Ermənistanda Sual Edirlər... Şuşanın İtirilməsi, Uğursuz Əks-Hücum, Qərargahdakı "Təsadüfi Şəxslər": Kim Cavab Verəcək?

2026/05/1779174629.jpg
Oxunub: 235     17:10     04 İyun 2026    
“Bu günlərdə Arabkir inzibati rayonunda Nikol Paşinyanın seçki kampaniyası zamanı növbəti insident baş verib. O, 44 günlük müharibə zamanı itkin düşmüş təcrübəli hərbi həkim, polkovnik-leytenant Hrant Papikyanın bacısı ilə mübahisə edib. Papikyan 44 günlük müharibə zamanı Hadrut istiqamətində yerləşən hərbi birləşmənin tibb xidmətinin rəisi olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Avinyan və komandası 44 günlük müharibədə nə edib, nə vaxt susacaqlar?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu hadisə fonunda İrəvan meri, “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədi Tiqran Avinyan “Factor TV”yə müsahibəsində 44 günlük müharibə zamanı Qarabağdan qaçanlar mövzusuna toxunub.

“Qarabağdan həqiqətən qaçanlar indi elə yüksək səslə danışırlar ki... Mən də Qarabağdakı 44 günlük müharibənin ilk günündən demək olar ki, orada olmuşam. Çox yaxşı bilirəm kim orada olub, kim nə danışıb, kim qaçıb və indi həmin qaçanların dilləri kilometrlərlə uzanıb”, - deyə o bildirib.

Müəllif bildirib ki, onun “niyə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmur?” sualına cavabı belə olub: “Təəssüf ki, konkret həmin hallarda könüllülərin qaçmasına görə insanları cinayət məsuliyyətinə cəlb etməyin mümkün olub-olmadığına əmin deyiləm. Amma o dəqiqdir ki, onların demək olar heç biri real mübarizə və müharibə ilə əlaqəli olmayıb və indi müharibə və qurbanlar barədə danışırlar, halbuki buna heç bir haqları yoxdur.

Mən həmin vaxt ölkənin baş nazir müavini idim və demək olar son günə qədər Qarabağda olmuşam. Mənim maşınıma atəş açılıb, Şuşa yaxınlığında qalıb, sürücüm yaralanıb, protokol rəhbərim 9 yerdən yaralanıb, ofis rəhbərim Şuşada gecə döyüşlərinin iştirakçısı olub. Əslində biz Qarabağ müharibəsini çox yaxşı bilirik. Qoy sussunlar, yerlərində otursunlar, dillərini dişləsinlər. Onların nə Qarabağla, nə Qarabağ müharibəsi ilə əlaqəsi var, barmaqlarını belə tərpətməyiblər. Hətta ola bilsin ki, döyüş zamanı qəsdən əksinə hərəkət ediblər”.

Nəşr qeyd edib ki, təxminən bir ay əvvəl Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə Nikol Paşinyana müraciət edərək demişdi:

“Cənab Paşinyan deyir ki, generallar qaçıblar. Parlament rəhbərliyi və deputatlar ehtiyatda olan hərbçilərə ehtiyac duyulan yerə gəlmişdilər, hansı ki, müxtəlif səbəblərlə döyüş bölgəsini tərk etmişdilər. Amma deputatlar heç olmasa bir neçə saat ehtiyat qüvvələrlə işləməyi özlərinə rəva bilmədilər. İndi kim qaçıb? Generallar qaçıb, yoxsa orada olan parlament deputatları? Mən onların bəzilərini tanıyıram”.

“Digər məsələ isə odur ki, Seyran Ohanyan ad çəkməmişdi. Əvəzində, məhz biz bir neçə epizodu və adı xatırlatmışdıq və təbii ki, Tiqran Avinyanı da diqqətdən kənarda saxlamamışdıq. Onun 44 günlük müharibədəki roluna hələ 2023-cü ildə toxunmuşduq.

Avinyanın 44 günlük müharibədəki rolundan bəhs etdiyimiz növbəti məqalədə qeyd etmişdik ki, müharibə günlərində. 2020-ci il sentyabrın 30-da baş nazirin müavini Tiqran Avinyan “Hayastan” ümumerməni fondu tərəfindən həyata keçirilən fotovoltaik stansiyaların quraşdırılması proqramının təsdiqi barədə qərar qəbul edib.

Daha sonra Şuşanın işğalından bir neçə gün əvvəl. 2020-ci il noyabrın 5-də “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “o vaxtkı rəhbəri” Arayik Arutyunyan sosial şəbəkə hesabında Şuşada olduğunu bildirmişdi və yayımlanan fotolarda Tiqran Avinyan da görünürdü.

Yeri gəlmişkən, Tiqran Avinyan müharibə kontekstində ofis rəhbərini də xatırladır. Söhbət Serj-Varag Siseryandan gedir. O vaxt Siseryan Seyran Ohanyanı 2020-ci il noyabrın 5-i axşam saatlarında Şuşadan orada yerləşən son qruplara belə məlumat vermədən çıxmaqda ittiham etmişdi”, - deyə məqalədə qeyd edilib.

Müəllifin yazdığına görə, belə çıxır ki, Şuşada olan və oradakı əməliyyatlarla əlaqəli olan hakimiyyət nümayəndələri bu gün Şuşanın itirilməsinə görə yalnız keçmiş “müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandiri, general Mikael Arzumanyanı ittiham edirlər.

“Yeri gəlmişkən, hakimiyyət nümayəndələri əks-hücum əməliyyatının müzakirəsində də iştirak ediblər, halbuki onların buna hüquqları olmayıb. Tiqran Avinyan deyə bilərmi ki, niyə uğursuzluğu əvvəlcədən məlum olan əməliyyat planı təsdiqlənmişdi və hansı hesablamaya əsasən 7 noyabrda Şuşanın itirilməsindən sonra şəhərin geri alınması əmri verilmişdi? Həmçinin qərargahlarda və digər məkanlarda təsadüfi şəxslərin olmasının müharibənin nəticəsinə təsir edib-etmədiyini də izah edə bilərmi? Bəlkə də həmin şəxslərin iştirakı müəyyən “dosye”lərin hazırlanması üçün lazım idi...”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avinyan   Ermənistan  


Bizi "telegram"da izləyin