1 iyun tarixində Ukrayna bir neçə Rusiya aviabazasına yüksək səviyyədə koordinasiya olunmuş Pilotsuz Uçuş Aparatları ilə (PUA) hücum təşkil etdi. “Operation Spiderweb” (Əməliyyat Hörümçək Toru) adlandırılan bu hücum, müharibə ərzində Ukraynanın ən cəsarətli və əhəmiyyətli əməliyyatlarından biri kimi tarixə düşdü. Hücum Rusiyanın strateji bombardmançı parkını ölkənin dərinliklərində hədəfə aldı. Budur, hücumda məhv edilən Rusiya bombardmançıları barədə ümumi məlumat.
Rusiyanın Bərpa Olunmaz Təyyarə İtkiləri
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, üç fərqli tipdə Rusiya təyyarəsi məhv edilib: “Tu-95 Bear”, “Tu-22M3 Backfire” və “A-50 Mainstay”. Hər bir təyyarə Rusiyanın nüvə triadası və uzaqmənzilli zərbə imkanları üçün həyati əhəmiyyət daşıyır.
“Tu-95” uzaqmənzilli qanadlı raket daşıyan strateji bombardmançı təyyarədir, “Tu-22M3” isə səsdən sürətli, dəyişən qanad konfiqurasiyasına malik, gəmi əleyhinə, həmçinin yerüstü hədəflərə zərbə endirə bilən bombardmançıdır. “A-50 Mainstay” isə havadan erkən xəbərdarlıq və idarəetmə (AEW&C) təyyarəsidir və təxminən ABŞ Hərbi Hava Qüvvələrindəki “Boeing E-6 AWACS” təyyarəsi ilə eyni vəzifəni daşıyır.
Ümumilikdə, Ukrayna 41 təyyarənin məhv edildiyini və ya zədələndiyini bildirib və bu, Rusiyanın hərbi strategiyasına ciddi zərbə və Ukrayna qüvvələri üçün heyrətamiz bir qələbədir.
Rusiyanın Bombardmançı Parkından Nə Qalıb?
Hücumdan əvvəl Rusiyanın strateji bombardmançı parkında 60 “Tu-95”, 60 “Tu-22M3” və 15 “Tu-160 Blackjack” təyyarəsi var idi – ümumilikdə 135 təyyarə. “Operation Spiderweb” zamanı 41 təyyarənin məhv edilməsi Rusiyanın strateji bombardmançı parkının təxminən üçdə birinə yaxınını təşkil edir.
Rusiyanın hazırkı sənaye imkanlarını nəzərə alaraq, bu bombardmançıları əvəz etmək ehtimalı demək olar ki, sıfırdır. Hədəf alınan üç bombardmançı modelinin istehsalı SSRİ-nin süqutundan sonra, 1991-ci ildə dayandırılıb və istehsal xətləri 30 ildir bağlıdır. Bu isə yeni təyyarələr istehsal etməyi faktiki olaraq mümkünsüz edir. Qeyd etmək lazımdır ki, Rusiyanın ehtiyatda olan və müxtəlif işlək vəziyyətdə saxlanılan təyyarələri mövcuddur. Buna görə də zamanla itirilmiş imkanların bir hissəsini bərpa etməsi qismən də olsa mümkündür.
Lakin hazırkı nəticə odur ki, Rusiyanın strateji bombardmançı potensialı ciddi şəkildə zəifləyib, effektivliyi isə kəskin azalıb. Bu, müharibənin qalan hissəsinə və gələcək strateji planlara birbaşa təsir göstərəcək. Bu itki, ehtimal ki, Rusiyanın hərbi strategiyasında dönüş nöqtəsi olacaq.
Rusiyanın Bombardmançı Parkını Anlamaq
“Tu-95” və “Tu-22M3” Soyuq Müharibə dövrünün “relikt”ləri olsa da, hər iki bombardmançı müasir dövrdə də əsas funksiyalarını yerinə yetirə bilir. Xüsusi görünüşlü “Tu-95” SSRİ-nin simvolu sayılır və çox vaxt ABŞ-nin “B-52 Stratofortress” təyyarəsinin sovet ekvivalenti kimi qiymətləndirilir. Turbovint mühərrikləri və qarşılıqlı fırlanan pərlərlə təchiz olunan “Tu-95” nüvə başlığı daşıya bilər və təxminən 10,000 mil uçuş məsafəsinə malikdir. 1950-ci illərin dizaynı olan bu təyyarə səs-küylü və ləngdir, müasir hava hücumundan müdafiə sistemlərinə qarşı həssasdır. Amma bu köhnə bombardmançı dözümlülük, məsafə və yükdaşıma qabiliyyəti baxımından hələ də güclüdür.
Əksinə, “Tu-22M3” səsdən sürətli, orta mənzilli bombardmançıdır və iki “afterburner”li turbofan mühərriklərlə təchiz olunub. Maksimal sürəti “Mach 1.88” olan “Tu-22M3” də Soyuq Müharibə dövrünün məhsuludur, amma daha yeni nəsildəndir. “Tu-22M3” “stealth” xüsusiyyətə malik deyil, uçuş məsafəsi və dözümlülüyü məhduddur, amma yüksək sürət və sağ qalma qabiliyyəti ilə dəyərini qoruyur. Güclü və çoxyönlü raket yükü ilə “Tu-22M3” Rusiya arsenalında dəyərli vasitə sayılır.
Müasir standartlara görə bu təyyarələrin heç biri xüsusi effektiv hesab olunmasa da, onlar Rusiya üçün əvəzolunmazdır. Bu isə Kremlin həftəsonu hücumundan sonra uzun müddət sarsıntı yaşayacağını göstərir.
Dəyanət Ağalarlı
Ordu.az