KİV: ABŞ Ermənistanın yeraltı sərvətlərinin işlənməsindən nə əldə edəcək?

2026/05/1777970451.jpg
Oxunub: 228     14:59     04 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən sonra da Ermənistan hakimiyyəti nadir faydalı qazıntılarla bağlı imzalanmış memorandumun detallarını açıqlamır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “ABŞ Ermənistanın yeraltı sərvətlərinin işlənməsindən nə əldə edəcək?” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, ABŞ dövlət katibi İrəvanda üç sənəd imzalayıb. Həmin sənədlərdən biri ABŞ tərəfinə yeraltı sərvətlərdən istifadə ilə bağlı imtiyazlı şərtlərin verilməsini nəzərdə tutur.

Nəşrin yazdığına görə, Nikol Paşinyan jurnalistlərlə söhbətində sənədin yalnız bəzi detallarını açıqlayıb. O bildirib ki, ABŞ ilə Ermənistanın yeni geoloji xəritəsinin hazırlanması istiqamətində işlər aparılacaq.

“40-50 il əvvəl elmi maraqdan başqa heç bir əhəmiyyət daşımayan bəzi faydalı qazıntılar bu gün iqtisadiyyat, istehsal və sənaye, süni zəka və texnoloji məhsulların istehsalı baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın yeraltı sərvətlərinin öyrənilməsi ABŞ tərəfi ilə birlikdə müasir texnologiyalar və müasir iqtisadiyyatın tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

Paşinyan vurğulayıb ki, imzalanmış memorandumda Ermənistanın geoloji xidmətlərinin imkanlarının inkişaf etdirilməsi də nəzərdə tutulur.

“Yeraltı sərvətlərin öyrənilməsi həmişə qazma işləri ilə aparılmır, bu məqsədlə kosmik texnologiyalardan da istifadə olunur”, - deyə o qeyd edib.

Məqalədə isə bildirilir ki, Nikol Paşinyan ABŞ ilə əməkdaşlığın Ermənistan üçün faydalı olduğunu göstərməyə çalışır.

Müəllifin fikrincə, ABŞ Ukrayna, Qazaxıstan və digər ölkələrlə bağladığı sazişlərdə olduğu kimi, Ermənistanın yeraltı sərvətlərindən istifadə etmək üçün xüsusi hüquqlar əldə etməyə çalışır.

“Bunun müqabilində Vaşinqton Ermənistan üçün siyasi və ya təhlükəsizlik zəmanətləri vermir, yalnız Nikol Paşinyana siyasi dəstək nümayiş etdirir. Əslində Paşinyana bundan artıq heç nə lazım deyil. Ona yalnız Qərbin onun qanunsuz hərəkətlərinə göz yumması lazımdır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin