Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqos erməni ixracatçıları ilə görüş zamanı bildirib.
Onun sözlərinə görə, iyunun 4-də mühüm görüşlər və telefon danışıqları planlaşdırılır. Həmin təmaslardan sonra Ermənistana əlavə dəstək tədbirləri açıqlanacaq.
“Bu gün daha sonra mühüm görüşlər keçiriləcək, telefon danışıqları olacaq. Bunların arasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə təmas da var. Bundan sonra Ermənistana əlavə dəstəklə bağlı konkret tədbirləri elan edəcəyik”, - deyə Maragos bildirib.
Səfir qeyd edib ki, erməni ixracatçılar və sahibkarlarla görüşün məqsədi onların fikirlərini öyrənmək, Avropa İttifaqının ixrac bazarlarının şaxələndirilməsinə necə kömək edə biləcəyini müəyyənləşdirməkdir.
O xatırladıb ki, Avropa İttifaqı Ermənistanın özəl sektoru üçün çoxsaylı dəstək proqramları həyata keçirib.
“Erməni iş adamları təkcə Ermənistanda deyil, bütün dünyada ən uğurlular sırasındadır. Bu, çox vacib başlanğıc nöqtəsidir. Lakin indi mövcud çətinliklərlə bağlı fikirlərinizi eşitmək istəyirik. Görüşün əsas məqsədi sizin rəylərinizi və gözləntilərinizi öyrənməkdir. Biz burada hökuməti əvəz etmək üçün deyilik və bunu xüsusi vurğulamaq istəyirəm. Həmçinin biz yeni bir şey etmirik, sadəcə birlikdə başladığımız işi davam etdiririk”, - deyə səfir əlavə edib.
Qeyd edək ki, Rusiya son dövrlərdə Ermənistan məhsullarının idxalına mütəmadi olaraq məhdudiyyətlər tətbiq edir. Xüsusilə Ermənistan güllərinin, “Cermuk” mineral suyunun, bəzi spirtli içkilərin və balıq məhsullarının idxalına qadağa qoyulub. Meyvə-tərəvəz məhsullarının idxalına da müxtəlif məhdudiyyətlər tətbiq edilib.
Alpər Mövludoğlu
Ordu.az