Erməni ekspert: “Dünyada nadir metallar uğrunda sərt rəqabət gedir, Zəngəzur qlobal maraq zonasına çevrilir”

2026/06/1780473886.jpg
Oxunub: 206     13:13     04 İyun 2026    
“Əsas məsələ Ermənistanın suverenliyini qoruyub-qoruya bilməyəcəyidir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor və enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan Ermənistanla ABŞ arasında imzalanmış sənədləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, ABŞ regionda logistika, enerji və faydalı qazıntılar sahəsində mövqelərini sürətlə gücləndirməyə çalışır və TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi, strateji tərəfdaşlıq sazişi, eləcə də mühüm minerallar və nadir faydalı qazıntıların hasilatı və emalı ilə bağlı sənədlərin imzalanması bu strategiyanın tərkib hissəsidir.

“Ümumilikdə söhbət yalnız ikitərəfli sənədlərdən getmir. Burada daha geniş geosiyasi yenidənqurma prosesləri müşahidə olunur. Vaşinqton Cənubi Qafqazda, xüsusilə logistika, enerji və xammal sahələrində öz mövqelərini sürətlə gücləndirməyə çalışır. Bu, eyni zamanda Rusiya, Çin və İranla rəqabətin bir hissəsidir”, - deyə Davtyan bildirib.

Erməni ekspert qeyd edib ki, TRIPP layihəsinə yalnız Ermənistan prizmasından baxmaq düzgün deyil.

“Bu layihə Avropa-Qafqaz-Asiya xətti üzrə Orta Dəhlizin şaxələndirilməsi cəhdidir. Vaşinqton İranın rolunu azaltmağa, Rusiyanın “Şimal-Cənub” layihəsi ilə rəqabət aparmağa və Avropa-Asiya əlaqələrinə daha ciddi nəzarət etməyə çalışır”, - deyə o vurğulayıb.

Davtyanın sözlərinə görə, layihənin arxasında həm də mühüm enerji hesablamaları dayanır.

“2022-ci ildən sonra Asiya Avropa üçün mühüm alternativ enerji istiqamətinə çevrilib. ABŞ Avropanın uzunmüddətli perspektivdə Amerika mayeləşdirilmiş qazından asılı qalmasında maraqlıdır. Buna görə də Vaşinqton yalnız enerji daşıyıcılarının tədarükünü deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi əlaqələri təmin edən logistika marşrutlarını nəzarətdə saxlamağa çalışır”, - deyə erməni ekspert qeyd edib.

Onun fikrincə, Ermənistan üçün bu proses müəyyən risklər də yaradır.

“Əgər regionda tam blokadadan çıxma prosesi baş verməzsə və bütün nəqliyyat-kommunikasiya xətləri açılmasa, TRIPP daha çox siyasi layihə olaraq qala bilər. Bu halda Ermənistan böyük geosiyasi yük daşıyacaq, amma məhdud iqtisadi nəticə əldə edəcək”, - deyə Davtyan bildirib.

Erməni ekspert layihə ilə bağlı səsləndirilən bəzi iqtisadi göstəriciləri də real hesab etmir.

“Tez-tez səsləndirilən 15 milyon tonluq göstərici heç bir rasional hesablamaya əsaslanmır. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürmə qabiliyyəti 6 milyon tondur və 2025-ci ildə bu marşrutla cəmi 0,5 milyon ton yük daşınıb”, - deyə o vurğulayıb.

Davtyan mayın 26-da Ermənistan və ABŞ arasında mühüm minerallar və nadir faydalı qazıntıların hasilatı və emalı sahəsində imzalanmış çərçivə memorandumuna da toxunub.

Onun sözlərinə görə, hazırda dünyada nadir metallar uğrunda ciddi rəqabət gedir.

“Bu metallar çiplərin, hərbi texnologiyaların, süni zəka sistemlərinin və “yaşıl” energetikanın inkişafı üçün vacibdir. Xüsusilə Zəngəzur bu baxımdan qlobal maraq zonasına çevrilir. Gələcəkdə uran ehtiyatları mövzusu da gündəmə gələrsə, regionun strateji əhəmiyyəti daha da artacaq”, - deyə ekspert bildirib.

Davtyan hesab edir ki, bu proseslər fonunda əsas məsələ Ermənistanın suverenliyidir.

“Ermənistan yalnız xammal əlavəsinə çevrilməməlidir. Əgər ölkə sadəcə faydalı qazıntı ixrac edəcək, texnoloji və sənaye zəncirinin əsas hissəsi isə xaricdə qalacaqsa, iqtisadi effekt minimal, siyasi asılılıq isə daha böyük olacaq”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio 2026-cı il mayın 26-da qısamüddətli səfərlə İrəvana gəlib. “Zvartnots” hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra tərəflər TRIPP layihəsi üzrə çərçivə sazişi, Ermənistan-ABŞ hərtərəfli strateji tərəfdaşlıq xartiyası və mühüm mineralların, eləcə də nadir faydalı qazıntıların hasilatı və emalı ilə bağlı çərçivə memorandumunu imzalayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Davtyan  


Bizi "telegram"da izləyin