NATO sammitində Bakı və İrəvan arasında görüş baş tutacaq? KTMT qeyri-müəyyənlikdən çıxa biləcək?

2024/06/1719661209.jpg
Oxunub: 740     17:09     30 İyun 2024    
Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn deyib.

O vurğulayıb ki, ABŞ Dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir: “Hər iki ölkənin iştirakını gözləyirəm. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək”.

NATO sammiti iyulun əvvəlində ABŞ-də keçiriləcək. Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün təşkil edilib-edilməyəcəyi barədə O-Brayn ətraflı məlumat vermir. Göründüyü kimi, belə bir görüşün perspektivi tərəflərin hər hansı bir razılaşmaya nə dərəcədə hazır olacağından asılıdır.

Ötən gün Tbilisiyə səfər edən Ceyhun Bayramov orada bəyan edib ki, Ermənistanla Azərbaycan arasında proses irəliləyir və yaxın vaxtlarda yeni razılaşmanın əldə olunması mümkündür. Təbii ki, Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissəsi ilə bağlı 19 aprel razılaşması kimi hər hansı bir sektor məsələsi formasında deyil, sülh müqaviləsi formasında razılaşmanı nəzərdə tutur.

Ermənistanın xarici işlər naziri də bəyan edir ki, guya Ermənistan sülh müqaviləsi istiqamətində intensiv işləməyə və yaxın bir ay ərzində müqavilənin imzalanmasına nail olmağa hazırdır. Lakin razılaşmanın əldə olunması üçün Ermənistan bir sıra dəyişikliklərə getməlidir. Xarici işlər naziri həm Tbilisiyə səfəri zamanı, həm də Bakıda O-Braynla görüşdə Ermənistanın konstitusiyanı dəyişdirməli olduğunu bir daha bəyan edib. Ermənistan üçün sülh müqaviləsi məsələsi ayrı-ayrı “sektor” razılaşmaları ilə əsas məsələnin gecikdirilməsinə yönəlib.

Əgər Vaşinqtonda görüş baş tutsa, Azərbaycan, şübhəsiz ki, öz qarşısına sülh müqaviləsi üzrə danışıqların tamamlanması vəzifəsini qoyacaq. Vaşinqton problemini kifayət qədər aydın şəkildə ifadə edib. O-Brayn son günlər bir neçə dəfə bəyan edib ki, ABŞ Mərkəzi Asiyadan Aralıq dənizinə ticarət dəhlizi açmaq üçün tarixi fürsət görür və bunun üçün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını vacib hesab edir.

O, Konqresin xarici əlaqələr alt komitəsinin iclasında Mərkəzi Asiya və Xəzər hövzəsindən enerji daşıyıcılarının ixracı və ticarət-iqtisadi dövriyyə marşrutları haqqında danışıb, Birləşmiş Ştatlar üçün ikinci kommunikasiyanın - Azərbaycan-Ermənistan-Türkiyə kommunikasiyasının əhəmiyyətini vurğulayıb. Bu kommunikasiyanın təmin edilməsi üçün Ermənistan və Azərbaycan sülh sazişini imzalamalıdırlar. Göründüyü kimi, təsadüfi deyil ki, iyunun 26-da Azərbaycan sülh müqaviləsinin 10-cu variantını Ermənistana ötürüb.

Bəs ABŞ Ermənistana təzyiq göstərməyə hazırdırmı ki, sonuncu müqavilə prosesini uzatmağa çalışmasın və onu imzalamağa getsin? Çətin ki. ABŞ Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü bəlkə də o halda təşkil edəcək ki, həmin görüşün hər hansı bir nəticəsi kifayət qədər real olsun.

Habelə NATO sammiti Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin Astanada keçiriləcək görüşündən sonra keçiriləcək. Azərbaycanın iştirak üçün dəvət alıb-almadığı hələlik məlum deyil. Prezident İlham Əliyev 2022-ci il sentyabrın 12-də ŞƏT-in əvvəlki sammitində fəxri qonaq olub. Məlumatlara görə, ŞƏT-in Astana sammitindən əvvəl Putin-Ərdoğan görüşü olacaq, lakin bundan sonra türkdilli ölkələrin liderlərinin görüşü də olacaq. Üstəlik, bu görüş Şuşada olacaq.

ŞƏT-in Astana sammitində, rusiyalı ekspertlərin dediyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyinin yeni konsepsiyasını təqdim edəcək. Rusiya mətbuatında KTMT-nin “yenidən formatlaşdırılması” mövzusu müzakirə olunur. Strukturun Baş katibi İmanqali Tasmaqambetov KTMT-nin genişlənməsi potensialından danışıb, lakin sual yaranır ki, Lukaşenko indiki vəziyyətdə “öz konsepsiyasını” təqdim edəcəkmi? Vəziyyət çox kövrəkdir, razılaşma olmasa, KTMT-nin gələcəyi daha da qeyri-müəyyən olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   KTMT   ABŞ   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin