TSQ-nin silahlanmasına yeni yerli sistemlər qəbul edilib

2026/06/1780574623.jpg
Oxunub: 296     16:02     04 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi Türk Silahlı Qüvvələrinin yerli və milli müdafiə sənayesi məhsulları ilə gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri, kontr-admiral Zəki Aktürk İzmirin Çiğli şəhərində yerləşən 2-ci Əsas Reaktiv Aviasiya Baza Komandanlığında keçirilən həftəlik mətbuat konfransında bildirib.

O qeyd edib ki, son iki həftə ərzində MİLKAR-6A Portativ Radioelektron Hücum Sistemi və İHA-230 sursatı ilk dəfə olaraq Quru Qoşunları Komandanlığının silahlanmasına qəbul edilib.

Aktürk vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin müasir və effektiv müdafiə imkanları yerli və milli müdafiə sənayesinin qabaqcıl texnologiyalı məhsulları ilə daha da gücləndirilir. Onun sözlərinə görə, son dövrdə müxtəlif sistemlər və sursatlar qoşun növlərinə təhvil verilib.

Kontr-admiral bildirib ki, radioelektron mübarizə və dəqiq zərbə imkanlarını artıracaq bu sistemlərin Quru Qoşunlarının əməliyyat qabiliyyətlərinə mühüm töhfə verməsi gözlənilir. Aktürk həmçinin qeyd edib ki, “Makine ve Kimya Endüstrisi AŞ” tərəfindən başda MK-82 ümumi təyinatlı aviasiya bombaları olmaqla müxtəlif növ silah və sursatların təhvili həyata keçirilib.

Bundan əlavə, ASELSAN tərəfindən hazırlanmış müxtəlif sayda TARAS-II Radiorele Sistemi Quru Qoşunları Komandanlığına, “AcroSAT” Gəmi Peyk Rabitə Terminalı Hərbi Dəniz Qüvvələri Komandanlığına, LGK-84 Lazer Tuşlama Dəsti, pilotsuz uçuş aparatlarına qarşı xəbərdarlıq sistemi və “ARTcom 9681” aviasiya radiostansiyası isə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilib.

Məlumata görə, bu təhvil prosesi nəticəsində Türk Silahlı Qüvvələrinin rabitə, radioelektron mübarizə, dəqiq tuşlama və insansız sistemlərə qarşı müdafiə imkanlarının daha da gücləndirilməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   Türkiyə   Silah  


Bizi "telegram"da izləyin