Ordu.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, məsələ təchizat zənciri ("supply chain") üzərindən reallaşdırılan kiberhücumlara aiddir: "Ölkənin kibertəhlükəsizliyi podratçının təhlükəsizliyi qədər güclüdür. Dövlət qurumlarına qarşı yönəlmiş bir sıra kiberhücumları təhlil edərkən aşkar etmişik ki, bu hücumlar məhz etibar edilən tərəflər vasitəsilə, yəni podratçı və ya xidmət təminatçısı şirkətlərin şəbəkəsinə sızma yolu ilə həmin dövlət strukturlarına istiqamətlənib".
T.Məmmədov yeni təsis olunmuş agentlik [Milli Kibertəhlükəsizlik Agentliyi - red.] tərəfindən özəl sektorda fəaliyyət göstərən şirkətlərə müəyyən tələblərin irəli sürülməsi və onların daxili kibertəhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində təşviq edilməsinə böyük ümidlər bəslədiyini vurğulayıb: "Gördüyünüz kimi, milli təhlükəsizlik yalnız dövlət sistemlərinin müdafiəsi ilə məhdudlaşmır. Dövlətə xidmət göstərən hər bir şirkət ekosistemin təhlükəsizlik subyektidir".
Ordu.az