Avrasiya İqtisadi Birliyinin ultimatumu: Ermənistan seçim qarşısındadır

2026/04/1775888747.jpg
Oxunub: 248     13:20     04 İyun 2026    
Mayın 29-da Astanada qəbul edilən birgə bəyanat Ermənistanın xarici siyasəti ilə bağlı son illərin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir. Sənəd Avrasiya İqtisadi Birliyinin aparıcı üzvlərinin İrəvanın Avropa istiqamətində addımlarını artıq real proses kimi gördüklərini göstərir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “Avrasiya İqtisadi Birliyinin ultimatumu: Ermənistan seçim qarşısındadır” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, bəyanatda Ermənistanın 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul etdiyi, 2026-cı ilin mayında keçirilən ilk Ermənistan-Avropa İttifaqı sammitində isə Avropa tərəfinin İrəvanın Avropaya inteqrasiya səylərini dəstəklədiyi xüsusi vurğulanıb.

Nəşrin yazdığına görə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin rəhbərləri hesab edirlər ki, bu addımlar birlik üçün iqtisadi və strateji risklər yaradır.

“Bu səbəbdən Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın nümayəndələrinə ilin sonuna qədər Ermənistanla bağlı Avrasiya İqtisadi Birliyi müqaviləsinin tətbiqinin dayandırılmasının mümkün nəticələrini araşdırmaq və müvafiq hesabat hazırlamaq tapşırılıb”, - deyə müəllif bildirib.

Məqalədə xüsusi diqqət çəkilən məqamlardan biri də Ermənistanda ümumxalq referendumunun keçirilməsi ilə bağlı çağırışdır.

“Vətəndaşlar aydın seçim etməlidirlər: Avrasiya İqtisadi Birliyində qalmaq, yoxsa Avropa İttifaqına inteqrasiya yolunu seçmək. Bu, Avrasiya İqtisadi Birliyinin aparıcı dövlətlərinin uzun müddətdir ekspert dairələrində müzakirə olunan məsələyə ilk dəfə açıq şəkildə münasibət bildirməsidir.

Ermənistanın eyni vaxtda iki fərqli istiqamətdə hərəkət etməsi getdikcə daha mürəkkəb, bəzi hallarda isə mümkünsüz hala gəlir. Məsələ yalnız siyasi xarakter daşımır. Ermənistan iqtisadiyyatı Avrasiya İqtisadi Birliyi bazarı ilə sıx bağlıdır.

On minlərlə Ermənistan vətəndaşı Rusiyada çalışır, Ermənistan məhsullarının əhəmiyyətli hissəsi birlik ölkələrinə ixrac olunur, enerji sektorunda isə ölkə hələ də güzəştli şərtlərdən yararlanır”, - deyə məqalədə vurğulanır.

Müəllif bildirib ki, bununla yanaşı, rəsmi İrəvan son illərdə Avropa İttifaqı ilə münasibətləri fəal şəkildə inkişaf etdirərək bunu islahatlar və inkişaf yolu kimi təqdim edir.

Məqalədə qeyd olunur ki, yaranmış vəziyyətdə Ermənistan hakimiyyəti mühüm seçim qarşısındadır və cəmiyyətə yalnız siyasi şüarlar deyil, hər iki variantın iqtisadi, sosial və təhlükəsizlik nəticələri barədə də aydın məlumat verməlidir.

“Əks halda strateji əhəmiyyətli qərarlar yeni daxili siyasi gərginlik mənbəyinə çevrilə bilər”, - deyə nəşr bildirir.

Məqalənin sonunda vurğulanır ki, Astanada qəbul olunan bəyanat İrəvana ünvanlanmış açıq mesajdır.

“Avrasiya İqtisadi Birliyinin əsas ölkələri Ermənistanın hansı yolu seçəcəyinə dair konkret cavab gözləyirlər. Qərar anı yaxınlaşdıqca bu seçimdən yayınmaq daha da çətinləşir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin