Türkiyə Milli Kəşfiyyat Akademiyasının müəllimi, professor Nurşin Ateşoğlu Güney Rusiyaya məxsus pilotsuz uçuş aparatının Rumıniya ərazisinə düşməsinin NATO-nun təhlükəsizlik arxitekturası baxımından nə ifadə etdiyini və bu hadisənin alyansın müdafiə yanaşmasına mümkün təsirlərini “AA Analiz” üçün qələmə alıb.
Bir neçə gün əvvəl Rusiyaya məxsus pilotsuz uçuş aparatının NATO üzvü Rumıniyanın Qalați şəhərində yaşayış binasına düşməsi və iki nəfərin yaralanması Ukrayna-Rusiya müharibəsinin təsirlərinin artıq yalnız müharibə aparan tərəflərlə məhdudlaşmadığını bir daha göstərib.
Rusiyanın pilotsuz uçuş aparatlarının NATO hava məkanını pozması yeni hadisə olmasa da, bu dəfə NATO və Avropa İttifaqı üzvü olan bir ölkənin vətəndaşlarının yaralanması məsələnin təhlükəsizlik aspektini daha da ön plana çıxarıb. Hadisədən sonra Rumıniya Prezidenti Nikuşor Dan Rusiyaya qarşı mütənasib tədbirlərin görüləcəyini açıqlayıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun baş katibi Mark Rütte də baş verənləri pisləyərək NATO ərazisinin müdafiə olunacağı mesajını veriblər.
Bu hadisə Soyuq müharibənin başa çatmasından sonra NATO-nun qarşılaşdığı yeni təhlükəsizlik problemlərinin nümunəsidir. Son illərdə Ukraynadakı müharibə səbəbindən Moldova, Rumıniya, Polşa və Baltik ölkələri kimi NATO üzvü və qeyri-üzv qonşu dövlətlərin hava məkanları müxtəlif pilotsuz uçuş aparatları və raketlər tərəfindən pozulub. Bu vəziyyət NATO-nun şərq cinahındakı təhlükəsizlik arxitekturasının yenidən qiymətləndirilməsini zəruri edib.
NATO-nun şərq cinahını gücləndirmə cəhdləri
NATO Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra şərq cinahını gücləndirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməyə başlayıb. Bu çərçivədə Gücləndirilmiş İrəli Mövcudluq (Enhanced Forward Presence) təşəbbüsü işə salınıb. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra isə Yüksək Hazırlıq Səviyyəli Birgə Tapşırıq Qüvvəsi (Very High Readiness Joint Task Force) və digər sürətli reaksiya mexanizmlərindən daha fəal istifadə olunmağa başlanıb.
Bu proses çərçivəsində Rumıniya, Bolqarıstan, Slovakiya və Macarıstanda yeni çoxmillətli hərbi birliklər yerləşdirilərək NATO-nun şərq sərhədindəki hərbi mövcudluğu artırılıb. Şərq cinahındakı təhlükəsizlik narahatlıqları 2025-ci il sentyabrın 10-da Polşa hava məkanının təxminən 20 Rusiya pilotsuz uçuş aparatı tərəfindən pozulması ilə yeni mərhələyə keçib. Polşa və NATO müttəfiqlərinin müdaxiləsi nəticəsində bəzi pilotsuz uçuş aparatları vurulub və Ukrayna-Rusiya müharibəsi dövründə ilk dəfə olaraq Rusiya pilotsuz uçuş aparatları NATO üzvü bir ölkənin ərazisində zərərsizləşdirilib.
Varşava administrasiyası hadisəni təcavüz aktı kimi qiymətləndirərək Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi çərçivəsində müttəfiqlərlə məsləhətləşmələr aparıb. Bu hadisələrdən sonra NATO 2025-ci il sentyabrın 12-də Baltik dənizindən Qara dənizə qədər uzanan şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə “Şərq Keşikçisi” əməliyyatına (Operation Eastern Sentry) başlayıb.
Müddətsiz planlaşdırılan bu təşəbbüs yeni strateji konsepsiyadan daha çox, ortaya çıxan təhlükəsizlik risklərinə qarşı təcili tədbir və müdafiə mexanizmi kimi qiymətləndirilməlidir. Əməliyyatın əsas məqsədi NATO-nun şərq cinahında hava hücumundan müdafiə imkanlarını gücləndirmək, hava patrullarını artırmaq, kəşfiyyat məlumatlarının paylaşılmasını inkişaf etdirmək və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı daha effektiv müdafiə sistemi yaratmaqdır.
“Şərq Keşikçisi” əməliyyatı NATO-nun son illərdə getdikcə daha çox əhəmiyyət verdiyi inteqrasiya olunmuş müdafiə yanaşmasının təzahürüdür. Əməliyyat çərçivəsində hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi, zenit imkanlarının artırılması, kibermüdafiə və logistika elementlərinin müdafiə planlaşdırılmasına daha geniş inteqrasiyası, eləcə də müttəfiqlər arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.
Beləliklə, NATO-nun şərq cinahında quru və dəniz qüvvələrinin də daxil olduğu, çoxqatlı və sürətli reaksiya verə bilən müdafiə sisteminin yaradılması hədəflənir.
Dəyişən təhdidlərə qarşı NATO-nun yeni müdafiə modeli axtarışları
Bununla belə, NATO-nun qarşısında duran problem yalnız Rusiyanın Ukraynaya qarşı apardığı müharibə deyil. Eyni zamanda hərbi texnologiyalardakı dəyişikliklər də mövcud təhlükəsizlik mühitini yenidən formalaşdırır. Xüsusilə pilotsuz uçuş aparatları son illərdə müasir müharibələrin ən mühüm elementlərindən birinə çevrilib. Nisbətən aşağı xərc tələb etmələri, uzaq məsafələrdə fəaliyyət göstərə bilmələri və radar sistemlərindən yayınmaq imkanları sayəsində pilotsuz uçuş aparatları müharibə ilə sülh arasındakı sərhədləri qeyri-müəyyənləşdirən vasitələr kimi ön plana çıxır.
Rusiya baxımından pilotsuz uçuş aparatları yalnız Ukraynadakı əməliyyatlarda deyil, NATO-nun hava hücumundan müdafiə imkanlarını sınaqdan keçirmək üçün də faydalı vasitələr hesab olunur. Bu sistemlərin aşağı hündürlükdə uça bilməsi və vurulduqları halda texniki nasazlıq və ya operator səhvi kimi səbəblərlə inkar edilə bilməsi onları hibrid müharibənin təsirli elementlərindən birinə çevirir. Bu səbəbdən NATO-nun vəzifəsi yalnız mövcud pozuntulara cavab verməklə məhdudlaşmır. Alyans gələcəkdə oxşar təhdidlərin yaranmasının qarşısını ala biləcək davamlı müdafiə yanaşması da formalaşdırmalıdır.
Lakin bu proses ciddi xərclər yaradır. Minlərlə dollar dəyərində olan pilotsuz uçuş aparatlarının yüz minlərlə, hətta milyonlarla dollar dəyərində raket əleyhinə raket sistemləri və digər hava hücumundan müdafiə vasitələri ilə məhv edilməyə çalışılması müdafiə iqtisadiyyatı baxımından ciddi balanssızlıq yaradır.
Pilotsuz uçuş aparatı təhdidlərinə qarşı daha effektiv müdafiə mexanizmi formalaşdırmaq məqsədilə həm NATO-da, həm də Avropa İttifaqında işlər sürətlənib. Bu çərçivədə Avropa İttifaqı pilotsuz uçuş aparatları və onlara qarşı yaradılan sistemlərlə bağlı koordinasiyalı yanaşmanı nəzərdə tutan “Pilotsuz Uçuş Aparatları və Pilotsuz Uçuş Aparatlarına Qarşı Təhlükəsizlik Fəaliyyət Planı” üzərində işləyir.
NATO daxilində də oxşar müdafiə və koordinasiya mexanizmlərinin hazırlanmasına dair müzakirələr davam edir. Nəticə etibarilə, Rumıniya və Polşada baş verən hadisələr NATO-nun qarşılaşdığı yeni təhlükəsizlik mühitinin konkret göstəriciləridir. Alyans bir tərəfdən Rusiya mənşəli təhdidləri çəkindirməyə çalışır, digər tərəfdən isə birbaşa münaqişəyə cəlb olunmadan öz təhlükəsizliyini qorumağa səy göstərir.
Bu səbəbdən “Şərq Keşikçisi” əməliyyatı yalnız şərq cinahının müdafiəsinə yönəlmiş tədbir deyil, eyni zamanda NATO-nun yeni nəsil təhdidlərə uyğunlaşma qabiliyyətinin mühüm göstəricisi kimi də qiymətləndirilə bilər. Hazırda NATO-nun üzləşdiyi əsas problem alyansın çəkindirmə qabiliyyətini gərginliyi artırmadan necə qoruyub saxlaya bilməsidir. Bu vəziyyət beynəlxalq münasibətlər nəzəriyyəsində yer alan klassik təhlükəsizlik dilemmasının NATO üçün yenidən aktuallaşmasına səbəb olur.
Bu çərçivədə NATO Rusiya ilə birbaşa qarşıdurmaya yol vermədən hava məkanının təhlükəsizliyini gücləndirmək və potensial təhdidlərin qarşısını almaq məqsədilə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini işə salmaq əvəzinə, 4-cü maddə çərçivəsində “Şərq Keşikçisi” kimi müxtəlif müdafiə və çəkindirmə tədbirlərini həyata keçirir.
Sevinc Əliyeva
Ordu.az