CNN: ABŞ və İran zərərin kompensasiyası məsələsində razılığa gələ bilmir

2026/06/1780564653.jpg
Oxunub: 185     13:14     04 İyun 2026    
ABŞ-nin zərbələri nəticəsində yaranmış ziyanın ödənilməsi məsələsi Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əsas fikir ayrılığı mövzularından biri olaraq qalır.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlarda ən ciddi mübahisə mövzularından biri maliyyə kompensasiyası məsələsidir.

Anonim rəsminin sözlərinə görə, İran vasitəçilərə çatdırıb ki, kompensasiyanın ABŞ ilə razılaşma imzalandıqdan dərhal sonra ödənilməsini istəyir.

Bununla yanaşı, Vaşinqtonda hesab edirlər ki, münaqişənin həllinin ilkin mərhələsində İran vəsaitlərinin bir hissəsinin dondurulmuş vəziyyətdən çıxarılması Tehrana qarşı əsas təzyiq vasitəsini zəiflədə və ya tamamilə aradan qaldıra bilər.

CNN-in mənbələri bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp öz müşavirlərinə ABŞ-nin İrana birbaşa və dərhal maliyyə vəsaiti ayırmasını nəzərdə tutan hər hansı sazişi imzalamayacağını deyib.

Telekanalın məlumatına görə, tərəflər həmçinin İran üçün milyardlarla dollar vəsait ayıracaq investisiya fondunun yaradılması məsələsini də müzakirə ediblər.

Bildirilir ki, həmin fond Vaşinqton və Tehran arasında yekun razılaşma əldə edildikdən sonra bərpa işlərinin maliyyələşdirilməsinə xidmət edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin