Ursula fon der Lyayen Rusiyanın təzyiqləri fonunda Ermənistana 50 milyon avrodan çox yardım vəd edir

2025/09/1758643736.jpg
Oxunub: 277     14:08     04 İyun 2026    
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Rusiyanın Ermənistana təzyiqlərini və Avropa İttifaqının dəstəyini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Rusiyanın Ermənistandan idxal olunan bir sıra məhsullara, xüsusilə meyvə, tərəvəz, gül və konyak məhsullarına tətbiq etdiyi məhdudiyyətlər müzakirə olunub.

Fon der Lyayen Moskvanın bu addımlarını “iqtisadi məcburetmə” adlandıraraq qəbuledilməz hesab etdiyini bildirib.

“Erməni məhsullarının ixracına qoyulan məhdudiyyətləri genişləndirməklə Moskva iqtisadi münasibətlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edir. Biz bu yanaşmanı yaxşı tanıyırıq. Məhz buna görə Avropa Ermənistanın yanında möhkəm dayanır”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.

O həmçinin Avropa İttifaqının Ermənistana 50 milyon avrodan çox təcili maliyyə yardımı təqdim edəcəyini açıqlayıb.

Fon der Lyayenin sözlərinə görə, dəstək bununla məhdudlaşmayacaq və bəzi erməni məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ticarətinin asanlaşdırılması istiqamətində də addımlar atılacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Ermənistan    


Bizi "telegram"da izləyin