növbədə quruda, dənizdə və havada, habelə kosmik və informasiya məkanında aparılacağı şübhəsizdir. Lakin bunlar arasında düşmənin yerüstü obyektlərin, o cümlədən HHM vasitələrinin məhv edilməsi və ona qarşı havada üstünlüyün əldə saxlanılması ən vacib məsələlərdən biri olaraq qalacaq. Bu vəzifələri icra edəcək ən effektiv vasitə isə hələlik aviasiyadır. Hərbi əməliyyatların yüksək intensivliyi ilə səciyyələnən münaqişələrdə aviasiya həlledici rol oynayır. Güclü zərbələr endirmək üçün əsas qüvvəni təşkil edən, bəzən uzaq obyektləri məhv etmək üçün yeganə vasitə olan aviasiya, yaranan münaqişə bölgəsinə daxil olan ilk qoşun növü olur.

Yalnız aviasiya özünəməxsus operativ və taktiki xüsusiyyətlərinə (çoxsaylı istifadəsi, universallığı, uzaqmənzilli fəaliyyət radiusu, avtonomluğu, sürəti, böyük yükdaşıma qabiliyyəti və s.) sayəsində qoşunların və maddi vəsaitlərin münaqişə bölgəsinə sürətli köçürülməsini, mövcud qruplaşmanın yaradılmasını və onun havadan dəstəklənməsini həyata keçirə bilir.

Aviasiya, eyni zamanda desant aeromobil qruplarının döyüş əməliyyatlarının təmin edilməsində, hava kəşfiyyatının aparılmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində (tüstü ekranlarının qurulmasında, maneələrin yaradılmasında, xəstə və yaralıların təxliyəsində və s.) mühüm əhəmiyyətə malikdir. Münaqişə zonasındakı qoşun qruplaşmasının tərkibində fəaliyyət göstərən aviasiyaya, ümumqoşun birləşmələrinə əlavə manevr və atəş imkanları saxlayan əsas zərbə qüvvəsi vəzifələri də verilir.

Müasir qırıcıların əsas xüsusiyyətləri

İstehsal və istifadə olunan 5-ci nəsil hərbi aviasiya vasitələrinin hazırlanması 20 ildən 30 ilə qədər zamanla bərəbər 10, bəzən isə 100 milyardlarla vəsait tələb etməsi, bu prosesin nə qədər mürəkkəb və həcmli olduğunu bir daha gözlər önünə sərir. Dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələrinin bir çoxu hərbi aviasiya vasitələrinin hazırlanmasına cürət etmir. Təsadüfi deyil ki, mülki və hərbi aviasiya istehsalının tam dövriyyəsini mənimsəyən ölkələr “hərbi siyasi elita” kateqoriyasına aid edilir.

İstehsal olunan son vasitələrin 40- 50 il müddətində silahlanmada istifadəsi nəzərdə tutulur. Bir qayda olaraq 3-cü nəsildən sonra istehsal edilən qırıcılar müasir qırıcılar kimi təsnifatlandırılır. Rusiyanın “Su-27” və “MiQ-29” qırıcıları ilə bərabər, ABŞ-ın F-14, F-15, F-16, F/A-18, İsveçin “Saab JAS 39 Gripen” və Fransanın “Dassault Mirage 2000” qırıcıları da 4-cü nəslin tipik nümayəndələrinə aiddir.

Rusiyanın “Su-33” və “Su-30”, Çinin J-10, Fransanın “Dassault Rafale” və Avropanın birgə “Eurofighter Typoon” qırıcıları isə 4+ nəsilə aid edilir.

Rusiyanın “Su-35” və “MiQ-35” təyyarələri isə 4++ sinifinə (sonuncunun seriya istehsalı 3 ədədlə məhdudlaşıb) aiddir.

5-ci nəsil qırıcılara isə aşağıdakı təyyarələr daxildir:

F-22 “Raptor” (ABŞ, 2005-ci il);
F-35 “Lightning” (ABŞ, 2015-ci il);
J-20 (Çin, 2017-ci il);
Su-57 (Rusiya, prototipi sınaqdadır)
J-31 (Çin, prototipi sınaqdadır);
X-2 “Shinshin” (Yaponiya, prototipi sınaqdadır).

5-ci nəsil qırıcılarda tətbiq edilən xüsusiyyətlər aşağıdakılardır:

- yüksək sürət və manevr qabiliyyəti;
- yaxın döyüşdə hədəflərə istənilən rakursdan atəş açmaq qabiliyyəti, uzaq məsafədən aparılan döyüşdə isə hədəflərə bir neçə kanaldan paralel raket zərbələri endirmək imkanı;
- təyyarənin informasiya və REM sistemlərinin avtomatlaşdırılması;
- yüksək avtonom döyüş imkanı, təkyerli qırıcının kabinində bir neçə sensor və radardan qəbul edilən informasiyanın eyni zamanda həm displeydə, həm də pilot dəbilqəsində göstərilməsi;
- aerodinamik sistemlərin qırıcının trayektoriyasını və uçuş bucağını hər hansı bir gecikmə olmadan ani dəyişməsinə imkan verməsi;
- təyyarənin pilotun buraxdığı bəzi səhvləri “bağışlaması”.

6-cı nəsil qırıcıların yaradılması üzərində ABŞ, Böyük Britaniya, Fransa və Almaniya çalışmaqda davam edir. Onlar barədə ayrıca olaraq sonra geniş bəhs ediləcək. Göründüyü kimi yeni nəsil aviasiya vasitələrinin yaradılması sahəsində bir neçə inkişaf etmiş ölkə arasında ciddi rəqabət mövcuddur. Buna görə də məqalədə Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi ciddi aviasiya potensialına malik ölklərin Hərbi Hava Qüvvələrinin strukturu, onların mövcud aviasiya vasitələri və yeni layihələri barədə məlumatları araşdırıb qısaca diqqətinizə çatdırmağı qərara aldıq.

Rusiya HHQ-nin quruluşu və tərkibi

Rusiya hərbi aviasiyası 108 il əvvəl yaranıb. Hazırda Hərbi Hava QüvvələriRusiya Hərbi Kosmik Qüvvələrinin bir hissəsidir. Onun tərkibinə üç qoşun növü daxildir:

- Hərbi Hava Qüvvələri;
- Hava Hücumundan Müdafiə və Raketdən Müdafiə Qüvvələri;

Kosmik Qüvvələr

Rusiyanın müasir Hərbi Hava Qüvvələribeş komandanlıqdan ibarətdir, bunlardan dördü Sankt-Peterburq, Rostov-Don, Xabarovsk və Novosibirsk şəhərlərində yerləşdirilib. 5-ci isə tabeliyində nüvə silahları daşıya bilən uzaqmənzilli strateji və hərbi nəqliyyat təyyarələri mövcud olan əlahiddə komandanlanlıqdır.

Rusiya Hərbi Hava Qüvvələrinin döyüş strukturlarına strateji və uzaq mənzilli aviasiya, hərbi nəqliyyat və cəbhə aviasiyası daxildir. Cəbhə aviasiyası isə öz növbəsində qırıcı, hücum, bombardmançı və kəşfiyyat aviasiyasına bölünür. Bundan əlavə ordu aviasiyası da mövcuddur.

Rusiya Federasiyasının Hərbi Kosmik Qüvvələrinin tərkibinə döyüş strukturları, meteoroloji xidmət, REM, rabitə, idarəetmə və mühəndis hissələri, arxa cəbhə bölmələri, döyüş təlim mərkəzləri və təhsil müəssisələri də daxildir.

Açıq mənbələrə görə, 2019-cu ilin sonunda Rusiya Hərbi Hava Qüvvələrinin aviasiya parkında döyüşə hazırlıq faizi 60 % ətrafında dəyişən 1800-ə yaxın (bəzi mənbələrdə 1500) təyyarə və 1400-dən çox helikopter mövcuddur. Onların növlərə görə tərkibi aşağıdakı kimidir:

- 800-dən çox qırıcı (“Su-27”, “Su-30”, “Su-33”, “Su-35”, MiQ-29, MiQ-31 və onların versiyaları);
- 200-ə yaxın zərbə aviasiyası (“Su-34”, “Su-24M” və onların versiyaları);
- 200-dən çox hücum təyyarəsi (“Su-25”);
- təxminən 150 ədəd təlim təyyarəsi (“Yak-130”, L-39 və digərləri);
- təxminən 46 ədəd strateji (“Tu-95” və “Tu-160”) və 40-dan çox uzaq mənzilli “Tu-22M3” bombardmançıları (100-ə qədəri isə saxlanılmada olduğu ehtimal edilir.

Hazırda “Tu-22M” maşınları M3 səviyyəsində yenilənir, onlar “Kinjal” hipersəs silah proqramının bir hissəsi olacaq).

Bundan əlavə, Rusiya Hərbi Hava Qüvvələrində 400-ə yaxın hərbi nəqliyyat təyyarəsi və İl-78 yanacaqdoldurma təyyarələri, həmçinin 20-dən çox A-50 və A-50U erkən xəbərdarlıq RLS-ləri mövcuddur.

Rusiya Hərbi Hava Qüvvələrində 1400-ə yaxın “Mi-8”, “Mi-24”, “Mi-35”, “Mi-26”, “Mi-28N”, “Ka-52” və s. kimi hücum, çoxməqsədli və nəqliyyat-desant helikopterləri də xidmət edir.

Rusiya Hərbi Hava Qüvvələrinin tərkibində 5 yüksək pilotaj qrupu da fəaliyyət göstərir. “Rus cəngavərləri” qrupu “Su-30”, “Strij” qrupu “MiQ-29”, “Rusiya Şahinləri” qrupu “Su-30”, “Su-35” və “Su-34”, “Tavrida Qanadları” qrupu “Yak-130” təyyarələrində, “Berkut” qrupu isə “Mi-28N” helikopterində nümayiş uçuşları həyata keçirir.

Qırıcı aviasiyanın əsasını təxminən 360 ədəd “Su-27”, 225 ədəd “MiQ-29” və 140 ədəd “MiQ-31” təyyarələri təşkil edir. Hazırda “MiQ-31” qırıcısının modernləşdirməsi aparılır, bu təyyarələrin bəzilərinin isə “Kinjal” raketlərinin daşıyıcısı kimi istifadə edilməsi planlaşdırılır.

111 ədəd “Su-24” cəbhə bombardmançı təyyarəsi və 200-ə yaxın “Su-25” hücum təyyarəsi də aktiv istismardadır.

Hərbi nəqliyyat aviasiyası “İl-76MD-90A”, “İl-75MD”, “An-22”, “An-26”, “An-124” və digər vasitələrdən istifadə edir.

Təlim məqsədilə yerli “Yak-130Yu” və “Tu-134UBL” ilə bərabər Çexiyanın L-39 “Albatros” təlim təyyarələrinə üstünlük verilir.

Dəniz və ordu aviasiya parkında isə “Ka-50”, “Ka-226”, “Ka- 25”, “Mi-26”, “Ansat” kimi helikopterlər yer alır.

Rusiyanın hərbi aviasiya parkında bu gün 5-ci nəsilə aid təyyarələr mövcud deyil. 4+ və 4++ nəsil təyyarələrə gəlincə bu gün Rusiyada 80 ədəd “Su 30” və 48 ədəd “Su 35”, həmçinin 75 ədəd “Su 34” cəbhə bombardmançıları mövcuddur. “MiQ-35” isə cəmi 3 ədəd istehsal edilib. Ordu aviasiyasının texnika parkı isə kifayət qədər köhnəlib. Burada 620 ədəd “Mi-24” döyüş, 570-ə yaxın “Mi-8” zərbə-nəqliyyat helikopteri mövcuddur.

Rusiyanın aviasiya istehsal potensialı

SSRİ-nin dağılması ilə ölkənin döyüş təyyarələri parkının əhəmiyyətli bir hissəsi, geri qaytarılması və bərpası mümkün olmayan bir şəkildə itirildi. Sovet İttifaqının Hərbi Hava Qüvvələrinin silahlanmasında müxtəlif məqsədlər üçün nəzərdə tutulan 15 minə yaxın döyüş təyyarəsi mövcud idi. Təbii ki, bu vasitələrin bir hissəsi köhnə vasitələr idi, lakin onların döyüşə hazırlıq faizi 70%-dən aşağı olmurdu. 80-ci illərin sonlarında SSRİ artıq 4-cü nəsil qırıcılara malik idi.

SSRİ-nin xələfi olan Rusiya tərəfi bu nəhəng aviasiya parkını nə qoruya bildi, nə də inkişaf etdirməyə imkanı çatdı. Ən faciəlisi isə odur ki, SSRİ-nin və keçmiş sosialist blokunun süqutu nəticəsində Sovet dövründə çox yaxşı təşkil edilən hərbi sənaye kompleksi parçalandı. Buna görə də indi Rusiyada təyyarə parkının yenilənməsi problemə çevrilib. Rusiya ərazisindəki müdafiə sənaye müəssisələri və dizayn bürosu 30 ilə yaxındır ki, Yeltsin dövrünün dağıdıcı təsirindən qurtula bilmir.

90-cı illərdən sonra demək olar ki, Rusiyada yeni nəsil vasitələrə aid heç bir yeni layihələr məntiqi sonluğuna çatdırıla bilmir, bir çox unikal sovet layihələri isə hansısa yollarla xarici ölkələrdə peyda olur. Bunun səbəblərindən biri də böyük özəl müdafiə sənaye şirkətlərinin yaradılmamasıdır.

Beyin axını isə gələcəkdə müasir tələblərə cavab verən aviasiya vasitələrinin yaradılmasına imkan vermədi. Beləliklə, Rusiya hərbi aviasiya sənayesi 30 ilə yaxın müddət ərzində Sovetdən qalma 4-cü nəsildən 5-ci nəsilə keçid edə bilmir.

İlk 5-ci nəsil sovet/rus layihəsi “MiQ MFI” adlanırdı. Onun ilkin dizaynı 1991-ci ildə qəbul edilmişdi. Sovetlər Birliyinin dağılması onsuz da Qərdən geri qalan 5-ci nəsil proqramını ləngitdi və ilk prototip yalnız 2000-ci ildə uçdu. Lakin bu qırıcı qərb dövlətlərində heç bir təəssürat yaratmadı. Çünki ciddi qəbul edilməyən qırıcının perspektivləri çox qeyri-müəyyən idi, müvafiq radarların sınanması və müasir mühərriklərin normal vəziyyətə gətirilməsi isə mümkün görünmürdü. “MiQ” vizual olaraq da stels maşınlarına aid edilə bilməzdi: ön üfuqi pərlərin istifadəsi, şaquli quyruğun geniş tətbiqi, daxili silah bölmələrinin olmaması və s. buna imkan vermirdi. Bütün bunlar, yeni təyyarənin yalnız prototip olduğunu və həqiqi 5-ci nəsil ilə əlaqəsinin olmadığını göstərirdi.

Sonra isə 2010-cu ildə 5-ci nəsilə aid “Su-57” layihəsinə başlandı. 2018-ci ildə silahlanmaya qəbul edilməli olan qırıcı hələ də seriya istehsalına keçə bilmir. Bunun səbəblərini araşdırdıqda məlum olur ki, 5-ci nəsilə qarşı irəli sürülən bir çox vacib xüsusiyyətlər “Su-57” tərəfindən əldə olunmayıb, bu istiqamətdə bir çox fəaliyyətlər hələ də həyata keçirilir.

“Su-57” qırıcısının mühərriki hələ də kreyser sürətində forsajsız səsdən yüksək sürəti əldə edə bilmir, müasir RLS, çoxfunksiyalılıq, stels texnologiyanın əldə edilməsi illərdir həllini tapa bilmir, dəbilqələr 5-ci nəsil üçün uyğun gəlmir və s.

Bunlardan başqa bir çox hədəflənən texniki göstəriciləri əldə edə bilmədiyinə görə layihə Hindistan kimi nəhəng hərbi aviasiya bazarını itirdi, bu isə “Su-57” qırıcısının bundan sonrakı dövrdə ciddi maliyyə problemləri ilə qarşılaşacağını qaçılmaz edir.

Hər il dövlət sınaqlarının başa çatacağı vəd edilən 5-ci nəsil “Su-57” qırıcılarının HHQ tərəfindən alınacaq sayı 76-ya qədər azaldılıb. Bu təyyarənin silahlanmaya qəbulu ən geci 2028-ci ilədək başa çatmalıdır. Lakin son sınaqlarda baş verən qəzada prototipin birinin məhv olması, bu müddətin təxirə salınmasına səbəb ola bilər. Bu qəza hadisəsi qırıcının taleyində çox vacib rol oynacaq. Bir tərəfdən bu Rusiya təyyarələrinin ixrac potensialına ciddi zərbə oldu, digər tərəfdən isə Çin, Hindistan, Əlcəzair, Türkiyə və s. kimi potensial müştərilərin Rusiya qırıcılarının alınmasında tərəddüdlərini təsdiqlədi. Bu hadisənin bir müsbət cəhəti də o oldu ki, hava döyüşü zamanı qırıcının məğlub edilməsinə səbəb ola biləcək çatışmazlıqların əvvəlcədən aradan qaldırılmasına imkan yaratdı.

Bütün bunlar o demək deyil ki, Rusiya aviasiya sənyesi tam durğunluq vəziyyətindədir. Təbii ki, tələb olunan həcmdə olmasa da, bəzi aviasiya vasitələri istehsal edilir, bəziləri isə modernləşdirilir.

Rusiyada az miqdarda “İl-76MD-90A” ağır hərbi nəqliyyat vasitəsi kütləvi istehsal olunur. Yeni çoxfunksiyalı “MiQ-35” qırıcıları da məhdud sayda HHQ-yə çatdırılıb, lakin cəmi 3 ədəd olan təyyarələrin istifadəsinə aid məlumat yoxdur. Qərb Hərbi Dairəsinin qırıcı alayının bir eskadrilyası da “Su-35S” ilə təmin olunub. “Su-34” cəbhə bombardmançıları da HHQ-yə verilən yeni aviasiya vasitələri arasındadır.

Silahlanmaya qəbul edilən yeni helikopterlər də çox deyil. Son 6 ildə az sayda “Mi-35” (əslində “Mi-24” versiyasıdır), “Mi-8AMTŞ” və “Mi-8MTV5-1” helikopterlər ilə bərabər təxminən 100 ədəd “Ka-52” və eyni sayda “Mi- 28” helikopterləri artıq istismara verilib.

Statistikaya diqqət etdikdə, yeni helikopterlərin istehsalı qırıcılarla müqayisədə qismən qənaətbəxş görünür. Lakin helikopter istehsalının həcminin də təyyarə istehsalı həcmi kimi olmasa da, ən azı versiyalara görə 2-3 dəfə azalması, potensial müştərilərin digər istehsalçı ölkələrə istiqamətlənməsinə səbəb olur.

Rusiyada qəbul edilən dövlət müdafiə sifarişləri proqramında hər il 100 ədəddən çox döyüş təyyarəsinin HHQ-yə təhvil verilməsi nəzərdə tutulsa da, bu həcm ildə 50 ədədi keçmir. Rəsmi mənbələrə görə, əvvəllər hər il sənayedən 80-90 yeni helikopter təhvil verildiyi halda, mövcud tədarük həcmi 30 ədədə qədər azalıb. Bundan əlavə Rusiya Müdafiə Nazirliyi 20 ildir ki, hazırlanan “İl-112V” yüngül hərbi nəqliyyat vasitəsinin texniki şərtlərə uyğun olmadığına və texniki uçuş xüsusiyyətlərindən narazı qaldığına görə, onları almaqdan da imtina edib.

Rusiya sənayesi Cənub-Şərqi Asiya bazarı üçün əldə etdiyi sifarişlərin yerinə yetirilməsində də ciddi problemlərlə qarşılaşır. Sanksiyalar ucbatından müdafiə sənaye şirkətlərinin istehal edə bilmədiyi hərbi və ya ikili təyinatlı komponentlərin əldə edilməsi üçün Rusiya adekvat tərəfdaşlar axtarmaq məcburiyyətində qalıb.

Bütün bunlar layihələrin həyata keçirilməsində ləngimələrə və istehsalın azalmasına səbəb olur. Rusiyada əvvəlki iki il ərzində “Proton” raketinin istehsalı, mühərriklərdə yaranan problem səbəbindən demək olar ki, tamamilə dondurulub.

Rusiya aviasiyasının döyüş tətbiqi

Sovet HHQ-si iki Dünya Müharibəsində və bir çox digər münaqişələrdə ciddi döyüş təcrübəsi əldə etmişdi. Rusiya pilotları isə son 30 ildə yalnız Gürcüstanda və Suriyada həyata keçirilən hava əməliyyatlarında iştirak ediblər. Gürcüstan müharibəsi Rusiya aviasiyasının ciddi itkiləri ilə müşayiət olundu. Gürcüstan tərəfinin məlumatına görə, 5 günlük müharibədə Rusiya HHQ-si 18 ədəd, Moskvanın məlumatına görə isə 6 ədəd döyüş vasitəsini itirib, 4 ədədi isə ağır zədələnsə də aerodroma qədər uça bilib. Rusiya tərəfi bəzi döyüş təyyarələrinin öz bölmələri tərəfindən məhv edildiyini gizlətmir.

Rusiya təyyarələrinin ən azı yarısının “dost atəş”indən itirilməsinin rəsmi qaynaqlar tərəfindən verilməməsi, təbii ki, Kreml üçün xoşagəlməz sürpriz olduğundan təsdiqlənmir. Lakin ayrı-ayrı mənbələr, faktlar və fotolar bunu iddia etməyə tam əsas verir. Bu xoşagəlməz faktlar Rusiya Silahlı Qüvvələrinin döyüş bölgəsindəki qoşunlarında koordinasiya və idarəetmə ilə bağlı ciddi problemlərinin olduğunu, Quru Qoşunları ilə Hərbi Hava Qüvvələri arasında qarşılıqlı əlaqənin praktiki olaraq yaradılmadığını nümayiş etdirdi.

Gürcüstan tərəfinin məhv etdiyi təyyarələrə qarşı İsrailin “Spyder-SR” HHM kompleksindən və DZRK-dan istifadə edildiyi ehtimal edilir. Həmin dövrdəki Gürcüstan HHM sisteminin real imkanlarını nəzərə alsaq, hətta Kremlin etiraf etdiyi 6 ədəd döyüş təyyrəsinin itkisi və 4 ədədinin zədələnməsi belə qısa müddət üçün kifayət qədər böyük itki hesab edilir. Gürcüstan HHM sisteminin müasir tələblərə cavab verəcəyi halda Rusiya HHQ-sinin itkilərini təsəvvür etmək isə çətin deyil.

Suriyada əldə edilən təcrübəni isə tamamilə döyüş təcrübəsi adlandırmaq olmaz. Çünki burada Rusiya təyyarələrinə qarşı nə rəqib aviasiyasının, nə müasir HHM, nə də REM vasitələrinin aktiv müdaxilələri mövcud deyildi. Suriyadakı əməliyyatları sadəcə “digər aviabazada yerləşmə və rəqiblə kontakt olmadan döyüş sursatlarından istifadə təcrübəsi” adlandırmaq daha doğru olardı. Digər tərəfdən isə Suriyadakı əməliyyatlarda düşmənlə təmas olmadan belə bir çox döyüş vasitələri, o cümlədən “Su-30” təyyarələri qaytarılmaz itkilər siyahısına daxil edilib. “Dost Suriya” atəşindən də Rusiya təyyarəsi məhv edilib.

ABŞ Hərbi Hava Qüvvələrinin quruluşu

1907-ci ildə yaranan ABŞ HHQ-nin tərkibinə aşağıdakı qurumlar daxildir:

- Strateji raket qoşunları;
- Hərbi kosmik qüvvələr;
- HHM və REM qüvvələri;
- Xüsusi təyinatlı hissələr.

ABŞ Hərbi Hava Qüvvələrinin təşkilati strukturu HHQ qərargahından, 11 komandanlıqdan, komandanlıq hüquqlarına malik 27 agentlikdən, 17 idarədən, 7 mərkəzdən və 3 mərkəz tabeliyində olan təşkilatdan ibarətdir.

Hərbi Hava Qüvvələrinin əsas döyüş gücünü təmin edən 11 komandanlıq aşağıdakılardır:

- tabeliyində 1, 8, 9, 12, 24-cü hava orduları və Hərbi Hava Qüvvələrinin Döyüş Tətbiqi Mərkəzi olan Döyüş Aviasiya Komandanlığı;
- tabeliyində 2-ci texniki təlim ordusu, 19-cu uçuş hazırlığı ordusu, Hərbi Hava Qüvvələri Universiteti, Hərbi Hava Qüvvələrinin işə qəbul xidməti və ayrı-ayrı bölmələrə daxil olan Aviasiya Təlim Komandanlığı;
- tərkibində 18-ci hava ordusu və Ekspedisiya Elmi Tədris Mərkəzi olan Hava Daşınma Komandanlığı;
- istehsal, tədqiqat və logistika mərkəzlərini əhatə edən Maddi Texniki Təminat Komandanlığı;
- 4, 10 və 22-ci hava ordularını tərkibində birləşdirən Hərbi Hava Qüvvələrinin Ehtiyat Komandanlığı;
- tərkibinə 5-ci (Yaponiya), 7-ci (Koreya Respublikası), 11-ci (Alyaska) və 13-cü (Havay) hava orduları daxil olan Sakit Okean Hərbi Hava QüvvələriKomandanlığı;
- özündə 3-cü və 17-ci hava ordularını birləşdirən Avropa və Afrikadakı Hərbi Hava Qüvvələri Komandanlığı;
- 23-cü hava ordusundan ibarət Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı;
- Milli Qvardiyanın Hərbi Hava Qüvvələri;
- HHQ-nin Rabitə və Komunnikasiya Komandanlığı;
- strateji nüvə qüvvələri ilə bərabər strateji bombardmançı və qitələrarası ballistik raketlərə malik olan 8 və 20-ci hava ordularını özündə birləşdirən Qlobal Zərbələr Komandanlığı.

ABŞ ordusu istənilən düşmənə qarşı həm havada, həm də quruda döyüş əməliyyatları keçirə bilər. Hərbi aviasiya yarandıqdan sonra ABŞ ordusu bir dəfə də olsun hava üstünlüyünü təmin etmədən quru əməliyyatları keçirməyib. Göründüyü kimi, oxşar bir tendensiya yaxın gələcəkdə də davam edəcək, çünki bu gün ABŞ Hərbi Hava Qüvvələrinə meydan oxuya biləcək bir qüvvə hələ mövcud deyil.

Hərbi Hava Qüvvələrinin qərargahına HHQ komandanlıqları və birbaşa tabelikdə olan hissə və bölmələr daxildir.

Hərbi Hava Qüvvələrinin komandanlığına hava orduları, əlahiddə aviaqanadlar və digər hissələr tabedir.

Aviaqanadlar hər biri bir neçə eskadrilyadan ibarət döyüş, texniki, arxa cəbhə təminatı və tibbi bölmələrdən ibarətdir.

ABŞ HHQ-si dünyada ən geniş ştat strukturuna malikdir. 320000 nəfər şəxsi heyətə malik qurum Koreya müharibəsindən sonra dünyada baş verən müharibə və münaqişələrin, həmçinin sülhməramlı əməliyyatların əksəriyyətində aktiv iştirak etməklə dünyanın ən təcrübəli pilot heyətini özündə birləşdirir.

ABŞ HHQ-nin silahlanması və döyüş təcrübəsi

ABŞ beynəlxalq müqaviləyə görə Avropada 784 ədəd döyüş təyyarəsi və 396 ədəd zərbə helikopteri saxlaya bilər. Hazırda isə silahlanmasında 4093 pilotlu aviasiya vasitəsi və 2000-dən çox hava tipli qanadlı raketləri mövcuddur.

ABŞ HHQ-nin silahlanmasında aşağıdakı aviasiya vasitələrindən geniş istifadə edilir:

- A-10, AC-130 hücum aviasiya təyyarələri;
- B-1B, B-2, B-52H bombardmançıları;
- F-15C, F-15E, F-16, F-22, F-35 qırıcıları;
- E-3, E-8, EC-130 erkən xəbərdarlıq və REM vasitələri;
- UH-1N, UH-60 helikopterləri;
- U-2, RC-135 kəşfiyyat vasitələri;
- T-1, T-6, T-38, TG-10 təlim təyyarələri;
- C-5, C-9, C-12, C-17, C-21, C-32, C-37, C-40, C-130, C-135, KC -10, KC-135, VC-25 nəqliyyat təyyarələri.

“FlightGlobal.com” portalının “Dünya Hava Qüvvələrinin 2019-cu il üçün Hesabatı”ndan görünür ki, dünyanın ən böyük hərbi aviasiya parkına 2826 ədəd döyüş təyyarəsi ilə ABŞ malikdir. Podiumun ikinci pilləsini 1624 ədəd ilə Çin, üçüncü yerdə isə 1591 döyüş təyyarəsi ilə Rusiya tutub. Rusiyanın ikinci pilləni 33 ədəd təyyarə fərqi ilə Çinə verməsi də diqqətçəkən məqamdır.

Digər tərəfdən isə ABŞ və Çindən fərqli olaraq Rusiyanın həm 5-ci nəsil qırıcıya, həm də stels bombardmançılara malik olmaması, kəmiyyət ilə bərabər keyfiyyət fərqi də yaradır. Planetin əksər hərbi əməliyyatlarında iştirak edən ABŞ HHQ və HDQ-si, döyüş təcrübəsinə və təchizatına görə dünyada birinci yerdədir. ABŞ dünyada 5-ci nəsil qırıcılara malik olmaqdan başqa, onların müttəfiqləri ilə bərabər bir neçə döyüş əməliyyatlarında istifadə təcrübəsinə də malik olan yeganə ölkədir. Bu fakt artıq digər arqumentlərin sadalanması zərurətini aradan qaldırır.

ABŞ-ın aviasiya istehsal potensialı

Keçən əsrin 60-cı illərində ABŞ 4-cü nəsil qırıcıların inkişafına başladı, bu sinif təyyarənin ilk nümayəndəsi hələ də aktiv istifadədə olan F-15 qırıcılarıdır. Az sonra uzun illər ABŞ qırıcı parkının əsasını təşkil edəcək F-16 “Falcon” qırıcısı üzərində işlər tamamlandı. ABŞ hələ də bir çox müttəfiq ölkələrə aviasiya vasitələrinin, o cümlədən F-16 qırıcılarının tədarükünü həyata keçirir.

1970-ci illərdə ABŞ kompaniyaları düşmənin aşkarlama və REM sistemlərinə görünməz olan stels təyyarələrin yaradılmasında ciddi nailiyyətlər əldə etdi. Bu fəaliyyətlər nəticəsində F-117 “Nighthawk”, B-2 “Spirit” bombardmançıları, daha sonra isə 5-ci nəsil qırıcılar yaradıldı. Nəzərə alsaq ki, dünyada ilk 5-ci nəsil qırıcılar ABŞ-da istehsal edilərək hələ 12 il əvvəl silahlanmaya qəbul edilib, ardınca ikinci 5-ci nəsil qırıcısı da onlara məxsusdur, 6-cı nəsilə aid bir neçə layihə paralel həyata keçirilir, həmçinin yalnız bir sənaye şirkətinin kapital dövriyyəsi Rusiyanın hərbi büdcəsindən geri qalmır, o zaman ABŞ-ın aviasiya istehsal potensialını nəinki Rusiya ilə, heç bir ölkə ilə müqayisə etmək doğru olmazdı. Artıq ABŞ-da 5-ci nəsil proqramı nisbətən keçmiş mərhələ hesab olunduğundan, Sizə birbaşa 6-cı nəsil barədə məlumat verəcəyik.

ABŞ-ın 6-cı nəsil layihələri

Hazırda az sayda aparıcı ölkələr 5-ci nəsil qırıcıların inkişafı və ya istehsalı ilə məşğul olduğu halda, ABŞ kompaniyaları artıq növbəti 6-cı nəslə aid edilə biləcək prinsipial yeni vasitələrin yaradılması üzərində çalışır. Böyük Britaniya, Almaniya və Fransa kimi Avropa dövlətləri də 6-cı nəsil qırıcıların yaradılması ilə məşğul olur, lakin hələlik yalnız ABŞ-da bəzi real nəticələr əldə olunub. Son məlumatlara görə, Pentaqon həm HHQ, həm də HDQ üçün iki 6-cı nəsil qırıcının birdən hazırlamaq niyyətindədir. “Boeing” kompaniyasının inkişaf etdirdiyi HHQ layihəsi F-X, HDQ layihəsi isə F/A-XX adlanır. Yəqin ki, F-16 və F/A-18, və ya F-35 versiyalarında olduğu kimi, hər iki nümunə ümumi ideyalara əsaslanacaq və bəzi ümumi detallardan da istifadə ediləcək.

Gələcək 6-cı nəsil qırıcının mümkün inkişafı ilə bağlı ilk açıqlamalar 2009-cu ildə verildi. ABŞ-da 6-cı nəsil qırıcılar üzərində aparılan bütün fəaliyyətlərin DARPA Perspektiv İnkişaf Agentliyinın nəzarəti altında həyata keçirildiyi məlum oldu.

2016-cı ildə ABŞ-ın Hərbi Hava Qüvvələri üçün F-X qırıcısı yaratmağı hədəfləyən “Penetrating Counter Air” (PCA) proqramına başlandı. Onun əsas vəzifəsi zəruri araşdırmaları həyata keçirmək və təyyarənin optimal görünüşünü müəyyənləşdirməkdən ibarət idi. Qırıcıların konseptual dizaynları artıq formalaşıb, 2030-cu ilə qədər kütləvi istehsalına başlana bilər. F-X layihəsi, mövcud “F” qırıcı ailəsinin modellərini tamamlaya və ya onları əvəz edə bilən çoxfunksiyalı qırıcının yaradılmasını təmin etməlidir.

Yeni qırıcılar havada üstünlük qazanmaq vəzifələrini həll etməli, zərbə məqsədli aviasiya maşınlarını müşayiət etməli və yerüstü hədəflər ilə müstəqil mübarizə aparmalıdır. Maksimum döyüş effektivliyini əldə etmək üçün yüksək uçuş xüsusiyyətləri təmin olunmalıdır. Xüsusilə uçuş məsafəsi artırıla bilər ki, bu da aerodromların və yanacaq dolduranların məhv edilməsi şəraitində vəzifələri icra etməyə imkan verəcək. Ən müasir radar sistemləri üçün görünməni daha da azaltmaq üçün tədbirlər görülür. F-X-in yükgötürmə qabiliyyəti mövcud təyyarələrdən üstün olmalıdır.

“Next Generation Air Dominance” (NGAD) proqramı üzrə hazırlanan F/A-XX qırıcısı, yerinə yetirəcəyi vəzifələr baxımından PCA-nın F-X qırıcısına bənzəyəcək, lakin aviadaşıyıcıya yerləşdirilən versiya xüsusi tələblərə də uyğunlaşdırılmalıdır.

Əvvəla, qırıcı aerofinişerdən istifadə edərək göyərtəyə enməyi təmin edən daha möhkəm korpusa və şassiyə malik olmalıdır, həmçinin bort avadanlıqlarının, silah kompleksinin, rabitə və müşahidə cihazlarının fərqli və üstün versiyalarının tətbiqi tələb edilə bilər.

DARPA və əlaqəli kompaniyalar layihələr üzərində fasiləsiz çalışsa da, araşdırmalarının nəticələrini bölüşməyə tələsmirlər. Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin nümayəndələri yeni qırıcılarla bağlı zaman-zaman istək və fikirlərini ortaya qoyurlar, lakin tədqiqatçılar hələ ki, bu barədə susmağa üstünlük verirlər.

Məlumatların qıt olmasına baxmayaraq, 6-cı nəsil qırıcılarda bütün əsas taktiki və texniki xüsusiyyətlərin artması gözləniləndir. Qırıcıda hipersəs sürətin əldə edilməsi, daha çox kütlədə və daha effektiv silahların daşınması (lazer silahları da istisna deyil), uçuş məsafəsi və hündürlüyünün artırılması imkanları ciddi şəkildə müzakirə olunur.

Əvvəlki nəsillər kimi, 6-cı nəsil də aşkarlama vasitələri üçün görünmə qabiliyyətini azaltmağa yönələn, lakin yeni prinsiplərə əsaslanan texnologiyalardan istifadə edəcək. Əsas problemlərdən biri isə yüksək sürət nəticəsində yaranan anormal temperatur ilə mübarizə aparmaq olacaq.

Ən əhəmiyyətli dəyişikliklər avionika sahəsində gözlənilir. Proseslərin maksimum avtomatlaşdırılmasından, yeni AFAR-a malik RLS-dən və süni zəkadan istifadə etmək təklif olunur. Tapşırıqdan asılı olaraq yeni nəsil qırıcı, pilot tərəfindən kabindən və ya yerüstü idarəetmə məntəqəsindəki operator tərəfindən idarə oluna biləcək. 6-cı nəsil ABŞ təyyarələri həm müstəqil, həm də ekipaja malik idarəetmə qırıcısı ilə birlikdə vəzifələrini icra edə biləcək. Təyyarədə pilotun olmaması, əsas meyarlarından biri kimi digər 6-cı nəsil Avropa layihələri üçün də təklif edilib.
Hazırda ABŞ-da bir neçə digər layihə üzərində paralel çalışmalar davam edir. “Boeing” 2009-cu ildə Hərbi Dəniz Qüvvələrində istifadəyə uyğun olan, 2011 və 2013-cü illərdə isə həm HHQ, həm də HDQ üçün universal 6-cı nəsil qırıcı konseptlərini təklif edib.

2012-ci ildə isə “Lockheed Martin” özünün 6-cı nəsil versiyasını təqdim etdi. Yeni konsepsiyanın ən yüksək uçuş və döyüş keyfiyyətlərini təmin edə bilən, tamamilə yeni bir hava vasitəsinin yaradılmasını təmin etdiyi iddia olunur. İstehsalçının təklif etdiyi və indiyə qədər heç duyulmayan “özünü təmir” funksiyası isə bu sahənin mütəxəssislərini belə təəccübləndirir.

2015-ci ildə “Northrop Grumman” kompaniyası da yeni proqramda iştirak etmək niyyətini açıqladı. Onun konsepsiya layihəsi digər şirkətlərin təkliflərindən çox fərqlənmir və təxminən eyni xüsusiyyətlərə malikdir.

Dünyanın aviasiya sənayesi nəhənglərinin ABŞ Ordusu üçün 6-cı nəsil qırıcı yaratmaq sahəsində rəqabət aparması, yaxın illərdə prototiplərin təqdim ediləcəyini ehtimal etməyə əsas verir.

DARPA mütəxəssisləri 2 il ərzində təyyarə istehsal edən şirkətlərin fəaliyyətlərini araşdırıb gələcək F-X və F/A-XX qırıcıları üçün texniki tələbləri formalaşdıracaq. Yalnız bundan sonra Pentaqon real layihənin hazırlanması üçün tender elan edəcək. ABŞ-ın ilk 6-cı nəsil qırıcısının 2025-ci ildən sonra ilk uçuşunu yerinə yetirə biləcəyi isə ən cəsarətli ehtimallar arasında yer almaqdadır.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   HHQ  

Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - I YAZI

2020/02/su-30-1581680743.jpg
Oxunub: 3552     15:56     14 Fevral 2020    