Rubio TRIPP haqqında danışarkən bir neçə dəfə “dəhliz” sözündən istifadə edib

2026/05/1779771048.jpg
Oxunub: 264     14:52     04 İyun 2026    
ABŞ Senatında keçirilən dinləmələr zamanı dövlət katibi Marko Rubio TRIPP (Zəngəzur dəhlizi-red.) çərçivə sazişinin icrası və ABŞ-nin bu layihədən əldə edəcəyi faydalar barədə danışarkən bir neçə dəfə “dəhliz” ifadəsini işlədib.

Ordu.az xəbər verir ki, iyunun 2-də keçirilən dinləmələrdə respublikaçı senator Stiv Deyns Rubiodan TRIPP çərçivə sazişinin necə həyata keçiriləcəyini və ABŞ-yə hansı üstünlüklər qazandıracağını soruşub.

Rubio cavabında bildirib ki, bu proqram Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas dayaqlarından biridir və Ermənistanın strateji mövqeyini tamamilə dəyişdirərək onu regional ticarətin əsas mərkəzlərindən birinə çevirə bilər.

Onun sözlərinə görə, layihə həm də Azərbaycanın narahatlıq doğuran Naxçıvana çıxış məsələsinin həllinə xidmət edir.

“İmzalanmış saziş bizə bu dəhlizdə ABŞ şirkətlərinin və ABŞ maraqlarının xeyrinə özəl investisiyaları təşviq etməyə imkan verir. Bu, həmçinin Ermənistanın, Azərbaycanın və regionun digər ölkələrinin maraqlarına cavab verir. Sülh yalnız başlanğıcdır, əsas məsələ onun yaratdığı iqtisadi imkanlardır. Əlbəttə, bundan ABŞ şirkətləri və amerikalı işçilər də faydalanacaqlar, lakin bu dəhlizin açılmasının əsas faydalananı erməni xalqı olacaq”, - deyə Rubio vurğulayıb.

Senator öz sualında “dəhliz” sözünü ümumiyyətlə işlətməsə də, Rubio cavabına “Sizin onu dəhliz kimi təsvir etdiyiniz kimi...” ifadəsi ilə başlayıb və sonrakı çıxışında da bu termini dəfələrlə təkrarlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   TRIPP  


Bizi "telegram"da izləyin