Yanacaq bahalaşdığı üçün Pentaqon hərbi təlimləri ləğv etməyə məcbur qalır

2026/06/1780570133.jpg
Oxunub: 193     14:48     04 İyun 2026    
ABŞ Silahlı Qüvvələri şəxsi heyətin hazırlığı ilə bağlı bəzi təlimləri azaltmağa və ya tamamilə ləğv etməyə məcbur olub. Buna səbəb İranla münaqişə fonunda yanacaq qiymətlərinin kəskin artmasıdır.

Ordu.az xəbər verir ki, bu barədə ABC telekanalı Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon ABŞ federal qurumları arasında ən böyük yanacaq istehlakçısıdır. Qurum 2021-ci ildən etibarən hər il 1 milyard litrdən çox dizel yanacağı və 10 milyard litr aviasiya yanacağı alır.

Bildirilir ki, 2025-ci il oktyabrından 2026-cı il aprelinədək olan dövrdə bütün növ yanacağın orta qiyməti təxminən 27 faiz artıb.

Yaranmış vəziyyət nəticəsində yalnız təyyarələrin, tankların və digər texnikanın yanacaqla təmin olunması üçün nəzərdə tutulmayan əlavə xərclərin ən azı 1 milyard dolları keçəcəyi qeyd edilir.

ABC-nin məlumatına görə, mülki vətəndaşlar üçün yanacağın bahalaşması da Pentaqona təsir göstərir. Bu, aviabiletlərin və avtomobil benzininin qiymətinin yüksəlməsinə səbəb olur. Qurum isə adətən hərbçilərin səfər xərclərini kompensasiya edir.

Bundan əlavə, yanacaq bazarındakı vəziyyət səbəbindən bəzi bölmələr 2026-cı ilin aprelindən etibarən təlim mərkəzlərinə səfərləri ciddi şəkildə azaldıb və ya tamamilə dayandırıb.

ABC may ayında da məlumat vermişdi ki, ABŞ quru qoşunları cari maliyyə ilində yaranmış büdcə kəsiri səbəbindən şəxsi heyətin tibbi hazırlıq kurslarını ləğv edir.

Qeyd olunur ki, büdcə çatışmazlığının həcmi 4-6 milyard dollar arasında qiymətləndirilir.

Daha əvvəl məlum olub ki, İranda aparılan əməliyyatlar fonunda Pentaqon Konqresdən əlavə 100-200 milyard dollar həcmində hərbi maliyyələşdirmə tələb edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yanacaq   Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin