KİV: Ermənistan hakimiyyətini bu qədər sarsıdan nədir?

2026/05/1777970451.jpg
Oxunub: 179     16:11     04 İyun 2026    
“Türkiyə hakimiyyəti seçkilər öncəsi Ermənistandakı hakimiyyətin köməyinə çatmağa tələsib. Onlar Ermənistanı türk mənşəli məhsulların idxal olunduğu ölkələr siyahısına daxil etmək qərarı veriblər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyəti bu qədər sarsıdan nədir?” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilib ki, artıq iki ildir Ermənistan-Türkiyə sərhədi hətta üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün də açılmır, çünki bunu qardaş Azərbaycanın maraqları tələb edir. Lakin seçkilər ərəfəsində hakimiyyətə belə bir “misilsiz” təbliğat hədiyyəsi təqdim olunub.

Nəşrin yazdığına görə, əvvəllər Türkiyə məhsulları Ermənistana əsasən Gürcüstan kimi üçüncü ölkələrin adı altında gətirilirdisə, indi isə qəbul edən ölkə kimi Ermənistan göstəriləcək.

“Görün Ermənistan üçün necə böyük fədakarlıq ediblər. Türkiyə məhsulları yenə də başqa ölkələrin ərazisi vasitəsilə Ermənistana gələcək, sadəcə idxal edən ölkə kimi Ermənistan qeyd olunacaq. Ermənistan-Türkiyə sərhədi isə əvvəlki kimi bağlı qalacaq”, - deyə məqalədə qeyd olunub.

Nəşr bildirib ki, məhz bu məsələ Ermənistan hakimiyyətində böyük sevinc yaradıb və müxtəlif dövlət qurumları “görünməmiş nailiyyət”lə bağlı ard-arda bəyanatlar verməyə başlayıblar.

“Ermənistan Xarici İşlər Nazirliyi isə bunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin növbəti nəticəsi olduğunu bəyan edib.

“Ermənistanla ikitərəfli ticarətin həyata keçirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Türkiyənin qərarını alqışlayırıq. Bu qərar iki ölkə arasında ticarətin və biznes əlaqələrinin genişlənməsi, regionda iqtisadi bağlılığın təşviqi, sülh və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Ermənistan XİN-in bəyanatında bildirilib.

Bununla yanaşı, Ermənistan Dövlət Gəlirləri Komitəsi də iqtisadi subyektlərə “xoş xəbər” verərək bildirib ki, artıq Türkiyədən məhsul idxalı vasitəçilər olmadan həyata keçirilə bilər”, - deyə nər bildirib.

Müəllifin sözlərinə görə, qurumun açıqlamasında qeyd olunub ki, Türkiyədə qüvvəyə minmiş yeni qaydalara əsasən, ixrac olunan məhsullar üçün son təyinat nöqtəsi kimi Ermənistan göstərilə bilər.

“Əvvəllər Türkiyə təchizatçı şirkətləri gömrük bəyannamələrində Ermənistan şirkətlərini alıcı, Ermənistanı isə təyinat ölkəsi kimi göstərə bilmirdilər. Nəticədə məhsullar Ermənistana üçüncü ölkələr vasitəsilə təkrar ixrac formasında çatdırılırdı.

İndi isə Ermənistan şirkətləri Türkiyədən məhsulları birbaşa öz adlarına idxal edə biləcəklər”, - deyə komitənin açıqlamasında vurğulanıb.

“Ermənistan İqtisadiyyat Nazirliyi də bu qərarı “parlaq gələcək vizyonu” kimi təqdim edib.

Nazirlik bildirib ki, iki ölkə arasında birbaşa mal dövriyyəsinin həyata keçirilməsi üçün imkan yaranıb və bu, xərclərin, eləcə də çatdırılma müddətlərinin azalmasına, biznes üçün yeni bazarların və əməkdaşlıq imkanlarının genişlənməsinə səbəb olacaq.

Əslində Ermənistan iqtisadiyyatı bundan heç nə qazanmır və sərhədin açılması məsələsi də gündəmdə deyil. Ən yaxşı halda bu, gələcəkdə sərhədin açılması üçün zəmin yarada bilər. Amma hazırda sərhədin açılması ilə bağlı heç bir söhbət yoxdur və böyük ehtimalla seçkilərə qədər də olmayacaq”, - deyə müəllif yazıb.

Nəşr vurğulayıb ki, bu prosesdə əsas qazanan tərəf yenə Türkiyə olacaq. Çünki Ermənistan demək olar ki, Türkiyəyə heç nə ixrac etmir, əvəzində isə bazarını Türkiyə məhsulları ilə doldurur.

“Bu qərardan sonra Ermənistan məhsullarının Türkiyə bazarına axını baş verməyəcək. Necə olubsa, bundan sonra da elə davam edəcək. Ermənistan məhsulları üçün nə rəqabət üstünlüyü, nə də ixrac imkanı yaranır.

Vasitəçilərin aradan qalxması Türkiyə məhsullarının idxalı ilə bağlı müəyyən xərcləri azalda və onların Ermənistan iqtisadiyyatına daha çox daxil olmasını sürətləndirə bilər.

Türkiyə məhsulları nə qədər geniş yayılsa, Türkiyənin Ermənistan iqtisadiyyatına təsiri də bir o qədər artacaq. Bu xüsusilə Ermənistan-Türkiyə sərhədi açıldığı zaman daha aydın görünəcək”, - deyə nəşr qeyd edib.

Müəllifin sözlərinə görə, hazırda da Türkiyə dolayı yollarla Ermənistan iqtisadiyyatında ciddi paya malikdir. Hər il Ermənistana ən azı 250-300 milyon dollar dəyərində Türkiyə məhsulu daxil olur, halbuki Ermənistanın Türkiyəyə ixracı demək olar sıfır səviyyəsindədir.

Nəşr sonda vurğulayıb ki, Türkiyə Ümumdünya Ticarət Təşkilatının üzvü olmasına baxmayaraq, Ermənistan məhsullarına qarşı tətbiq etdiyi gömrük məhdudiyyətlərini aradan qaldırmasa, Ermənistan iqtisadiyyatı bu prosesdən heç bir fayda əldə etməyəcək.

“Əksinə, Ermənistan bu vəziyyətdə yalnız zərər görəcək”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin