Finlandiya yeni “Pohjanmaa” sinfinə məxsus korvetini suya endirib

2026/06/rova--1780574721.jpg
Oxunub: 211     16:08     04 İyun 2026    
Finlandiyanın “Rauma Shipyard” gəmiqayırma zavodu Finlandiya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Pohjanmaa” sinfinə məxsus çoxməqsədli korvetlərin ikinci platformasını suya endirib.

Ordu.az xəbər verir ki, bununla da dörd gəmidən ibarət seriyanın bütün platformaları tammiqyaslı seriya istehsalı mərhələsinə daxil olub.

İkinci korvetin suya endirilməsi gəminin inşasına başlanmasından bir ildən az müddət sonra baş tutub. Bu hadisə 2025-ci ilin mayında suya endirilən və hazırda təchizat işləri davam edən ilk gəmidən sonra baş verib.

Layihə çərçivəsində üçüncü korvetin kil qoyma mərasimi keçirilib, dördüncü gəminin inşasına isə 2026-cı ilin yanvarında başlanılıb. “Pohjanmaa” sinfinə məxsus korvetlərin 2027-2029-cu illərdə Finlandiya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul olunması planlaşdırılır.

Finlandiya “Squadron 2020” proqramı çərçivəsində dörd ədəd “Pohjanmaa” sinfinə məxsus korvet sifariş edib. Yeni platformalar xidmət müddətinin sonuna yaxınlaşan “Rauma” və “Hämeenmaa” sinfinə məxsus ümumilikdə yeddi gəmini əvəz edəcək.

Proqramın əsas məqsədlərindən biri Finlandiyanın mühüm dəniz kommunikasiya xətlərinin və Baltik dənizində yerləşən sualtı infrastrukturun qorunmasıdır. Baltik regionunun sərt hava və dəniz şəraiti platformaların layihələndirilməsində əsas amillərdən biri olub.

Uzunluğu 117 metr olan korvetlər 70-dən çox ekipaj üzvünü və bir dəniz helikopterini daşımaq imkanına malikdir. 38 min at gücünə malik hərəkət sistemi ilə təchiz olunan gəmilər saatda 48 kilometrə yaxın sürətə çata bilir. Platformaların fəaliyyət radiusu 6 min 500 kilometrə qədərdir.

Korvetlər yanacaq doldurmadan 14 günədək dənizdə fəaliyyət göstərə biləcək. “Pohjanmaa” sinfinə məxsus korvetlər çoxtəbəqəli dəniz müharibəsi imkanları ilə seçilir.

Gəmilər “Israel Aerospace Industries” şirkətinin istehsalı olan “Gabriel” gəmi əleyhinə raketlərlə, “Saab” şirkətinin hazırladığı “Torped 47” yüngül torpedoları ilə və RIM-162 ESSM zenit-raket sistemi ilə silahlandırılıb. Platformalarda həmçinin uzaqdan idarə olunan silah sistemləri, dəniz artilleriya qurğuları, aldatma sistemləri və radioelektron mübarizə paketləri mövcuddur.

Bu xüsusiyyətlər sayəsində “Pohjanmaa” sinfinə məxsus korvetlərin eyni vaxtda suüstü hədəflərə qarşı mübarizə, sualtı müdafiə və hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirən çoxməqsədli platformalar kimi fəaliyyət göstərməsi nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Pohjanmaa  


Bizi "telegram"da izləyin