Gələcəyə "relsotron" baxış: Türkiyənin milli elektromaqnit silahı – TUFAN

2018/05/24_1527597198.jpg
Oxunub: 9043     16:29     29 May 2018    
Elektromaqnit silahlarının tarixi 19-cu əsrin ortalarına aiddir. 1845-ci ildə ilk dəfə olaraq fransız mühəndisləri elektromaqnit silahları sınaqdan keçirdilər, lakin nəticə əldə edə bilmədilər.


Birinci Dünya Müharibəsi zamanı fransızların, İkinci Dünya Müharibəsində isə almanların bu sahədə çalışmaları da uğursuz oldu. 1990-cı illərdə amerikalılar bu sahədə ciddi addımlar atdılar və 2000-ci ilin əvvəllərində ilk istifadə olunan elektromaqnit topunun prototiplərini hazırlamağa başladılar.

Ötən günlərdə Türkiyədə "relsotron" adlanan elektromaqnit silahının növbəti sınaqları keçirilib.

"Hazırda ölkə yeni fiziki prinsiplərə əsaslanaraq inşa edilən silahın səhra sınaqlarına hazırlıq gedir", - deyə Türkiyənin texniki elmlər doktoru, professor İsmayıl Dəmir "Twitter" şəhifəsində xəbər verib.


Son zamanlarda dünyada bu tip silahlara artan maraq gec-tez nəticələrə səbəb olmalı idi. Bu silahların inkişafı üzərində ABŞ, Çin, Rusiya və Hindistan da fəal şəkildə işləyir. Təhdidlərin artan silsiləsinin qarşısını almaq üçün Türkiyə müdafiə sənayesi Silahlı Qüvvələrin imkanlarını artırmaq məqsədilə davamlı olaraq yeni layıhələrə imza atır.

Türkiyənin yeni elektromaqnit topunun sınaqları haqqında yayımlanan videomaterialda əyani olaraq silahdan buraxılan boş sursatın 75 mm-lik zirehi dəlib digər tərəfə keçməsi nümayiş olunub. Hazırda ölkənin müdafiə müəssisələri gələcəkdə atıcı silahların müəyyən növlərini əvəz edəcək elektromaqnit silahların yaradılması üzərində çalışmalarını davam etdirir. Yeni elektromaqnit silah növünə "relsotron" (railgun) deyilir. Bu silahların yaradılması istiqamətində qlobal silah bazarında aparıcı mövqe tutan ölkələr son bir neçə il ərzində fəal surətdə çalışırlar. Türkiyədə öz elektromaqnit silahını sınaqdan keçirir.


"Relsotron" və ya elektromaqnit top, əslində fiziki prinsiplərə əsaslanan yeni silah növüdür. İlk növbədə qeyd edək ki, bu, on kiloqrama qədər ağırlığında olan boş mərmini saatda bir neçə min kilometr saat sürətə çatdırmağa qadir olan çox güclü kinetik bir silahdır. Eyni zamanda belə sursatın atəş məsafəsi bir neçə yüz kilometrdən çox ola bilər. Bu sursatlar böyük bir gəmiyə ciddi şəkildə zərər verə bilmək, təyyarə və ya raketləri uğurla ələ keçirmək üçün kifayət edir. Belə bir sursatın hədəflə görüşməsi effekti, kiçik bir meteoritin yerlə görüşməsi ilə müqayisə olunur.


İstənilən "relsotron"un quruluşu üç əsas hissəni: iki ədəd elektrik keçirici relsləri, mərmini və sabit cərəyanlı enerji mənbəyini özündə birləşdirən kütlənin elektromaqnit sürətləndiricisindən ibarətdir. Mərmi daim sabit cərəyan axan iki paralel elektrodlar üzərində yerləşir, yaradılan yüksək elektromaqnit impuls sayəsində sürətlənir. Hazırda Türkiyəli istehsalçılar hərbçilərin tələb etdikləri parametrləri əldə edə biliblər.

Türkiyə ilə yanaşı ABŞ və Çin də belə qurğuların artıq dəniz versiyalarını sınaqdan keçirirlər. Bu layihələrin praktiki texniki-iqtisadi əsaslandırması tam təsdiqini tapıb. Artıq yaxın gələcəkdə Türkiyədə və digər inkişaf etmiş ölkələrin ordularında elektromaqnit silahları müşahidə edə biləcəyik. Eyni zamanda, daha çox ölkələrin elektromaqnit silahların istehsalına başlayacaqları şübhəsizdir. Çünki, yaradılan hər bir yeni silah sistemləri silahlanmaya qəbul edilib-edilməməsindən asılı olmayaraq elmin inkişafına səbəb olur.


1980-ci illərin əvvəllərindən gələcək silahlar kontekstində nəzərdən keçirilən elektromaqnit silah artıq planlanan inkişafların mühüm tərkib hissəsidir. Hərbçilər tərəfindən keçirilən təhlillər üstün effektivliyə malik daha uzaq məsafəli yeni silah sistemləri yaratmaq zərurətini ortaya çıxardı. Adi metodla idarə olunan artilleriya silahları tezliklə özünün fəaliyyət sərhədlərini əldə edəcək. Bütün əməliyyat parametrlərinin optimallaşdırılması və təkmilləşdirilməsi yolu ilə mövcud artilleriya sistemlərinin mərmi enerjisini bir qədər də artırmaq mümkün olacaq, lakin onsuz da yüksək taktiki texniki və fiziki göstəricilər lap yaxınlarda öz maksimum sərhədlərinə yetişəcək. Bununla yanaşı mərminin elektromaqnit qüvvəsinin əsasını təşkil edən fizika qanunları, bu sistemlərdən istifadə ediləcək mərmilərin daha yüksək sürət göstəriciləri əldə etməsinə imkan yaradır. Bir sözlə, ənənəvi atıcı və artilleriya sistemlərinin imkanlarının tükəndiyi bir vaxtda elektromaqnit sistemlərin geniş imkanları sonuncunun parlaq gələcəyindən xəbər verir. Digər tərəfdən, elekrtomaqnit relslərinin ənənəvi artilleriya toplarının lülələrindən daha üzünömürlü olacağı da şübhəsizdir.


Hesablamalara görə, son 20 ildə ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya elektromaqnit silah sistemlərinin yaradılması istiqamətində aparılan tədqiqatlara beş milyard dollardan çox vəsait sərf edib. Türkiyə isə bu sahədə çalışmalarına nisbətən gec başlayıb. Lakin türkiyəli mühəndisləri artıq 2013-cü ildə elektromaqnit silahının prototipini yaradıblar. Yeni silah sistemi minlərlə müxtəlif sınaqlardan keçirilib.

2013-cü ildə ilk dəfə təqdim edilən Türkiyənin ilk elektromaqnit topu, ASELSAN şirkətinin mühəndisləri tərəfindən yaradılıb. 2017-ci ildə İstanbulda reallaşan "IDEF-2017" sərgisində ASELSAN şirkəti yeni elektromaqnit topunu TUFAN adı altında ictimaiyyətə təqdim edib. İstehsalçı şirkətin nümayəndələri onun hazırlanması üçün məlumatları və texniki göstəriciləri açıqlamır.


Təqdim edilən videodan məlim olur ki, TUFAN qüllə qurğusu 3 müxtəlif variantda hazırlanır: sabit, daşınan və dəniz bazalı. Sonuncu dəniz versiyasının, 2023-cü ilə qədər HDQ-nin sıralarına daxil olacaq Türkiyənin TF- 2000 freqatlarının silahlanmasına qəbul ediləcəyi məlumdur. Həmin videoda elektromaqnit topun yerüstü hədəflərə və PUA-lara qarşı yüksək mübarizə imkanları da nümayiş etdirilib. "Relsotron"un yaxınlığında istifadə edilən mərmi və onun dəlib keçdiyi polad zireh də diqqəti cəlb edir.


TUFAN sistemi, iki metal rels arasında yaranan elektromaqnit sahəsi sayəsində metal obyektin ortada sürətlə hərəkət etmə prinsipinə uyğun olaraq fəaliyyət göstərir. İki metal rels paralel olaraq yerləşdirilir və onlara müxtəlif amperli cərəyan axını verilir. Yüksək cərəyan axınının relslər arasında yaratdığı mövcud maqnetik sahə, ortadakı mərmini yüksək sürətlə tuşlanan istiqamətə atır. Bu sürət, amerikalılar tərəfindən hazırlanan prototip modellərində 7000 km/s-ə qədərdir. Bu isə 2000 m/saniyədən yüksək sürət deməkdir. Türkiyəli mühəndislər isə 2060 m/saniyə sürət əldə ediblər.

Sürətin həqiqətən yüksək olmasını anlamaq üçün belə bir müqayisə apara bilərik: bu gün dünyanın ən yüksək mərmi sürətinə sahib olan snayper tüfənglərinin mərmilərinin sürəti yalnız 1200-1300 metrə qədərdir. Bu günün texnologiyaları ilə atıcı silahlar üçün 2000-2500 metrə kimi yüksək sürətə çatmaq mümkün deyil. Bu isə elektromaqnit silahları odlu silahlardan daha cəlbedici edir.


Bu yeni nəsil sistemləri sursatın sürətindən başqa digər üstünlüklərə də malikdir. Sursat klassik odlu silahdan atıldığı zaman, lülədə hərəkət etdiyi müddətdə, partlayışın mərkəzindən uzaqlaşdıqca sürətini və gücünü itirir. Elektromaqnit silahlarda isə tam əksini görürük. Burada relslər nə qədər uzun olarsa, sursat bir o qədər yüksək təcil qazanır və relsdən atılana qədər surətlənir. Çünki maqnit sahəsi bütün rels uzunluğunda aktiv olur. Digər bir üstünlüyü isə çox təhlükəsiz bir sistem olmasındadır. Sursatın tərkibində heç bir kimyəvi və partlayıcı maddələr olmadığı üçün silah istifadəçilər üçün heç bir təhlükə yaratmır.

Ənənəvi silahlarda rastlaşdığımız lülənin şişməsi, lülənin çatlaması, mərminin lülənin daxilində detonasiya etməsi kimi hadisələrın elektromaqnit sistemlərdə baş verməsi istisnadır. Bundan başqa, tanklar və artilleriya sistemlərində çox böyük problem olan geriyə təpmə də bu silahlarda baş vermir.


Bu qədər üstünlüyə malik olan sistemlərin tətbiqində əsas problem enerji ilə bağlıdır. Elektromaqnit silahlarının istifadəsi üçün lazım olan enerji böyük miqdarda, meqavatla ölçülən güc tələb edir. Buna görə də, bu silahları istifadə etmək üçün onu güc istehsal edən platformaya və ya gəmiyə yerləşdirmək vacibdir.

Məsələn, Amerikanın ilk operativ elektromaqnit silahı 25-26 meqavat gücə malikdir. Bu gücü yalnız böyük bir döyüş gəmisinin enerji sistemi qarşılaya bilər. Bu səbəbdən Amerika elektromaqnit silahları "Zumwalt" sinfinin gəmilərində istifadə etməyi planlaşdırır. Bu gün sabit və daşınan sistemlər əlavə enerji bloklarına sahib avtomobillərlə təmin olunur.


Elektromaqnit silahların yalnız hərbi məqsədlər üçün deyil, eyni zamanda mülki məqsədləri üçün istifadə edilməsi də gündəmdədir. NASA, bu gün aşağı orbitə peyklərın buraxılması üçün bu tip sistemlərin yaradılmasına vəsait yatırır. Çində də bu istiqamətdə müəyyən layihələr həyata keçirilir.

Türkiyədə yaradılan prototipinin gücü bir neçə meqacoula çatır. Yaradılan yeni elektromaqnit silah sürəti 880-2060 m/s çata bilən müxtəlif tip sursatlarla atəş aça bilir. Belə bir sürət mərminin 300 km məsafəyə uçuşuna imkan verir. Bu tipli silah sisteminin yaradılması ASELSAN şirkətinin lazer silahlarının inkişafında daha üstün bir səviyyəni əldə etməsinə yardım edib. Bu istiqamətdə də açıqlanmayan uğurlar əldə edildiyi ehtimal olunur. Yaxın zamanlarda gələcəyin silahlarını həm Türkiyə, həm Azərbaycan, həm də digər müttəfiqlərin silahlanmasında görəcəyimizə ümid edirik.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsudur


Teqlər: ASELSAN   TUFAN   Türkiyə   Elektromaqnit-silah  


Xəbər lenti