NATO ölkələri Ukraynanın “Patriot” raketləri üçün nəzərdə tutulan vəsaitdən 12 dəfə az ayırıblar

2026/06/1780578804.jpg
Oxunub: 225     17:08     04 İyun 2026    
Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığı ilə üzləşməkdə davam edir. Bu isə Rusiya ordusunun şəhərlərə hücumlarının intensivləşməsi fonunda mülki itkilərin artmasına səbəb olur.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, İranla müharibə “Patriot” raketlərinin çatışmazlığını daha da artırıb. Bundan əlavə, NATO Ukrayna üçün ABŞ-dən həmin raketlərin alınmasına ayrılan vəsaiti əhəmiyyətli dərəcədə azaldıb.

NATO-nun baş katibi Mark Rütte Kiyevə səfəri zamanı bildirib ki, alyans üzvləri ABŞ-dən silah alınmasını nəzərdə tutan PURL proqramı çərçivəsində Ukraynanın ehtiyacları üçün təxminən 6 milyard dollar ayırmağı öhdələrinə götürüblər.

Lakin “Politico” qeyd edir ki, bunun 5 milyard dolları hələ ötən il vəd olunmuşdu. Bu isə 2026-cı ilin ilk beş ayında cəmi 1 milyard dollar əlavə maliyyələşdirmə barədə razılıq əldə edildiyini göstərir.

Halbuki Mark Rütte cari il üçün 12 milyard dollar vəsait toplanmasını hədəf kimi müəyyən etmişdi. NATO nümayəndələri bildirirlər ki, üzv dövlətlər daha çox vəsait ayırmağa razılıq veriblər, lakin həmin qərarlar hələ yekun təsdiq mərhələsindədir.

Nəşrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski PURL proqramına əlavə maliyyə ayrılması barədə altı ölkə ilə razılıq əldə olunduğunu bildirib. Bununla belə, o, raket tədarükünün tempi və həcmini yetərsiz hesab edib.

Zelenskinin sözlərinə görə, problem təkcə maliyyədə deyil, həm də İran ətrafında baş verən hadisələrdən sonra tədarüklərin kəskin azalmasındadır. Bu vəziyyət “Patriot” sistemləri üçün PAC-2 və PAC-3 raketlərinin qıtlığını daha da dərinləşdirib. Həmin raketlər Ukraynada Rusiya raketlərinə qarşı ən effektiv vasitələrdən hesab olunur.

Zelenski bildirib ki, o, bir neçə ölkə ilə “Patriot” raketlərinin alınması növbəsində onların yerini tutmaq barədə razılığa gəlib.

“Lakin növbədə həmin yeri tutmaq yalnız müqavilənin ödənişi həyata keçirildikdən sonra mümkündür və biz bunun üçün pul ödəməliyik”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Məlumata görə, bu ölkələrdən biri Almaniya ola bilər. “Bloomberg”in məlumatına əsasən, Ukrayna Almaniyadan bu il mövcud ehtiyatlardan onlarla əlavə “Patriot” raketi verməsini xahiş edib.

Bunun əvəzində Kiyev gələcəkdə istehsal ediləcək və təhvil veriləcək raketləri Almaniyaya qaytarmağı təklif edib. Mənbələrdən birinin sözlərinə görə, Almaniya hökuməti müraciəti nəzərdən keçirir və hələ yekun qərar verməyib.

Bu qərarın iyul ayında keçiriləcək NATO sammiti ərəfəsində və ya sammit zamanı açıqlana biləcəyi qeyd olunur. Xatırladaq ki, Berlin aprel ayında Ukraynaya Patriot raketlərinin tədarükünü və yenilərinin alınmasını əhatə edən 4 milyard avroluq hərbi yardım paketi elan etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna  


Bizi "telegram"da izləyin