Urmiya gölü hövzəsində Urartu işğalları və hərbi istehkamlar – ARAŞDIRMA

2023/08/1692718214.jpg
Oxunub: 8538     12:03     24 Avqust 2023    
Urartu dövləti e.ə. I minillikdən etibarən Şərqi Anadolu, şimal-qərbi İran və Qafqaz da daxil olmaqla böyük bir coğrafiyada hökm sürüb. Van gölü və ətrafındakı əraziləri dövlətin mərkəzi olaraq təyin edən Urartu kralları geniş ekspansiya siyasətinə başlayıblar. Başda İran yaylasının şimal- qərbi, xüsusilə Urmiya gölü hövzəsi olmaqla bir çox yaşayış məntəqəsi Urartu dövlətinin işğalçı siyasətinə hədəf olub.

Urmiya gölü dünyanın ikinci ən böyük duz gölü olub dəniz səviyyəsindən 1274 m yüksəklikdə yerləşir. Gölə başlanğıcını Savalan silsiləsindən götürən Acıçay, Kürdüstanda Çehel-Çeşmə dağlarından başlayaraq 240 km uzunluğunda olan Cağatu çayı tökülür. Hövzənin qərbindən Türkiyə- İran sərhədi keçir, şimal-şərqində Savalan, şimal qərbində isə Doğanlı dağı yerləşir. Bölgə üçün əhəmiyyətli hesab edilən Yuxarı Zab və Aşağı Zab çayları Urmiya gölünün cənub-qərb və qərbindən axır. Duzluluq dərəcəsi yüksək olduğundan Urmiya gölü ən aşağı hava temperaturunda belə donmur. Elə bu səbəbdəndir ki, ən qədim yaşayış məskənləri dağlıq bölgələrdə deyil, məhz gölün ətrafında formalaşıb.

Ərazinin faydalı qazıntılarla zənginliyi burada metal məmulatları istehsalında böyük rol oynayıb. Zəncan ətrafında zəngin dəmir və mis mədənləri yerləşir. Qaradağda və Miyanə yaxınlığında qurğuşun mədəni və gümüş yataqları məşhurdur. Bölgənin zənginlikləri zaman-zaman qonşu dövlətlərin siyasi maraqlarının burada toqquşmasına səbəb olub.

Urartu hökmdarları hərbi yürüşləri zamanı əsasən Xoy-Salmas yolu üzərindən hövzəyə daxil olublar. Bölgələr arasında keçidin Yüksəkova-Urmiya şəhərləri arasındakı yol vasitəsilə də mümkündür. Bu yol vasitəsi ilə Urmiya hövzəsindən Hakkari üzərindən keçməklə Tuşpaya daxil olmaq mümkündür. Ancaq bügünə qədər Hakkari bölgəsində Urartu dövrünə aid hər hansı bir maddi mədəniyyət nümunəsinə rast gəlinməyib.

Urmiya gölü hövzəsi ilə bağlı olan yazılı mənbələr natamam xarakter daşıdığı üçün arxeoloji qazıntılardan əldə olunmuş maddi-mədəniyyət nümunələrinin məlumatlarına ehtiyac yaranır. 1905-ci ildə Urmiya gölünün şimal-qərbindəki Quşçu kəndində su kanalı qazılarkən tapılan tunc əşyalar tədqiqatçıların diqqətini bu bölgəyə yönəltmişdi. Ancaq İkinci Dünya Müharibəsi bitənə qədər arxeoloqlar İrandakı mədəniyyətlərə yetəri qədər diqqət ayırmayıblar.

Məlum olduğu kimi, II Sarqonun e.ə. 714-cü ildəki səfərindən bəhs edən mənbə özündə bir sıra coğrafi məlumatları da ehtiva edir. Bu kitabədə adı çəkilən bəzi ərazilərin Urmiya gölü ətrafında olması, eyni zamanda 1948-ci ildə Fransadaki yerli bir qəzetdə “Ziviyə Xəzinəsi” adlı məqalənin çap olunması şimal-qərbi İrandakı arxeoloji tədqiqatların miqyasının artmasına səbəb olub. Ancaq daha geniş miqyaslı qazıntılar 1956–1977-ci illərdə R. Dysonun rəhbərlik etdiyi Pensilvaniya Universiteti və İran Arxeoloji Xidmətinin birgə layihəsi əsasında həyata keçirilib.


Həsənli layihəsi çərçivəsində O.U.Muscarellanın rəhbərliyi ilə 1968-ci ildən etibarən Solduz-Uşnu vadisində Urartu dövrü üçün əhəmiyyətli olan Qalatgahda qazıntılar aparılıb. Uşnaviyənin 15 km şərqində, Naqadehin 22 km şimal-qərbində yerləşən bu qədim yaşayış məntəqəsinin ümumi uzunluğu 1600 m-dir. Qalanın içərisində yerləşən bəzi tikililər günümüzə qədər gəlib çatsa da, onların inşasının dəqiq tarixini söyləmək çətindir. Bu tikililər Əqrəbtəpədəkilər ilə müqayisədə daha hündür təpəlik üzərində yerləşdiyi üçün Solduz və Uşnu vadisi buradan aydın görünür. Belə bir nəticəyə gəlmək olar ki, qala Urartu hökmdarları tərəfindən ələ keçirilmiş ərazilərə nəzarət etmək məqsədi ilə tikilib. Əldə edilmiş möhür və keramika nümunələri də Urartu dövrü ilə bağlıdır. Belə ki, oxşar formalı maddi- mədəniyyət nümunələrinə Altıntəpə, Torpaqqala və Həsənlidə də təsadüf olunur. Ancaq digər Urartu qalaları kimi Qalatgahın da nə zaman dağıntıya məruz qaldığı və ya tərk edildiyi dəqiq bilinmir. Ümumi olaraq deyə bilərik ki, strateji əhəmiyyəti böyük olan bu yaşayış məntəqəsi Urartu dövlətinin tarix səhnəsindən çəkildiyi e.ə. VII əsrin sonuna qədər onun təsiri altında qalıb.

Qalatgahda aparılan qazıntıların növbəti mərhələsində C.Hamlin tərəfindən İşpuini və oğlu Menuanın adı ilə bağlı olan dörd sətirlik mixi yazılı kitabə aşkar edilir. Bu kitabənin transliterasiya və tərcüməsi ilk dəfə C.Hamlin tərəfindən edilmiş, daha sonra isə M.van Lunun əlavələri ilə çap olunub:

1. [dḫal]-di-ni-ni uš-ma-ši-ni dM [i-ni uš-ma-ši-ni mIš-pu-ú-i-ni-še]
2. mdsar5-du-ri-ḫi-ni-še MAN KUR.bi-a-i-na-ú-e [a-lu-si URU.tu-uš-pa-a URU mMe-i-nu-a-še]
3. miš-pu-ú-i-ni-ḫi-ni-še i-ú KUR. ṢA-pa-ga-ú-[-e e-di-i-a uš-ta-a-li e-ba-a-ni ha-i-tú]
4. [KUR?]-ni ḫa-˹i-tú? ši-di-ši-tú-e e-ʾa dḫal-[di-iú-e e-a dİM-a URU...].


“Tanrı Haldinin və Tanrı Teişebanın qüdrəti ilə, Biainili hökmdarı və Tuşpa şəhərinin qəhrəmanı olan Sarduri oğlu İşpuini və İşpuini oğlu Menua Sapaqau ölkəsinə doğru getdikləri zaman ölkəni ələ keçirdilər və hökmdarını əsir aldılar. Həm Tanrı Haldi, həm də tanrı Teişeba üçün [orada] məbəd inşa etdilər”.

Kitabə dil xüsusiyyətləri baxımından arxaik xarakter daşıyır və Aşşur yazı ənənələri əsasında tərtib edildiyini göstərir. Oxşar yazı xüsusiyyətlərini Kelişin kitabəsində də görmək mümkündür. Mətndə adı çəkilən ölkənin oxunuşunu M. van Lun “Şapayli” şəklində verib. Müəllif bu adın Aşşur mətnlərində rast gəlinən “Sapparia” ilə oxşarlığı ola biləcəyini də qeyd edib. Mənbələrdə qeyd edilir ki, III Salmanasar hakimiyyətinin 31-ci ilində (e.ə. 828) Sapparianı keçməklə Hubuşkiadan Urartu qalaları, Gilzan və Buştu üzərinə hücum edib.

M.Salvini tərəfindən hazırlanmış Urartu mixi kitabələri korpusunda isə bir qədər fərqli oxunuş formalarına rast gəlinir. Belə ki, Qalatgah kitabəsinin ikinci sətrinin üçüncü işarəsi M.van Loon tərəfindən “MÙŠ”, M.Salvini tərəfindən isə Sar5 şəklində verilib. Bundan başqa yuxarıda qeyd olunan yer adı bu korpusda “KUR. za-áš-ga-ú” şəklində verilib.

Qalatgah kitabəsində Sapaili kimi qeyd edilən bu bölgə bəzən Uşnunun 90 km qərbində, Yuxarı Zab vadisində yerləşən Zibar ilə də eyniləşdirilir.

Qeyd etmək lazımdır ki, bu, Qalatgahdan tapılmış ilk mətn deyil. 1967-ci ildə Uşnu vadisində tapılan yazılı kitabə 1969-cu ildə J.Friedrich tərəfindən oxunaraq çap edilib. Ancaq bu mətnin məzmunundan onun daha sonrakı dövrə – Menuanın təkbaşına hakimiyyətdə olduğu vaxta təsadüf etdiyi ehtimal edilir. İstənilən halda hər iki mətn e.ə. IX-VII əsrlərdə Urartu dövlətinin siyasi-hərbi təsirinin Urmiya gölü hövzəsində güclü olduğunu göstərir.

O.V. Muscarella tərəfindən tədqiq edilən digər bir Urartu qalası Əqrəbtəpədir. Əqrəbtəpə Solduz vadisində Dəlmətəpənin yaxınlığında, Həsənlidən 3 km cənub-qərbdə yerləşir. Arxeoloji abidənin bu cür adlandırılması tədqiqatçıların ümumi rəyi əsasında mümkün olub. Məlum olduğu kimi Dəlmətəpə Neolit dövrünə aid yaşayış məskənidir. Yarana biləcək hər hansı yanlışlığın qarşısını almaq üçün Urartu dövrü yaşayış məntəqəsi “Dəlmətəpə N.2” şəklində adlandırılır və elmi ədəbiyyatda Əqrəbtəpə kimi əksini tapıb.

Əqrəbtəpə memarlıq xüsusiyyətləri baxımından Solduz vadisindəki digər tikililər ilə oxşarlıqları özündə ehtiva edir. 52 m enində olan bu qala 6 m yüksəklikdəki qaya üzərində inşa edilib. Qalanın giriş hissəsinin eni 9 m olub böyük bir divar vasitəsilə ikiyə ayrılıb. Buradaki tikililərin hərbi istehkam xüsusiyyətlərinə malik olub-olmadığı bir qədər mübahisəlidir. Bu baxımdan diqqət çəkən məsələlərdən biri qalanın əlçatmaz bir yerdə deyil, əksinə açıq düzən ərazidə tikilməsidir. Digər tərəfdən, ölçüləri kiçik olduğu üçün burada iri hərbi qarnizonun yerləşdirilməsi qeyri-mümkün görünür. Tədqiqatçıları düşündürən məqamlardan biri də tikilinin hansı səbəblə Həsənliyə bu qədər yaxın bir məsafədə yerləşməsidir.

Oxşar hal Bəstamda da qeydə alınıb. U. Kleissə görə bu cür kiçik təpəlik üzərindəki tikililər qalanın mühasirəsi zamanı ələ keçirilmiş ərazidə düşmən tərəfindən tikilmiş ola bilər. Ancaq bu cür analogiyanı Həsənli və Əqrəbtəpəyə aid etmək heç də doğru olmazdı. Çünki Əqrəbtəpədə məskunlaşanlar buranı daimi yaşayış məskəni kimi istifadə edib, hətta baş vermiş müxtəlif dağıntılardan sonra da qalanı yenidən inşa ediblər.

Tədqiqata cəlb edilməsi zəruri olan digər bir məsələ Əqrəbtəpə yaşayış məskəninin Urartu işğalları ilə bağlılığıdır. Həsənli layihəsi çərçivəsində aparılmış qazıntılar zamanı qırmızı boyalı, bəzəksiz, sadə keramika nümunələrinə rast gəlinib. Lakin qeyd etmək lazımdır ki, qırmızı cilalı keramikadan başqa burada İran ərazisi üçün xarakterik olan boz rəngli qulpsuz qablar da aşkar edilib.

Urmiya gölü hövzəsindəki ən əhəmiyyətli Urartu qalalarından biri də Bəstamdır. Bəstam şimal- qərbi İranda, Xoyun 54 km şimal-qərbində, Makunun 85 km cənub-qərbində yerləşir. Qalanın uzunluğu 8500 m, eni isə 4000 m-dir. Bəstamın 50 km qərbində Türkiyə-İran sərhəddi, şərqində isə Naxçıvan yerləşir. Buradan tapılmış mixi yazılı kitabədən aydın olur ki, Bəstam qalası II Rusanın hakimiyyətdə olduğu dövrdə (e.ə. 685–645-ci illər) inşa edilib. II Rusa tərəfindən burada Tanrı Haldi adına bir məbəd, É.BARA inşa edilir və buraya RUSAİ-URU.TUR (hərfən “Rusanın kiçik şəhəri”) adı verilir:

1. dḫal-di-e EN i-ni É.BÁRA mru-sa-še
2. mar-giš-te-ḫi-ni-še ši-di-iš-tú-ni dḫal-di-ni-ni
3. uš-ma-ši-ni mru-sa-še mar-giš-te-ḫi-ni-še
4. a-li qar-bi sal-zi ma-nu ú-i gi-e-i
5. iš-ti-ni ši-da-ú-ri šú-ki dḫal-di-še
6. ú-bar-du-du-ni i-e-še ši-di-iš-tú-bi
7. te-ru-bi ti-ni mru-sa-a-i URU.TUR.


Qalanın girişi yaxınlığındakı otaqlardan birində yanğın təbəqəsi ilə örtülmüş halda 1500 gil kitabə, damğa və silindr formalı möhürlər tapılıb. Möhürlərdən birinin mətnində deyilir: i-ni KIŠIB mru-sa-a Mar-giš-te-ḫi-ni-i “Bu, Argişti oğlu Rusanın möhürüdür”.

Bu cür möhürlər Urartu dövlətinin sosial-iqtisadi həyatı haqqında çox əhəmiyyətli informasiyaları ehtiva edir. Bu möhürlərə sahib olan şəxslərin şəhzadə və ya yüksək rütbəli şəxslər olduğu ehtimal edilir. Buradan tapılmış 3 ayrı gil tablet üzərində “LU. aṣuli” ünvanına rast gəlinib. Tam olaraq hansı məqsədlə istifadə olunduğu bilinməyən bu ünvanın elitar təbəqəyə mənsub olduğu ehtimal edilir. Dövlət möhürlərinə sahib olan bu qala idarəçiləri bir çox Urartu əyalətində olduğu kimi burada da ərzaqların saxlanmasına nəzarəti həyata keçirirdilər. Başqa bir 7 sətrlik mətndə Ala ölkəsində yerləşən Bəstama (RUSAİ-URU.TUR) Topraqqaladan (Rusahinili) dülgər istənildiyi yazılıb:

1. [a-lu]-ki šá-li mru-sa-še mar-giš-te-<ḫi-ni-še>
2. GIŠ.GU.ZA te-ru-ú-ni mru-sa-ḫi-na-a
3. ˹KUR˺.qi-il-ba-ni-ka- i-ni-
  • GIŠ. ZU. MEŠ.
    4. LÚ.GIŠ.NAGAR.MEŠ
    5. ˹TI?˺. BAR-li
    6. mru-sa- URU.TUR
    7. KUR.a-la-ʾa-ni.


    “Argişti oğlu Rusanın Qilba dağı qarşısındaki Rusahinili şəhərində hakimiyyətdə olduğu il, taxta parçaları,. dülgərlər…. Ala ölkəsinə, Rusanın kiçik şəhərinə….”.

    S.Kroll qalanın güclü müdafiə mexanizminə malik olmasına baxmayaraq sadəcə 20 ilə yaxın bir müddətdə xarici hücumlara tab gətirə bildiyini və iskitlər tərəfindən dağıntılara məruz qaldığını bildirir.
    M. Salvini isə bildirir ki, Erkən Tunc Dövründən etibarən mərhələli şəkildə inşa edilən Bəstam qalası belə qısa bir müddətdə süqut edə bilməzdi. Bu yanaşma ilə müəyyən mənada razılaşan A.Çilingiroğlu qalanın midiyalılar tərəfindən dağıdıldığı fikrini irəli sürüb. Mövzu ilə yaxından maraqlanan tədqiqatçılar buradan tapılmış ox ucluqlarını işğalçılar ilə deyil, Urartu ordusundakı muzdlu iskit döyüşçüləri ilə əlaqələndirirlər.

    Nəticə

    Göründüyü kimi Urartu dövləti hakimiyyəti altına aldığı bölgələrin fiziki-coğrafi xüsusiyyətlərindən öz strateji məqsədləri üçün istifadə edib. Urartu hökmdarlarının inşa etdirdikləri qalalar və yerləşim mərkəzləri onları Aşşur dövlətinin və yerli sakinlərin hücumlarından qoruyub. Van gölü ilə müqayisədə daha məhsuldar torpaqlara sahib Urmiya gölü hövzəsi məhz bu tikililər vasitəsi ilə uzun müddət Urartu dövlətini təsiri altında qala bilib.

    Əsmər Göyüşova, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu
    Ordu.az

  • © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


    Teqlər: Azərbaycan-ordusu