Ordu.az xəbər verir ki, 1985-ci ildən xidmətdə olan təyyarənin istismar müddəti rəsmi olaraq başa çatıb.
Beş AV-8B “Harrier II” təyyarəsinin iştirak etdiyi nümayiş uçuşu ilə yekunlaşan mərasim ABŞ Dəniz Piyadaları Korpusunun Taktiki Aviasiya Keçid Planı çərçivəsində parkını tamamilə beşinci nəsil təyyarələrə çevirməsi istiqamətində mühüm mərhələ hesab olunur.
Son AV-8B “Harrier II” təyyarələri Dəniz Piyadalarının 223-cü Hücum Eskadrilyasının silahlanmasında qalırdı. Eskadrilya son missiyasını 22-ci Dəniz Piyadaları Ekspedisiya Bölməsinin tərkibində yerinə yetirib. Bölmə 10 aylıq tapşırığını başa vuraraq “Cherry Point” bazasına qayıdıb.
ABŞ Dəniz Piyadaları Korpusu 2026-cı il Aviasiya Planında AV-8B “Harrier II”nin son uçuşunun iyun ayında həyata keçiriləcəyini əvvəlcədən açıqlamışdı. Həmçinin təyyarənin irsinin ABŞ boyunca müxtəlif aviasiya muzeylərində qorunması istiqamətində işlərin davam etdiyi bildirilmişdi.
Plan sənədində qeyd olunub ki, AV-8B “Harrier II” proqramının başa çatması ilə yüksək təcrübəyə malik pilotlar və texniki heyət öz bilik və bacarıqlarını əsasən F-35B “Lightning II” platformasına ötürürlər.
AV-8A “Harrier” ilk dəfə 1971-ci ildə ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasına qəbul edilib. Təkmilləşdirilmiş AV-8B “Harrier II” versiyası isə 1985-ci ildə xidmətə başlayıb. Təyyarə aviadaşıyıcılarda, digər dəniz platformalarında, ekspedisiya aerodromlarında və uzaq taktiki eniş meydançalarında fəaliyyət göstərə bilirdi.
Qısa məsafədən qalxma və şaquli enmə imkanları ilə tanınan AV-8B “Harrier II”nin yerini əsasən F-35B “Lightning II” döyüş təyyarələri tutacaq.
Sevinc Əliyeva
Ordu.az