Moskvanın İrəvana xəbərdarlığı: Rusiya bazarı olmadan Ermənistan kənd təsərrüfatı məhsullarının əsas ixrac istiqamətini itirə bilər

2026/04/1775888747.jpg
Oxunub: 276     13:58     04 İyun 2026    
“Ermənistan və Rusiya arasında iqtisadi münasibətlərlə bağlı səslənən bəyanatlar getdikcə daha sərt xarakter almağa başlayıb. Moskvadan gələn son siqnallar xüsusilə kənd təsərrüfatı sahəsinə aiddir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “Moskvanın İrəvana xəbərdarlığı: Rusiya bazarı olmadan Ermənistan kənd təsərrüfatı məhsullarının əsas ixrac istiqamətini itirə bilər” başlıqlı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, əgər Ermənistan Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirər və Avrasiya İqtisadi Birliyinin iqtisadi məkanından uzaqlaşarsa, erməni istehsalçıları Rusiya bazarında ciddi problemlərlə üzləşə bilərlər.

Nəşrin yazdığına görə, bu xəbərdarlıqlar xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün həssas məsələdir. Uzun illər ərzində Ermənistanın pomidor, xiyar, bibər, göyərti, meyvə və emal olunmuş kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı məhz Rusiya bazarı olub.

“Bir çox təsərrüfatlar faktiki olaraq məhz həmin ixrac modelinə əsaslanaraq formalaşıb”, - deyə məqalədə qeyd olunur.

Nəşr bildirir ki, son aylarda Ermənistan kənd təsərrüfatı məhsullarına qarşı artıq bir sıra məhdudiyyətlər tətbiq edilib. Rusiya nəzarət orqanları müxtəlif səbəblərlə bəzi məhsullara müvəqqəti qadağalar və əlavə yoxlamalar tətbiq edib ki, bu da istehsalçılar arasında narahatlıq yaradıb.

Məqalədə vurğulanır ki, Moskvadan səslənən son bəyanatlar bir çoxları tərəfindən İrəvana ünvanlanmış siyasi və iqtisadi mesaj kimi qiymətləndirilir.

“Ekspertlərin fikrincə, problem yalnız ixrac həcmlərinin azalması ilə məhdudlaşmır. Əgər erməni istehsalçıları Rusiya bazarını itirərsə, qısa müddətdə alternativ bazarlar tapmaq olduqca çətin olacaq.

Avropa bazarları fərqli standartlar, əlavə sertifikatlaşdırma prosedurları, yeni logistika sistemləri və ciddi investisiyalar tələb edir”, - deyə məqalədə qeyd edilir.

Nəşrin qənaətinə görə, belə vəziyyətdə ən böyük zərbə məhz fermerlərə, eləcə də kiçik və orta istehsalçılara dəyə bilər. Çünki onlar hazırda məhsullarının satışında əsas imkan kimi Rusiya bazarını görürlər.

Məqalədə bildirilir ki, ixrac bazarının itirilməsi gəlirlərin azalmasına, məhsul satışında çətinliklərə və istehsalın azalması riskinə səbəb ola bilər.

“Xarici siyasətlə bağlı hər bir qərarın iqtisadi nəticələri də olur. Ermənistan üçün kənd təsərrüfatı məhsullarının ixracı artıq təkcə iqtisadi məsələ deyil, minlərlə ailənin gəlirləri, regionların sosial sabitliyi və ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır”, - deyə nəşr vurğulayıb.

Məqalədə sonda qeyd olunur ki, Moskvadan gələn xəbərdarlıqlar yaxın aylarda Ermənistan-Rusiya iqtisadi münasibətlərinin ölkənin siyasi və iqtisadi gündəminin əsas mövzularından birinə çevrilə biləcəyini göstərir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   İrəvan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin