Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşrinin “Vochtrkatsmane.ug” layihəsinin materialına istinadən dərc etdiyi “Fransadan etimadsızlıq: diaspor Paşinyandan üz döndərib” başlıqlı məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, 2018-ci ildə baş verən “Məxməri inqilab”dan sonra Nikol Paşinyan diasporla bağlı böyük vədlər vermiş, xaricdə yaşayan ermənilərin Ermənistanın siyasi sisteminə inteqrasiyasını vəd etmişdi.
Lakin müəlliflərin fikrincə, bu vədlərin əksəriyyəti yerinə yetirilməyib.
Nəşr yaxın günlərdə keçiriləcək parlament seçkilərinə diqqət çəkərək bildirir ki, xaricdə yaşayan ermənilərin əksəriyyəti səsvermədə iştirak etmək istəsə də, bunun üçün imkan yaradılmayıb.
“Ermənistan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, vətəndaşlar yalnız ölkə daxilində səs verə biləcəklər. Xaricdə seçki məntəqələri açılmayacaq”, - deyə məqalədə qeyd olunur.
Müəlliflər hesab edirlər ki, bu qərar xaricdə yaşayan ermənilərin seçki hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.
Məqalədə hakimiyyətin böyük ümidlər bağladığı “iGorts” proqramına da toxunulub.
Bildirilir ki, proqram xaricdə yaşayan erməni mütəxəssislərin dövlət idarəçiliyinə cəlb olunması məqsədi daşısa da, iştirakçılar onu istehza ilə “xaricdə yaşayanların şousu” adlandırıblar.
“Elm, informasiya texnologiyaları, səhiyyə, siyasət və iqtisadiyyat sahələrində çalışan diaspor nümayəndələrinin potensialından tam istifadə edilməyib. 2020-ci ildən indiyədək proqramda cəmi 200-ə yaxın şəxs iştirak edib. Ermənistan hüdudlarından kənarda təxminən 10 milyon etnik erməninin yaşadığı nəzərə alınarsa, bu rəqəm olduqca kiçik görünür”, - deyə müəlliflər vurğulayıblar.
Nəşr Diaspor Məsələləri üzrə Baş Müvəkkilin Ofisinin fəaliyyəti ilə bağlı tənqidlərə də yer verib.
Məqalədə bildirilir ki, qurumun rəhbəri Zareh Sinanyan və digər əməkdaşlar yüksək mükafatlar alsalar da, fəaliyyətlərinin nəticələri ciddi suallar doğurub.
“Zareh Sinanyan açıq şəkildə bəyan edib ki, onun vəzifəsi hakimiyyətin mövqeyini diaspora arasında təbliğ etməkdir”, - deyə məqalədə qeyd olunub.
Müəlliflər bunun diasporun inteqrasiyası deyil, təbliğat fəaliyyəti olduğunu iddia edirlər.
Məqalədə Paşinyanın diaspora təşkilatları ilə bağlı bəzi açıqlamalarına da diqqət çəkilib.
Bildirilir ki, Baş nazir vaxtilə diaspora təşkilatlarının böyük hissəsinin Ermənistan siyasi qüvvələri ilə əlaqəli olduğunu, hazırda isə bu əlaqələrin zəiflədiyini söyləyib.
Fransa mediası isə Ermənistan əsilli siyasətçilərin Fransa siyasi sistemində yüksək vəzifələr tutduqlarını xatırladaraq diasporun həmin ölkəyə uğurla inteqrasiya olunduğunu vurğulayıb.
Nəşr sonda 2021-ci ildə “Armenian Diaspora Survey” tərəfindən aparılmış sorğunun nəticələrinə istinad edib. Sorğuya əsasən, Qərbi Avropada yaşayan respondentlərin yarıdan çoxu Ermənistanda daimi yaşamaq niyyətində olmadığını bildirib.
“Yalnız 28 faiz gələcəkdə nə vaxtsa Ermənistana köçmək ehtimalını istisna etməyib. Ermənistan hakimiyyətinin diaspora siyasəti daha çox görüntü xarakteri daşıyır və xaricdə yaşayan ermənilərin gözləntilərini doğrultmur”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az