Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Fondsk.ru” nəşri “Ermənistan seçkilər ərəfəsində: Paşinyanın Putinə cavabı, qonşularla danışıqlar və rəqəmsal “kölgələr” başlıqlı məqaləsində yazıb.
Məqalədə bildirilir ki, parlament seçkiləri üzrə seçkiqabağı kampaniyanın rəsmi başlanmasından sonra formal məzuniyyətə yollanan Ermənistanın baş naziri hazırda ölkənin Avropa İttifaqında və ya Avrasiya İqtisadi Birliyində qalması məsələsi üzrə referendum keçirilməsinə ehtiyac görmür. “...Obyektiv zərurət yaranan zaman bunu keçirəcəyik”, - deyə o bildirib.
Nəştrə görə, Rusiya-Ermənistan münasibətlərinin “qaçılmaz transformasiyası” fonunda İrəvanın hələlik Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşmadığı qeyd olunub. “Vətəndaş Müqaviləsi” partiyasının lideri əlavə edib:
“Bu mövzu ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Rusiya prezidenti ilə bu məsələ üzrə işgüzar müzakirələrimiz olub. Açıq şəkildə demişəm ki, həm de-yure, həm də de-fakt seçim zərurəti yaranmayana qədər biz belə bir məsələni gündəliyə gətirməyəcəyik. Mən “boşanma” ifadəsi ilə razı deyiləm, çünki bəzən dövlətlərarası münasibətləri nikahla səhv salırlar”.
Paşinyanın sözlərinə görə, Ermənistan həm Avrasiya İqtisadi Birliyinin bütün üzvlərinə, həm də birlikdəki iştirakına hörmətlə yanaşır, Rusiya ilə münasibətləri korlamaq niyyəti yoxdur, Vladimir Putinlə isə “qarşılıqlı etimada əsaslanan” işgüzar münasibətlər qorunub saxlanılır.
“Ən kəskin məsələləri sakit, hörmətli və dostluq şəraitində müzakirə etmişik”, - deyə o vurğulayıb.
Məqalədə qeyd olunur ki, mayın 4-də keçirilən Avropa Siyasi Birliyi sammitində Volodimir Zelenskinin səsləndirdiyi və Moskvada kəskin reaksiyaya səbəb olan açıqlamalarla bağlı Paşinyan hesab edir ki, ev sahibi ölkənin rəhbəri kimi senzura ilə məşğul olmamalıdır.
“Bu çoxtərəfli platformadır və insanlar öz fikirlərini ifadə etmək imkanı əldə etməlidirlər. Mənim iştirakımla Rusiya prezidenti Vladimir Putin müxtəlif ölkələrə münasibətdə bəyanatlar verib, amma xatırlamıram ki, Rusiya məndən buna reaksiya gözləsin”, - deyə Paşinyan bildirib.
Nəşr xatırladıb ki, gözlənildiyi kimi, Paşinyan yenidən seçkiqabağı kampaniyanı əsas gətirərək mayın 28-də keçiriləcək Avrasiya İqtisadi Birliyi Ali Şurasının növbəti iclasında iştirak etməyəcək. O, bu barədə Rusiya və Qazaxıstan rəhbərlərinə hələ aprelin 1-də məlumat verib. Ermənistanı həmin gün Astanada baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
“Mayın 9-da jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinə Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi arasında seçim məsələsi üzrə referendum keçirməyi təklif edib.
Avropa İttifaqında İrəvanı nə tamhüquqlu üzv, nə də namizəd kimi heç kim gözləmir və gözləmək niyyətində deyil. Bunun əvəzində kiçik Qafqaz ölkəsi Avrasiya İqtisadi Birliyində əhəmiyyətli güzəştlər əldə edir.
“Avropayönlü” gündəmə üstünlük veriləcəyi halda Rusiya “sivil boşanma” prosesinə başlamağa hazırdır. Moskva erməni xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcək, lakin Ukraynada dağıdıcı proseslərin məhz düşünülməmiş “Avrointeqrasiya” müzakirələri ilə başladığı vurğulanıb”, - deyə müəllif qeyd edib.
Erməni jurnalist və politoloq Beniamin Matevosyanın fikrincə, Ermənistanın özəlliyi ondan ibarətdir ki, reallıqdan uzaq Avropa ritorikasının pərdəsi arxasında ölkənin Brüssel strukturlarının maliyyə dəstəyi ilə Türk dünyasına inteqrasiyasından söhbət gedir.
Məqalədə qeyd olunur ki, İrəvan və Bakı Gürcüstan ərazisini keçmədən birbaşa sərhəd əlaqələrinin açılması ilə bağlı danışıqlar aparır. Sərhədlərarası ticarətin bərpası Ermənistanın xarici iqtisadi əlaqələrinin strukturunu ciddi şəkildə dəyişə bilər.
Nəşrə görə, Bakı limanını modernləşdirən Azərbaycan Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əsas tranzit qovşağı roluna iddia edir və Ermənistan da burada müəyyən güzəştlər əldə edə bilər.
Bununla yanaşı vurğulanır ki, bu, yalnız yaxşı davranış və irəli sürülən tələblərin qeyd-şərtsiz yerinə yetirilməsi halında mümkün olacaq.
“Yanvar ayında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, İrəvan və Bakı Ermənistandan Azərbaycana alüminium folqa, xammal, ferromolibden, ev heyvanları, konyak xammalı, tütün və tekstil məhsullarının ixrac imkanlarını müzakirə edir. Erməni KİV-lərinin məlumatına görə, Ermənistana neft məhsulları idxal edən şirkətlər iri sahibkarlar Xaçatır Sukiasyan və Samvel Aleksanyanla əlaqəlidir”, - deyə müəllif yazıb.
Məqalədə xatırladılır ki, hələ 2024-cü ildə İlham Əliyev bildirib: “İxrac imkanlarının genişləndirilməsi çərçivəsində Bakı Ermənistan ərazisindən elektrik ötürücü xətlərdən və qaz kəmərlərindən birinin keçirilməsinə icazə verir. Ermənistan potensial olaraq Azərbaycandan qaz alan ölkəyə çevrilə bilər”.
Nəşrə görə, Ağörəndə (Ağverən) keçirilən son danışıqların, o cümlədən biznes dairələri üzrə müzakirələrin və “İrəvan Dialoqu” forumu çərçivəsində baş tutan erməni-türk təmaslarının Rusiya ilə ticarət-iqtisadi əlaqələrin daha da zəifləyəcəyi halda müəyyən sığorta mexanizmi kimi təqdim oluna biləcəyi qeyd olunub.
Məqalədə bildirilir ki, Paşinyan artıq Türkiyə tərəfi tərəfindən ikitərəfli ticarətin asanlaşdırıldığını elan edir və paralel olaraq Qarabağın heç vaxt erməni ərazisi olmadığını qeyd edir. O, bunu guya həmin ərazidə heç nə inşa edilməməsi ilə əsaslandırır.
Müəllif qeyd edib ki, öz növbəsində Azərbaycan lideri erməni xalqını revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə böyük problemlər barədə xəbərdar edir.
“Seçkilərin nəticələrini dəqiq proqnozlaşdırmaq hazırda heç kim üçün mümkün deyil. Yerli “Gallup International Association” sosioloji agentliyinin məlumatına görə, potensial seçicilərin bir qədər çoxu, təxminən 24%-i hazırda “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır.
Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası isə 13%-dən çox göstərici ilə ikinci yerdə qərarlaşıb. Ondan sonra iş adamı Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası və ikinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku gəlir”, - deyə nəşr bildirib.
Məqalədə seçki yarışının olduqca gərgin xarakter daşıdığı, hətta “Güclü Ermənistan”ın seçki prosesindən uzaqlaşdırılması cəhdlərinə qədər sərt addımların istisna olunmadığı qeyd edilir. Müəllif bunu növbəti açıq anti-Rusiya jesti kimi qiymətləndirir.
Partiyanın regional ofislərində fasiləsiz axtarışların aparılması, telefonların dinlənilməsi, fəalların saxlanılması “hüquq-mühafizə orqanlarının” sevimli metodları kimi təqdim olunur. Xüsusilə də məhkəmə qərarlarının olmaması fonunda bu addımların narazılıq doğurduğu vurğulanır.
Eyni zamanda, məqalədə “Vətəndaş Müqaviləsi” funksionerlərinin Kreml tərəfindən aparıldığı iddia edilən “hibrid müharibə” ilə bağlı dövri açıqlamalarının ciddi təsdiq tapmadığı qeyd olunur.
Məqalədə bildirilir ki, bu dəfə “ağır artilleriya” kimi Böyük Britaniyanın Baş naziri Kir Starmerin hökuməti çıxış edib və sosial layihələndirmə agentliyini Ermənistanda “Rusiyayönlü təşkilatlar” yaratmaqda və hakimiyyət dəyişikliyinə təsir göstərməyə cəhddə ittiham edib.
“Britaniya tərəfi həmçinin “Dialoq” adlı internet-kommunikasiya sahəsində səlahiyyətlərarası mərkəzin fəaliyyətini Rusiya prezident administrasiyası və xüsusi xidmət orqanları ilə əlaqələndirib. İddia olunur ki, həmin qurum Ermənistanın daxili siyasətinə təsir kampaniyalarında iştirak edib.
Londondakı Rusiya səfirliyinin bəyanatında isə qeyd olunub: “Əvvəllər Kiyevdə dövlət çevrilişinə dəstək vermiş Londonun neo-müstəmləkə siyasəti indi Ermənistana qarşı yönəlib. Məhz Qərb Moldova və Rumıniya ssenarilərinə uyğun olaraq suveren dövlətlərin daxili işlərinə müdaxilədən imtina etməlidir”, - deyə müəllif yazıb.
Məqalədə əksinə, Ermənistan hakimiyyətinin özü tərəfindən “hibrid müharibə” üsullarından fəal şəkildə istifadə olunduğu, xüsusilə sosial şəbəkələrdə özləri üçün əlverişsiz tendensiyaları dəyişməyə çalışdığı bildirilir.
Qeyd olunur ki, əsas diqqət iri şəhərlərə və ilk növbədə paytaxta yönəlib. Məsələn, seçkiqabağı kampaniyanın başlanması ərəfəsində və dərhal sonra uzun illər “qış yuxusunda” olmuş onlarla sosial şəbəkə səhifəsi yenidən aktivləşib. Həmin səhifələr 2020-2023-cü illərdə, əvvəlki parlament və İrəvan Ağsaqqallar Şurasına seçkilər ərəfəsində yaradılmışdı.
Onların guya göstəriş əsasında “Vətəndaş Müqaviləsi”nin lehinə və rəqiblərinin əleyhinə “qarayaxma” materialları yaymağa başladığı qeyd olunur.
Məqalədə vurğulanır ki, minlərlə, hətta on minlərlə dollar vəsait hədəfli reklam kampaniyalarına xərclənsə də, “Meta” korporasiyasının arxivində müvafiq elanlar saxlanılmır. Çünki müəlliflər paylaşımlarını “siyasi reklam” kimi qeyd etməməyin, kölgədə qalmağın və şəxsi məlumatları gizlətməyin yollarını tapırlar.
“Bu isə birbaşa “Facebook” və digər sosial şəbəkələrin qaydalarına zidd hesab olunur. Lakin adətən belə hallarda olduğu kimi, “doğru” namizədi irəli çəkmək məqsədi qarşıya qoyulubsa, heç bir “qayda” işləmir. Moldovada olduğu kimi, hamı Maya Sandunu və onun komandasını hər vasitə ilə irəli aparır, rəqiblərinə isə əsassız şəkildə müxtəlif üsullar aid edilir”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az