“Moskvaya Ermənistanın xarici siyasət kursu ilə bağlı aydın cavablar lazımdır” - Zaxarova

2026/06/1780488600.jpg
Oxunub: 238     15:00     04 İyun 2026    
“Rusiya tərəfi ikitərəfli münasibətlərin inkişafını Ermənistanda keçiriləcək seçki prosesləri ilə əlaqələndirmir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

O, İrəvandan səsləndirilən, parlament seçkilərindən sonra Ermənistan-Rusiya əməkdaşlığının daha da fəallaşa biləcəyi ilə bağlı fikirlərə münasibət bildirib.

Zaxarovanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri strateji xarakter daşıyır və siyasi vəziyyətdən və ya seçki kampaniyalarından asılı olmamalıdır.

“Bağışlayın, bəs bunu seçkilərdən əvvəl və ya seçkilər zamanı etməyə nə mane olurdu? Bu, məşhur cizgi filminin süjetini xatırladır: “Mən niyə belə əsəbi idim? Çünki velosipedim yox idi. İndi velosipedim var və birdən-birə yaxşılaşmışam”. Bu, gülüncdür”, - deyə o bildirib.

Zaxarova vurğulayıb ki, son dövrlərdə Rusiya Ermənistanın Avropa İttifaqı və Avro-Atlantik strukturlarla yaxınlaşmasına yönəlmiş fəaliyyətlərin xeyli fəallaşdığını müşahidə edir.

Onun sözlərinə görə, buna Ermənistan rəhbərliyinin bəyanatları, Brüsseldən verilən dəstək siqnalları və Avropa İttifaqı nümayəndələri ilə Ermənistan hakimiyyəti arasında siyasi təmasların intensivləşməsi sübutdur.

Diplomat mayın 5-də keçirilmiş Ermənistan-Avropa İttifaqı sammitinin nəticələrinə də toxunaraq bildirib ki, qəbul edilmiş bəyannamədə İrəvanın Avropa yönümlü istəklərini alqışlayan müddəalar yer alıb.

Zaxarovanın fikrincə, bu proseslər həm Rusiyada, həm Ermənistan cəmiyyətinin bir hissəsində, həm də Ermənistanın üzv olduğu inteqrasiya birliklərindəki tərəfdaşları arasında suallar yaradır.

“Əsas sual ondan ibarətdir ki, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsini mövcud beynəlxalq strukturlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə necə uzlaşdırmaq niyyətindədir”, - deyə o qeyd edib.

Zaxarova bildirib ki, Moskva bu məsələni dəfələrlə həm ikitərəfli görüşlər zamanı, həm də media və işgüzar dairələrin sorğularına cavab olaraq qaldırıb.

“Rusiya tərəfi Ermənistanın gələcək xarici siyasət və iqtisadi kursu ilə bağlı aydınlıq yaratmağa çalışsa da, indiyədək hərtərəfli izahat ala bilməyib”, - deyə o vurğulayıb.

Rusiya XİN nümayəndəsi İrəvanın bir tərəfdən mövcud inteqrasiya mexanizmlərində iştirakını saxlamağa, digər tərəfdən isə Qərb strukturları ilə əməkdaşlığı genişləndirməyə çalışmasını da tənqid edib.

O vurğulayıb ki, Rusiya mövcud inteqrasiya birliklərinin maraqları hesabına Ermənistanın Avropa İttifaqı ilə daha da yaxınlaşmasına xidmət edən prosesləri dəstəkləmək niyyətində deyil.

Zaxarova xatırladıb ki, Avropa İttifaqı Rusiyaya qarşı qeyri-dost siyasət yürüdür və Ukrayna hakimiyyətinə hərtərəfli dəstək göstərir.

“Moskva Rusiyanın strateji maraqlarına və müttəfiqlik münasibətlərinə toxunan məsələlərlə bağlı öz mövqeyini açıq şəkildə ifadə etməyi təbii hesab edir”, - deyə diplomat bildirib.

Zaxarova Ermənistanın gələcək xarici siyasət kursunun dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, parlament seçkiləri özlüyündə müzakirələrin əsas səbəbi deyil, əsas məsələ Ermənistan rəhbərliyinin gələcəkdə hansı kursu seçəcəyidir.

Moskva Ermənistanın xarici siyasət prioritetləri və beynəlxalq birliklər çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə bağlı bütün məsələlərin açıq və predmetli dialoq yolu ilə aydınlaşdırılacağını gözləyir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Zaxarova  


Bizi "telegram"da izləyin