“Polad Günbəz”in lazer gücü olan ALKA-nın imkanları artırılır

2026/06/1780574410.jpg
Oxunub: 219     15:59     04 İyun 2026    
Türkiyə müdafiə sənayesi tərəfindən təhlükəsizlik qüvvələrinin istifadəsinə verilən və “lazer silahı” kimi tanınan ALKA Yönləndirilmiş Enerji Silah Sistemi yeni imkanlarla təkmilləşdirilməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə ROKETSAN-ın Silah Sistemləri və İnteqrasiya Direktoru Koray Dayanç “Anadolu” Agentliyinə müsahibəsində bildirib.

Dayanç qeyd edib ki, 2018-2019-cu illərdə xüsusilə kritik infrastruktur və obyektlərin pilotsuz uçuş aparatı təhdidlərindən qorunması məqsədilə yönləndirilmiş enerji silah sistemləri üzrə texnologiya inkişaf etdirməyə başlayıblar.

Onun sözlərinə görə, daha sonra Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən elan edilən və ASELSAN ilə TÜBİTAK BİLGEM-in də iştirak etdiyi müsabiqədə yeganə pilotsuz uçuş aparatını məhv edə bilən həll təqdim etdikləri üçün qalib gəliblər. Bununla da ALKA sisteminin yaradılmasına başlanılıb və ilk təhvil prosesi həyata keçirilib.

Koray Dayanç bildirib ki, sistem əvvəlcə ölkə daxilində kritik obyektlərin qorunması, daha sonra isə əməliyyat bölmələrinin xüsusilə kütləvi kamikadze pilotsuz uçuş aparatı hücumlarından müdafiəsi üçün inkişaf etdirilib.

“İlk olaraq 2,5 kilovat gücündə olan sistemimiz sonradan 5 və 10 kilovat səviyyəsinə çatdırılıb. Bu gün pilotsuz uçuş aparatı təhdidlərinin sürəti və növləri artıb. Əvvəllər onların hamısı radioidarəetmə ilə işləyirdi, indi isə kabel vasitəsilə idarə olunan modellər meydana çıxıb və radioelektron mübarizə tədbirlərinə qarşı daha davamlı olublar. ALKA həm “soft kill”, həm də “hard kill” imkanları əldə edərək öz aktuallığını qoruyur”, - deyə Dayanç bildirib.

O qeyd edib ki, 10 kilovat gücündə olan sistem artıq silahlanmaya qəbul edilib və əməliyyat şəraitində istifadə olunur.

Dayançın sözlərinə görə, təhdidlər sürətlə inkişaf etdiyi üçün aşkarlama və müəyyən etmə müddətini azaltmaq məqsədilə radar sistemlərində yenilənmələr aparılıb. Bundan əlavə, daha çox hədəfin aşkarlanması üçün yeni radar texnologiyalarının tətbiqi istiqamətində işlər davam etdirilir.

ROKETSAN rəsmisi bildirib ki, ALKA sisteminə süni zəka alqoritmləri də inteqrasiya olunub.

“Pilotsuz uçuş aparatı sayı kəskin artdıqda əməliyyat reaksiyası müddətini azaltmaq üçün alqoritmləri komanda-idarəetmə sisteminə daxil etmişik. Həm aşkarlama müddətini, həm prioritetləşdirməni, həm də operatorun üzərinə düşən vaxt yükünü azaltmağa yönəlmiş tədbirlər görmüşük. Sahədən daxil olan rəylər əsasında sistemi daim təkmilləşdiririk”, - deyə o vurğulayıb.

Dayanç qeyd edib ki, hədəfin materialının qalınlığına, vurulma nöqtəsinə və lazer enerjisinə uyğun olaraq pilotsuz uçuş aparatları 1-5 saniyə ərzində sıradan çıxarıla bilir. “Enerji gücümüzü davamlı artırırıq. Güc artdıqca hədəfin məhv edilməsi üçün lazım olan vaxt daha da azalır”, - deyə o bildirib.

Koray Dayanç vurğulayıb ki, ALKA kritik infrastrukturu, hərəkətdə olan bölmələri və hərbi bazaları qoruyarkən hava hücumundan müdafiə sistemlərinin son müdafiə xətti rolunu oynayır. O bildirib ki, ALKA gələcəkdə “Polad Günbəz” çoxtəbəqəli hava hücumundan müdafiə sisteminin lazer komponenti kimi fəaliyyət göstərəcək.

“ROKETSAN olaraq ALKA bizim davamlı inkişaf etdirdiyimiz yönləndirilmiş enerji sistemidir. Sahədən əldə etdiyimiz təcrübə və rəylər əsasında Türkiyə Silahlı Qüvvələrinin gələcək ehtiyaclarını da qarşılayacaq şəkildə inkişaf etdiririk. Xüsusilə “Polad Günbəz”in lazer gücü olaraq ALKA-nın çoxtəbəqəli hava hücumundan müdafiə elementlərindən biri olmasını və son mərhələdə “hard kill” funksiyasını yerinə yetirməsini planlaşdırırıq”, - deyə Dayanç bildirib.

ALKA-nın gələcək inkişafı barədə danışan Dayanç enerji gücünün daha sürətlə artırılacağını vurğulayıb.

“Artıq inkişaf tempi daha yüksək olacaq. 2 dəfə deyil, bəlkə də 5, 10 və 20 dəfə artımlar görəcəyik. Çünki təhdidlər çox sürətlə və asimmetrik şəkildə inkişaf edir. Buna görə də güc əmsalını sürətli şəkildə artıracağıq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polad-Günbəz   ALKA   Türkiyə  


Bizi "telegram"da izləyin