Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilib - FOTOLAR

2026/06/photo-12463947860.jpg
Oxunub: 235     13:02     04 İyun 2026    
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Gənc tədqiqatçılar” adlı IV elmi-praktik konfrans keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Konfransda Dövlət Sərhəd Xidməti Akademiyasının professor-müəllim, kursant heyəti, İnformasiya Texnlogiyaları İnstitutunun vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik fəaliyyəti zamanı əldə etdiyi nailiyyətlərdən, xüsusi təyinatlı təhsil müəssisəsinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması, intellektual potensialının inkişaf etdirilməsi və hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bəhs olunub. Daha sonra Xüsusi Məktəbin keçdiyi inkişaf yolunu əks etdirən tanıtım videoçarx nümayiş etdirilib.

Konfrans çərçivəsində Akademiya və Xüsusi Məktəbin kursantları tərəfindən hazırlanmış elmi-tədqiqat işləri təqdim olunub, müxtəlif istiqamətləri əhatə edən məruzələr dinlənilib, müasir dövrdə elmi araşdırmaların əhəmiyyəti, innovativ yanaşmaların tətbiqi və gənclərin elmi fəaliyyətə cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda gənc tədqiqatçıların elmi yaradıcılığa marağının artırılmasının, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsinin və əldə olunan nəticələrin elmi mühitə təqdim edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb, konfransın bu istiqamətdə mühüm platforma olduğu qeyd edilib.

Tədbirin sonunda məruzələri ilə fərqlənən kursantlar təltif olunub, konfrans materiallarından ibarət nəşr iştirakçılara təqdim edilib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Konfrans  


Bizi "telegram"da izləyin