Sovet təyyarəsini qaçıran Altunbay| İrandan qaçış, Alman casusu ittihamı və ölüm hökmündən qurtuluş... (FOTOLAR)

2024/06/1719654843.jpg
Oxunub: 993     13:53     29 İyun 2024    
Tarixdən də yaxşı bilirik ki, müxtəlif dövrlərdə ölkəmizə qarşı aparılan işğalçılıq siyasətinə gah gizli, gah da aşkar şəkildə mübarizə aparılıb. Əməli nəticəsi geniş olmasa da, amma aparılan mübarizənin səmərəsi də az olmayıb.

Hələ sovetlər rejimi dönəmində qoyulan qadağalar hər nə qədər ciddi təhlükə yaratsa da, vətənini və xalqını sevənlər rejim tərəfindən cinayət hesab edilməsinə baxmayaraq, imkan yarandığı məqamlarda tərəddüd etmədən risqli addımlar atıblar.

Ordu.az saytı mütəmadi olaraq bu cür şəxsiyyətərin həyatı barədə Sizə məlumatlar təqdim edir. Bu gün onlardan biri olan Məmməd Məmmədov haqqında olan araşdırmanı təqdim edirik.


Məmməd Məmmədov kimdir?

Barəsində çox az məlumat olan Məmməd Məmmədov 1911-ci ildə Gəncə şəhərində anadan olub. Mənbələrdə doğum tarixi dəqiq bilinməsə də, bildirilir ki, onun atası Qaramusalı kəndindən olub. Çar Rusiyasına qarşı aparılan döyüşlərin fəal iştirakçısı olub. Öz həyatı barəsində yazdığı gündəliyində qeyd edilir ki, 1916-cı ildə atası 44 yaşında dünyasını dəyişir. 13 yaşında atasını itirən Məmməd Məmmədov 6 və 3 yaşlı qardaşlarını saxlamaq üçün anasına kömək etməyə başlayır. Bu minvalla, o, gündüzlər o zaman fəaliyyət göstərən müəssisələrdə çalışır, gecələri isə gecə məktəblərində təhsil alır. 1942-ci ilə qədər orta məktəbi çətinliklə bitirən Məmməd ailəsilə birgə Bakı şəhərinə köçür.

Xatirələrində yazır ki, Bakıda da onlar üçün elə də yaxşı olmur. Əksinə, yaşamaq və həyatda qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün işləməli olurlar. Peşə məktəblərindən birində təhsillərilə yanaşı əmək fəaliyyətlərini də davam etdirirlər. Hansı məqsədlə olduğu qeyd edilməsə də, o zamanlar Bakıda fəaliyyət göstərən “Kommunist” və “Yeni yol” qəzetlərinin əməkdaşlarıyla sıx əlaqələri olub. Bakıda təyyarəçilik məktəbinin açılmasını eşidən M. Məmmədov bu fürsətdən yararlanmaq qərarına gəlir və qəbul sınaqlarından yüksək nəticələr əldə edərək məktəbin ilk məzunlarından biri olur. Daha sonra Odessada Ali Hərbi Aviasiya məktəbinə daxil olur. 1933-cü ilə qədər bu məktəbdə təhsilini davam etdirdikdən sonra pilot kimi fəaliyyətə başlayır və əmək fəaliyyəti dövründə 3 dəfə yüksək dövlət mükafatlarıyla təltif edilir.


“Zalımın zülmü”, “ürəkdə olan millətçilik hissi”, “yekunda verilən qərar”

Sovet hakimiyyət dairələrinin bəzi üzvlərinin Azərbaycana qarşı olan qərəzli mövqelərinin şahidi olduqdan sonra ölkəni tərk etmək qərarına gəlir. Qeyd edilir ki, 1937-ci ildə Sovet hakimiyyətinin repressiya siyasətinə və Azərbaycanda apardığı parçalama siyasətinə etiraz edən M.Məmmədovun da yaxın ətarfına təsir edir. Onun bir neçə yaxını bu addımın qurbanına çevrilir. Bundan sonra, 22 nəfərlik bir heyətlə ölkədən çıxmaq qərarına gəlinir. Belə qərara gəlinir ki, ölkəni tərk etdikdə öz sahələri üzrə dövlətə təsir edəcək hansısa addım atılmalıydı. Belə olan halda da ən yaxşı variant təyyarələrdən birini qaçırmaq uyğun addım hesab edilir. M. Məmmədov özü pilot olduğu üçün bu seçim ən ideal variant hesab edilir. Həsən və Cəlal adlı yaxın dostları ilə məsləhətləşdikdən sonra qəti qərar qəbul edilir. Qalır, razılşadırılan planın həyata keçirilməsinə...

1939-cu ildə Sovet Hərbi Hava Qüvvələrinə məxsus olan hərbi təyyarə sınaq uçuşlarından birində qaçırılır. Öncədən gəldikləri razılığa görə onlar qaçırılan təyyarəni Türkiyəyə aparmalıydılar. Lakin Rusiya sərhəddlərini keçərkən atəşə məruz qalırlar. Bundan sonra istiqaməti dəyişərək İran ərazisinə eniş edirlər. İran tərəfi hər 3 şəxsi dövlət sərhəddini pozduqları üçün həbs edir. Dindirilmələr zamanı ölkədən mühacirət etmək niyyətində olduqlarını və 3-cü ölkəyə keçmək üçün onlara şərati yaradılmasını tələb etsələr də, bu tələblər İran hakimiyyət orqanları tərəfindən rədd edilir. Beləliklə, həmyerlilərimiz 9 ay Təbriz həbsxanasında saxlanılır.


Bir hərbi təyyarənin sıradan çıxarılması dövlətə külli miqdarda ziyan vurulması deməkdir. Həm təyyarəni qaçırmaqla dövlətə vurulan ziyan, həm də pilotların etiraz əlaməti olaraq ölkədən çıxışa qərar vermələri o zamankı hakimiyyət dairələrinin ciddi qəzəbinə səbəb olur. Təyyarənin və 3 nəfərin geri qaytarılması məqsədilə SSRİ-i rəhbərliyi tərəfindən Tehran şəhərində yerləşən səfirlik vasitəsi ilə İran Şahına bir necə dəfə rəsmi nota göndərilir. Göndərilən nota mətnində Sovet ordusuna məxsus təyyarənin və pilotların ən qısa zamanda qarşı tərəfə təhvil verilməsi tələb olunurdu. SSRİ-i rəhbərliyinin bu cür təkidli tələblərilə İrana təzyiq göstərməsindən xəbər tutan M. Məmmədov dostlarıyla Türk səfirliyinin əməkdaşlarına məlumat verə bilirlər. Bundan sonra Buxara katibi və Türkiyə Respublikasının Tehranda yerləşən səfirliliyinin əməkdaşları onların müraciətinə biganə qalmır və onların vasitəçiliyilə həbsxanadan qaçmağa nail olurlar. Pilotların həbsdən qaçırılmasında Türkiyə səfirliyinin Osman Koçaoğlu adlı əməkdaşının da xüsusi xidməti olduğu xatirələrində yazılır. Burada qalmaq təhlükəli olduğundan İraq ərazisinə keçək zəruri hesab edilir. Bir neçə gün çətin yollar keçdikdən sonra Bağdad şəhərinə gəlirlər. Bağdad şəhərində yerləşən Türkiyə səfirliyinin attaşesi Sahib İlkin tərəfindən qarşılanan pilotlar Türkiyəyə yola salınmaq üçün Bağdadın Kiçik Teleqraf qatar dayanacağına göndərilir. Lakin, ingilis zabitləri geyimləri və danışıqları ilə seçildikləri üçün onları beşinci alman polkuna mənsub casuslar olması şübhəsi ilə həbs edirlər.


Saxlanıldıqdan sonra bir müddət Bağdadda olan lokal tipli həbsxanada, daha sonra isə ingilis qarnizonunun həbsxanasına göndərilirlər. Onların barəsində aparılan istitaq yekunlaşdıqdan sonra Bağdad ingilis qarnizonunun komandirinin göstərişi ilə hər iki pilot casusluq ittihamı ilə ölümə məhkum edilirlər. Bu qərardan xəbər tutan Türkiyə səfirliyi dərhal hərəkətə keçir. Türkiyə səfirliyinin attaşesi Sahib İlkin pilotlar barəsində ölüm hökmünün çıxarılmasından xəbər tutandan sonra diplomatik kanallar vasitəsi ilə məsələyə müdaxilə etməyə çalışır və aparılan uzun danışıqlardan sonra hər iki pilotun cəzasının ləğv edilməsinə və Türkiyəyə göndərilməsinə nail olur. Pilotlar 1941-ci idə Türkiyənin İstanbul şəhərinə göndərilir.


Yeni kimlik, yeni məkan

Türkiyəyə gətirildikdən sonra, Məmməd Məmmədova 25 May 1943-cü ildə yeni Mehmet Altunbay ad-soyadıyla pasport verilir. 1943-cü ildən etibarən Türkiyənin Müdafiə Nazirliyinə müraciət edərək öz ixtisası üzrə çalışmaq və yaşadığı ölkəyə töhfə vermək niyyətində olduğunu bəyan edir. Onun bu istəyi nəzərə alınır və Eskişehir aviasiya məktəbinə göndərilir. Burada sınaqları keçdikdən sonra işlə təmin edilir. Rəsmi sənədlərdə bildirilir ki, M. Məmmədov (Mehmet Altunbay) 1945-ci ildən başlayaraq 1960-cı ilə kimi Türk Hava Yollarında çalışır.

Qeyd edilir ki, M. Məmmədov (Mehmet Altunbay) öz işindən əlavə bir çox dövlət əhəmiyyətli işlərdə önəmli yer alıb. O, həmçinin bir çox ictimai işlərdə də fəal iştirakı ilə seçilib.


Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məmməd-Məmmədov   Altunbay   SSRİ   Türkiyə  


Bizi "telegram"da izləyin