“Rusiya “imperiya kompleksi” adlandırdığı yanaşmadan imtina etməlidir” - EKSPERTLƏR

2026/05/1780067797.jpg
Oxunub: 157     12:11     04 İyun 2026    
Rusiya ilə Ermənistan arasında münasibətlərdə yeni gərginlik siqnalları müşahidə olunur. Moskva 2013-cü ildə imzalanmış təbii qaz, neft məhsulları və xam almazların tədarükünə dair sazişi dayandırmaq və ya birtərəfli qaydada ləğv etmək imkanını nəzərdən keçirir.

Ordu.az “Svpressa.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə ünvanladığı məktubda qeyd olunub.

Nəşrə görə, məktubda bildirilir ki, rəsmi İrəvanın Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində davamlı addımları və Nikol Paşinyan hökumətinin Avropa İttifaqına qoşulmaq niyyəti Rusiya-Ermənistan arasında yüksək səviyyəli ticarət, iqtisadi və investisiya münasibətlərinin gələcəyini təhlükə altına qoya bilər.

Qeyd olunur ki, “Cermuk” mineral suyunun və Ermənistan istehsalı olan spirtli içkilərin Rusiyaya idxalına tətbiq edilən son məhdudiyyətlər, eləcə də Ermənistan güllərinin tədarükü zamanı sanitar pozuntuların aşkarlanması İrəvanın siyasətinə təsir göstərməyib. Bildirilir ki, buna görə Moskva parlament seçkiləri ərəfəsində Ermənistana qarşı daha ciddi iqtisadi təzyiq mexanizmlərini işə salmağa hazırlaşır.

Yaxın Şərq və Mərkəzi Asiya üzrə ekspert Semyon Bağdasarov nəşrə açıqlamasında deyib ki, bu addımlar artıq gecikib.

“Paşinyan 2018-ci ildə ABŞ-nin dəstəyi ilə Britaniya və Türkiyə kəşfiyyat xidmətlərinin köməyi nəticəsində hakimiyyətə gəlib. Belə xəbərdarlıq çoxdan edilməli idi. İndi isə bunun ciddi nəticə verəcəyinə inanmıram”, - deyə o bildirib.

Bağdasarovun sözlərinə görə, Ermənistan artıq Rusiyanın təsir dairəsindən çıxaraq ABŞ-nin təsir zonasına keçib və Türkiyə Cənubi Qafqazda mövqelərini gücləndirir.

O qeyd edib ki, bu vəziyyət Rusiya üçün bir sıra təhlükələr yaradır. Ekspertin fikrincə, Moskvanın rəqibləri Cənubi Rusiya istiqamətində sabitliyi pozmaq imkanı əldə edir, regionda yeni geosiyasi təhdidlər formalaşır və Mərkəzi Asiya ilə Cənubi Qafqazdan keçən mühüm logistika marşrutları üzərində nəzarət balansı dəyişir.

Bağdasarov həmçinin bildirib ki, Gümrüdə yerləşən Rusiya hərbi bazasının gələcəyi sual altındadır və Ermənistan hökuməti qarşıdakı seçkilərdə mövqelərini möhkəmləndirdikdən sonra rus sərhədçilərinin ölkədən çıxarılması ehtimalı mövcuddur.

Ekspert yaxın gələcəkdə Rusiyanın Ermənistanda əvvəlki təsirini bərpa etməsini real hesab etmədiyini də vurğulayıb. Onun fikrincə, bunun üçün regionun xüsusiyyətlərini dərindən bilən mütəxəssislər tələb olunur.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avropa Hüququ kafedrasının dosenti Nikolay Topornin isə problemin kökündə Rusiyanın kiçik dövlətlərlə münasibətlər modelinin dayandığını bildirib.

Onun sözlərinə görə, Moskva uzun illər keçmiş sovet respublikalarının öz təşəbbüsləri ilə Rusiyaya yaxınlaşacağını düşünüb və bu yanaşma artıq özünü doğrultmur.

Topornin hesab edir ki, Rusiya “imperiya kompleksi” adlandırdığı yanaşmadan imtina etməli, Belarusdan Qazaxıstana qədər bütün keçmiş sovet respublikalarının öz maraqlarına malik olduğunu qəbul etməlidir.

O vurğulayıb ki, bu ölkələrlə münasibətlər perspektivli iqtisadi əməkdaşlıq modelləri əsasında qurulmalı, SSRİ dövrünü yalnız tarix kitablarından tanıyan yeni nəsillərin baxışları da nəzərə alınmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ekspertlər  


Bizi "telegram"da izləyin