Erməni siyasi xadim: “Paşinyan yeni rəmzi gündəmə gətirir, bu da istər-istəməz siyasi mübarizənin mövzusuna çevrilir”

2026/06/1780477383.jpg
Oxunub: 184     11:51     04 İyun 2026    
“Mayın 28-də keçirilən parad-hesabat fonunda hakimiyyətin ordu ilə bağlı simvolları dəyişdirməyə hazırlaşdığı aydın oldu”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” blokunun üzvü Geğam Manukyan bildirib.

Onun sözlərinə görə, mayın 28-də Respublika meydanında keçirilən hərbi parad zamanı Ermənistan Silahlı Qüvvələrinin rəmzinin dəyişdirilməsi ilə bağlı hakimiyyətin mövqeyi aydın görünür.

Ermənistanın “168.am” nəşr qeyd edir ki, təklif edilən rəmz variantında Ermənistanın üçrəngli bayrağı, onun üzərində Nikol Paşinyanın hazırladığı Ermənistan xəritəsi və bir əlində qılınc, digərində xaç tutan qartal təsvir olunub. Beləliklə, xaçın yeri də dəyişdirilib. Halbuki Ermənistan Müdafiə Nazirliyinin rəsmi rəmzində Ermənistan bayrağı təsvir olunur, lakin “real Ermənistan” xəritəsi yoxdur.


Nəşrə görə, Ermənistan Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur ki, Ermənistanın rəsmi rəmzi 2001-ci il yanvarın 23-də Ermənistan Prezidenti, Silahlı Qüvvələrin baş komandanı Robert Köçəryan tərəfindən təsdiqlənib.


Nəşr bildirib ki, rəmz yuxarıda düzbucaqlı, aşağıda isə yarımdairəvi qalxan üzərində təsvir olunub. Yuxarı kənarda üfüqi mavi fonda ağ hərflərlə “Ermənistan”, aşağıda isə yarımdairəyə uyğun olaraq mavi rənglə “Silahlı Qüvvələr” sözləri yazılıb.

Bildirilib ki, qalxanın qalan sahəsi heraldik elementlərlə formalaşdırılıb. Mərkəzdə başı sağa çevrilmiş qanadları açıq qartal təsvir olunub. Qartalın hər qanadı yeddi lələklə göstərilib. Onun başı günəş diski üzərində yerləşir, qanadlarının arası isə Ermənistan dövlət bayrağı ilə tamamlanır. Qalxanın daxilində bərabərqollu xaç, aşağı hissədə isə üfüqi vəziyyətdə qılınc təsvir edilib.

Geğam Manukyanın fikrincə, hazırkı hakimiyyət istənilən dayanıqlı institusional dəyəri sıradan çıxarmağa çalışır və bu proses indi Ermənistan Silahlı Qüvvələrinin rəmzinə də şamil olunur.


“Ölkənin ən geniş institusional qurumuna aid bu qədər mühüm məsələlərə heç bir peşəkar müzakirə olmadan belə yanaşmaq bir şeyi göstərir: hakimiyyəti təmsil edən “Vətəndaş Müqaviləsi” Ermənistan Silahlı Qüvvələrini ümumxalq qurumu kimi yox, partiya ofislərindən biri kimi görür. Mən bu rəmzin estetik detallarına ayrıca toxunmaq istəmirəm, çünki orada həm qalxan, həm xaç, həm də qanadlarını açmış qartal ideyası problematikdir. Üstəlik, onun üzərinə bir də xəritə konturu əlavə ediblər. Bunların hamısı Ermənistanın rəsmi sənədləri ilə, Konstitusiya ilə, rəmz və himn haqqında qanunlarla uzlaşmır, əksinə Nikol Paşinyanın və “Vətəndaş Müqaviləsi”nin təsəvvürləri ilə assosiasiya olunur”, - deyə o bildirib.

“168.am” qeyd edir ki, Mermənistan üdafiə Nazirliyinə təklif edilən dəyişikliklərlə bağlı eskiz və ya ideoloji əsasın olub-olmaması barədə sorğu göndərilib. Xüsusilə, mövcud rəsmi rəmzdə qılıncın qalxanın altında üfüqi vəziyyətdə yerləşdiyi, parad üçün yayılan variantda isə qartalın əlində olduğu və ucu yuxarı istiqamətə çevrildiyi xatırladılıb. Həmçinin xaçın niyə dəyişdirildiyi də soruşulub.



Hazırda Ermənistan Müdafiə Nazirliyindən cavab verilmədiyi, cavab alındıqdan sonra bunun dərc olunacağı bildirilib.

Nəşr xatırladır ki, 2020-ci ilin yanvarında da Ermənistan Müdafiə Nazirliyinin yeni nişanı müzakirələrə səbəb olmuşdu. O vaxt bəzi dairələr bunu Ermənistan Silahlı Qüvvələrinin rəmzi kimi qəbul etmiş, müxtəlif tənqidi rəylər səsləndirilmişdi. Lakin Müdafiə Nazirliyinin mətbuat katibi Arcrun Ovannisyan açıqlama yayaraq bunun Silahlı Qüvvələrin rəmzi deyil, yalnız Müdafiə Nazirliyinin nişanı olduğunu bildirmişdi.

Geğam Manukyan daha sonra bu məsələnin siyasi tərəfinə də toxunub.

“Ermənistan Silahlı Qüvvələrinin rəmzini vaxtilə Ermənistanın ikinci prezidenti Robert Köçəryan təsdiqləyib. Bu gün isə o, parlament seçkilərində baş nazirliyə namizəd kimi iştirak edir. Nikol Paşinyan məhz seçkilər ərəfəsində yeni rəmzi gündəmə gətirir. Bu da istər-istəməz siyasi mübarizənin mövzusuna çevrilir”, - deyə deputat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin