Avropa Komissiyası Moldovaya 641 milyon avro sərmayə yatırmağı planlaşdırır

2025/10/1759499569.jpg
Oxunub: 178     15:55     04 İyun 2026    
Avropa Komissiyası Moldovanın inkişaf proqramlarına 641 milyon avrodan çox sərmayə yatırmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Kişinevə rəsmi səfər edən Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos açıqlama verib.

Avropa İttifaqı-Moldova İnvestisiya Forumunda çıxış edən Kos ölkəyə 641 milyon avroyadək sərmayə qoyuluşu planlarını təqdim edib.

Məlumata görə, layihələr beynəlxalq maliyyə institutları, dövlət və özəl sektor tərəfdaşları ilə birlikdə həyata keçiriləcək.

Sərmayələr enerji, rəqəmsal infrastruktur, təhsil və davamlı kənd təsərrüfatı kimi strateji sahələrə yönəldiləcək.

Əsas məqsəd Moldovanın iqtisadi dayanıqlığını gücləndirmək, infrastrukturunu yaxşılaşdırmaq və Avropa bazarına inteqrasiya prosesini sürətləndirməkdir.

Bildirilib ki, 433 milyon avroyadək vəsait Avropa İttifaqının qrantları, zəmanətləri və kreditləri formasında ayrılıb. Bu vəsait Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da daxil olmaqla beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində təqdim olunacaq.

Əlavə olaraq 208 milyon avroyadək investisiyanın özəl sektordan cəlb olunacağı gözlənilir. Bununla bağlı niyyət məktubları artıq səkkiz şirkət tərəfindən imzalanıb.

Qeyd edilib ki, Moldova daha əvvəl Avropa Komissiyasının hazırladığı və ümumi büdcəsi 1,9 milyard avro olan Moldova üzrə “İnkişaf Planı” çərçivəsində artıq 504 milyon avro vəsait alıb.

Marta Kos 2026-cı il iyunun 4-5-də keçirilən ikigünlük səfər çərçivəsində Moldova-Avropa İttifaqı sammiti ərəfəsində Kişinevdə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Moldova  


Bizi "telegram"da izləyin