Cənubi-Şərqi Asiya Tramp və Putinin beşiyində: Ailə fotoları bəşəriyyəti xilas edə bilərmi - ANALİZ

2017/11/23634945_1484781884973759_1420267571_n_4532250027.png
Oxunub: 809     16:43     15 Noyabr 2017    
Vyetnamın Dananq şəhərində noyabrın 10-da başlayan ATES sammiti elə ilk gündəcə Rusiya nümayəndə heyətini bu qədər uzun yol gəldiklərinə məyus olmağa məcbur etdi.

ABŞ prezidenti görüşün keçirilməsini arzulamadığı təqdirdə, bu səfər Vladimir Putinin də cədvəlinə daxil edilə bilməzdi. Lakin, hər zaman süprizlərlə yadda qalan Donald Trump, bu dəfə də özünə sadiq qalaraq son anda planlarından imtina etdi.

Beləliklə, ATES zirvəsində bir neçə bənddən ibarət kiçik bir sənəd olmasaydı, Dananq şəhəri geosiyasi xəritədə xoşagəlməz və qeyri-adi bir ləkə kimi qala bilərdi. Dünyanı rahatladan, sadə bir əl-ələ görüşməsinə aparan yol bir çox maneələrdən keçməli oldu.


Rusiya prezidenti Vladimir Putinin Vyetnama, bu görüşə getməzdən əvvəl çox tərəddüd etdiyi məlumdur. Rusiya liderinin iştirakı üçün yeganə inandırıcı səbəb ABŞ prezidenti ilə görüş ola bilərdi. Donald Trump rusiyalı həmkarı ilə qarşıdakı danışıqların ilkin anonsunu elan etməsəydi, Vyetnam səfərinə çox güman ki, baş nazir Dmitri Medvedev getməli olacaqdı. O, artıq prezidenti keçən dəfəki sammitdə əvəz etmişdi, əlavə olaraq baş nazirin sammitdən dərhal sonra Şərqi Asiyaya, Filippinin paytaxtı Manilada keçiriləcək ASEAN ölkə liderlərinin sammitində iştirak etmək üçün səfəri də təsdiqlənmişdi.

ABŞ prezidenti səfər öncəsi “Putin çox vacibdir” deməsi və hətta müzakirə olunacaq ortaq mövzuları səsləndirməsi rəsmi Kremlin planlarına dəyişiklik etməsinə səbəb oldu. Donald Trump Şimali Koreya, Suriya və Ukraynadakı vəziyyəti Rusiya prezidenti ilə müzakirə etmək niyyətində olduğunu bəyan etdikdən sonra Rusiya xarici işlər nazirliyi də eyni tonda cavab verərək bildirdi ki, rəsmi Kreml də bu istiqamətdə əməkdaşlıq etmək niyyətindədir. Bu isə, qarşıdan gələn tamhəcmli görüşün razılığının verilməsi demək idi. Bütün gözlənilməz hadisələr də bundan sonra başladı.

Dananq səfərinə təyyarə ilə on saat vaxt sərf etdikdən sonra Rusiya prezidenti sammitə vaxtında gəldi. Trampun yolu isə nisbətə daha qısa idi. O, böyük bir Asiya turunu tamamlayaraq Çindən Dananqa uçurdu. Amma ABŞ prezidenti sammitin açılış mərasiminə gecikdi, sonra isə ümumiyyətlə birinci gün keçiriləcək bütün işçi göruşlərə qatılmaqdan imtina etdi.

Dəhlizlərdə hamı əsəbi idi. Jurnalistlər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovu suallarla bezdirmişdilər. O, isə diplomatik qaydalara uyğun olaraq sərt ifadələrdən qaçaraq “Amerikalı həmkarlarımızdan ziddiyətli məlumatlar daxil olur” kimi yumşaq ifadələrlə hələ də görüşün baş tutacağına ümid edirdi.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə, sonda diplomatik danışıq tərzindən imtina edərək ABŞ prezidentinin ətrafını sərt tənqid edərək onları lazımsız bürokrat kütlə adlandırdı. Doğrudan da Moskva üçün xoşagəlməz, Vaşinqton üçün açıq-aşkar şəkildə çirkin bir vəziyyət yaranmışdı və bu anormal vəziyyəti həll etmək mümkün deyildi.

Putin və Trump yalnız bütün rəsmilər eyni ölçüdə olan və əyinlərinə uyğun gəlməyən milli köynəklərdə ailə fotoqrafı çəkdirərkən görüşdülər. 3- 4 saniyəlik görüşdə Tramp Putindən “ABŞ-da keçirilən seçkilərə Rusiyadan edilən müdaxilələrdən xəbəriniz varmı?” sualına mənfi cavab alıb.

Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanları 2016-ci il prezident seçkiləri zamanı Demokratlar partiyasının serverlərinin Rusiya müdafiə nazirliyi ilə əlqəli olan “Fancy Bear” xaker qrupu ilə birgə işlədiyini iddia edirlər. Guya, Rusiya Donald Trampı Hillari Klintona nisbətən daha məqbul namizəd kimi qəbul edib.

Rusiya və Amerika prezidentləri əvvəlki toplantılarda ailə fotoşəkili çəkdirərkən adətən onları fərqli tərəflərdə yerləşdirirdilər. Bu dəfə isə, onlar yan-yana durdular və bu, şübhəsiz ki, protokol xidmətləri tərəfindən xoşagəlməz böhran vəziyyətini nisbətən yumşaq tonlara keçirtmək üçün atılan addım hesab olunur. Prezidentlər nəhayət bir birinin əllərini sıxdılar. Anlaşılmaz böhran vəziyyəti bir az düzələn şəkil aldı. Amma Rusiya Prezidentinin bu fotoqrafda nə qədər gərgin olduğu aşkar sezilirdi. Seçkiyə aid sualın ağırlığı hiss edilirdi.


Dönüş nöqtəsi ertəsi gün oldu. Çox qısa müddətli bir görüş oldu, Putin və Trump son olaraq Suriya mövzusunda ortaq bir bəyanat imzaladılar. Rusiya heyətindəki əhval ruhiyyə dəyişdi, hətta onların hərəkətlərində də bir az gümrahlıq hiss olundu. Jurnalistlər önünə Putin yaxşı əhval ruhiyyədə çıxdı. Əlbətdə ki, əsas suallar Trump ilə görüş barəsində idi.

Putin “dəhşətli bir şey baş vermədiyini, prezidentlərin iş qrafiklərinin sıx olduğunu və komandalarının formal protokol qaydalarının öhdəsindən gələ bilmədikləri səbəbindən görüşün baş tutmadığını” söylədi. “Münasibətlərimiz hələ də böhrandan çıxmayıb. Rəsmi görüş baş tutmasa da sammitin gedişində danışdıq. Lakin, biz Suriya barədə müştərək bəyanatı razılaşdırdıq”, - deyə Rusiya prezidenti əlavə edib.

Əslində 3 dəqiqəlik görüşdə heç nə razılaşdırıla bilməz. Belə sənədlər aylarla əvvəlcə səfirliklər, sonra isə XİN və müşavirlər xətti ilə müzakirə olunur, uyğun toplantıların birində imzalanır. Suriya üzrə razılaşmanın mətni ABŞ dövlət departamentinin saytında yerləşdirilib. Bu razılaşmaya görə, prezidentlər Suriyanın suvereniliyini, müstəqilliyini, ərazi bütövlüyünü və dövlət idarəetməsini dəstəkləyirlər. Burda təzə heç bir nöqtə də yoxdur. Bütün bu müddəalar ABŞ və Rusiyanın da üzvü olduğu BMT-nın Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində öz əksini tapıb.

Əslində “formal protokol qaydası” dedikdə Rusiya prezidenti nəyi nəzərdə tuturdu?


Bu sualın cavabı üçün bir az əvvələ diqqət yetirməliyik. Son dəfə Putin ilə Tramp arasında görüş 7-8 iyul 2017-ci ildə Hamburqda G-20 zirvə sammitində baş tutub. Həmin görüşdə ABŞ ev sahibi qismində görüş yerini təyin etmişdi. 2 saat 15 dəqiqə sürən görüşün ardından, axşam yeməyinə də prezidentlər birlikdə yollandılar. Tramp şəxsən özü Putinin yanında oturaraq söhbətə başlamışdı. Bu dəfə isə, görüş yerini Rusiya tərəfi seçməli idi.

ABŞ Almaniya ilə NATO-da müttəfiq olduğu üçün orada özünü ev sahibi kimi, Rusiya isə Vyetnam ilə hərbi- texniki əməldaşlığa görə özünü ev sahibi kimi təqdim etmək istəyirdi.

Əslində Rusiyanın mövqeyi haqlı idi. Növbə, Moskvanın idi. Maraqlıdır ki, bizim də zaman-zaman qarşılaşdığımız ikili standatlarla indi onu bizə tətbiq edənlər rastlaşır. Bu, bumeranq effektinə çox bənzəyir.


Digər bir tədbir isə, ATES sammitinə paralel olaraq başlayan, Filippində keçirilən ASEAN ölkələrinin 31-ci sammiti idi. Əsas aparıcı dövlət və hökumət başçıları Vyetnamda olduqlarına görə, ASEAN sammitinin əsas tədbirləri 13-14 noyabr tarixlərində keçirildi. Rusiya prezidenti Vladimir Putini bu sammitdə baş nazir Dmitri Medvedev əvəz edirdi. ABŞ prezidenti isə sammitdə iştirak üçün Manilaya gəldi, Filippin milli geyimində ailə fotoqrafi çəkdirdi və daha sonra sammitin qrafikində gecikmələr olduğunu bəhanə edərək sammiti tərk etdi. Onu isə, dövlət katibi Reks Tillerson əvəzlədi.

ASEAN ölkə liderləri, sammitin yekununa işçi miqrantların hüquqlarını müdafiə edən razılaşmani imzaladılar.

Digər imzalanan sənəd, ASEAN ölkələri ilə Çin arasında Cənubi-Çin dənizində davranış Kodeksi oldu. Sammitdə Çini təmsil edən dövlət katibi Li Kesyan bu Kodeksin regionda gərgin vəziyyətin stabilləşməsi üçün vacib faktor olacağını söylədi. Bu Kodeksin şərtlərinə görə, Çin Cənubi-Çin dənizindən keçən su və hava yollarının hamıya açıq və sərbəst olması ilə razılaşdı.

Sammitə ayrılan vaxtın yarıdan çox hissəsi terrorizmlə mübarizəyə aid müzakirələrə həsr olunub. Sammit iştirakçıları terrorist qruplaşmaları ilə birgə mübarizə aparmaq üçün razılığa gəlsə də konkret sənəd imzalanmayıb.

Filippin prezidenti Dutrete bütün iştirakçı dövlət liderlərinə KXDR-in keçirdiyi nüvə sınaqlarından narahat olduqları barədə məlumat verib. O. Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı rəsmi Tokionun Pxenyana qarşı mövqeyini dəstəkləyib.


Göründüyü kimi hər iki sammit iştirakçıları qlobal problemlərin müzakirələrindən çox regional və lokal məsələlərlə məşul oldular. İstər Vyetnamda keçirilən ATES sammitində, istərsə də Filippində keçirilən ASEAN sammitində ciddi və qlobal əhəmiyyətli heç bir sənəd qəbul edilmədi. Halbuki, Şimali Koreyanın nüvə sınaqları, Myanmada vətənlərini tərk edən 600 min qaçqın müsəlmanın taleyi, Suriyanın gələcəyi, Krımın ilhaqı, GUAM ölkələrinin suveren dövlət ərazilərinin işğala məruz qalması və s. təcili həllini gözləyən qlobal problemlər hesab edilir.

Sadalanan ölkələrdə 100 milyondan çox insan və 10 milyona yaxın həmin ölkələrdən olan qaçqın və məcburi köçkünlər bu sammit və toplantılarda dövlət rəhbərlərinin hansı qərarlar qəbul edəcəklərini ümidlə gözləyirdilər. Əfsuslar olsun ki, dünyamızı rahatladacaq və insanları öz vətənlərində yaşaya biləcək şəraitin yaradılması üçün ciddi bir qərar qəbul edilmədi. İrəliyə doğru hər hansı bir addım atıldığını da demək çətindir.

Zaman isə gözləmir.

Hərbi ekspert Ədalət Verdiyev


Teqlər: ATES   ASEAN  


Xəbər lenti