Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Avropa rəsmiləri bu təşəbbüsü ukraynalı tərəfdaşları ilə müzakirə edirlər.
Məlumata görə, ABŞ-nin iştirakı ilə aparılan danışıqlar dalana dirənib, Rusiya isə cəbhədə ciddi itkilər versə də əhəmiyyətli irəliləyiş əldə edə bilmir.
Bu səbəbdən Fransa, Almaniya və Böyük Britaniya hesab edir ki, hazırda Moskvanı danışıqlar masasına əyləşdirməyə cəhd göstərmək üçün münasib zamandır.
Avropa ölkələri bununla Ukraynanın daha bir ağır qış mövsümü keçirməsinin qarşısını almağa ümid edirlər. Çünki Rusiyanın enerji infrastrukturuna mütəmadi hücumları ukraynalıların döyüş ruhuna mənfi təsir göstərir.
Bununla yanaşı, “Bloomberg”in mənbələri bildiriblər ki, Rusiya ilə danışıqlara başlamaq və ya başlamamaq barədə son qərar Ukrayna Prezidenti Volodimir Zelenskiyə məxsus olacaq.
Avropalı tərəfdaşlar Zelenskini razı olmadığı hər hansı strategiyanı qəbul etməyə məcbur etməyəcəklər.
Agentliyin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın günlərdə Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronla mümkün danışıqları müzakirə etməyi planlaşdırır.
Fransa və Böyük Britaniya hökumətləri “Bloomberg”in sorğusuna cavab verməyiblər, Almaniya hökuməti isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Çərşənbə günü axşam Zelenski sosial şəbəkə hesabında Starmerlə telefon danışığı apardığını bildirib.
“Biz həm müdafiəmiz üçün zəruri silahlar, həm də müharibənin başa çatmasını yaxınlaşdırmaq məqsədilə Avropa ilə ümumi diplomatik fəaliyyətimiz barədə danışıqlara və görüşlərə hazırlaşırıq”, - deyə Zelenski yazıb.
O əlavə edib ki, Avropanın müharibənin dayandırılmasına yönəlmiş bütün diplomatik təşəbbüslərdə öz səsi, öz mövqeyi və öz töhfəsi olmalıdır.
Sevinc Əliyeva
Ordu.az