Moskva nəyi bilir və nəyi gizlədir? – BAXIŞ BUCAĞI

2024/03/f7631-1711703737.jpg
Oxunub: 838     18:19     29 Mart 2024    
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Bortnikov hesab edir ki, Moskvadakı terror aktını həm ekstremistlər planlaşdırıblar, həm də təbii olaraq Qərb xüsusi xidmət orqanları onlara dəstək veriblər, Ukraynanın xüsusi xidmət orqanları bununla birbaşa əlaqəyə malikdirlər.

“RİA Novosti” bildirir ki, o bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Bortnikov dəqiqləşdirib ki, terror aktının təşkilatçısı hələ müəyyən edilməyib, lakin “xüsusi xidmət orqanları birbaşa icraçıları kimin təşkil etdiyini və cəlb etdiyini görürlər”. Eyni zamanda Bortnikov əmin edib ki, onun rəhbərlik etdiyi idarə “terror aktının təşkilatçılarının müəyyən edilməsi” üçün hər şeyi edəcək. Bortnikov terrorçuların Ukraynaya getmək niyyətində olduqları versiyasını təkrarlayıb və əlavə edib ki, “onları orada qəhrəman kimi gözləyirdilər”.

O deyib ki, Rusiya xüsusi xidmət orqanları Ukraynanın “Yaxın Şərqdən terrorçuları cəlb etməsi”ndən xəbərdardırlar. Türkiyə mətbuatının terrorçulardan ikisinin bir müddət Türkiyədə olduğu, Rusiyadan Türkiyəyə gəldiyi barədə yaydığı məlumatı ilə yanaşı, FTX direktorunun Ukraynanın “Yaxın Şərqdən terrorçuları cəlb etməsi”, eləcə də “Rusiya dost ölkələrin xüsusi xidmət orqanları ilə birlikdə terrorçuluqla əlaqəli bütün şəxslərin müəyyən edilməsi üçün işləyir” ifadəsi olduqca maraqlıdır.

Söhbətin konkret şəxslərdən, yoxsa terrorçuların arxasında duran strukturlardan, təşkilatlardan və ya xüsusi xidmət orqanlarının terrorçulara yardım göstərdiyi ölkələrdən getdiyi və Rusiyaya dost ölkələrin hansılar olduğu aydın deyil. Əgər FTX direktoru Qərb xüsusi xidmət orqanlarını Moskvada terroru dəstəkləməkdə ittiham edirsə və Ukraynanı “birbaşa onunla əlaqəli” hesab edirsə, o zaman dost ölkələrin dairəsinin xeyli məhdud olduğu aydındır.

Rusiya xüsusi xidmət orqanlarının bir ölkə - Türkiyə ilə əməkdaşlığı üzə çıxıb, bu barədə Türkiyə mətbuatı yazıb. Hazırda Rusiya ilə Tacikistan arasında əməkdaşlıq olub-olmadığı məlum deyil. Türkiyədə onlarla insan İŞİD-lə əlaqədə şübhəli bilinərək həbs edilib.

Tacikistan və Qırğızıstan KTMT-yə üzv ölkələrdir, burada Rusiyanın qanuni-müqavilə əsaslı hərbi mövcudluğu var ki, bu da təbii olaraq kəşfiyyat və xüsusi xidmət orqanlarının cəlb olunması deməkdir. Ötən ilin noyabrında Azərbaycan və Rusiya arasında da xüsusi məlumat mübadiləsi sazişi imzalanıb.

“Krokus Siti Hol” terror aktından iki gün sonra Azərbaycanda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki nəfər həbs edilib. Onların arasında gizli dinlənilən telefon danışığı paylaşılıb. Telefon danışığında Rusiyanın Murmansk şəhərindən Azərbaycana qayıdan şəxs Livana səfər etməli və erməni lobbisinin nümayəndələri ilə görüşməli olduğunu deyir.

Üstəlik, bu məlumat İlham Əliyevlə Putinin ikinci telefon danışığından bir gün sonra yayılıb. Həmin telefon danışığı zamanı tərəflər bildiriblər ki, terrorizmə qarşı birgə mübarizə aparmağa hazırdırlar. FTX direktorunun sözlərinə görə, Moskva terrorçuların sponsorlarını tanıyır, lakin hələ onları üzə çıxarmalıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   FTX   Qərb  


Bizi "telegram"da izləyin