Fransa-Ermənistan tandemi təşvişdə| Ceyhun Bayramovun Tbilisi səfəri “Caesar” tədarükünü əngəlləyir

2024/06/image-1718954024.jpg
Oxunub: 904     15:34     30 İyun 2024    
Gürcüstan və Azərbaycan münasibətləri bütün strateji istiqamətlərdə dərinləşdirmək barədə razılığa gəliblər. Bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana rəsmi səfəri zamanı məlumat verilib. Ceyhun Bayramov Gürcüstanda digər görüşlərlə yanaşı, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb.

Azərbaycanın xarici işlər nazirinin Gürcüstana səfəri xronoloji olaraq Ermənistan və Fransa arasında yeni müdafiə sazişindən sonra baş verir. Bu sazişə əsasən, Paris İrəvana “Caesar” artilleriya sistemlərini tədarük edəcək. Azərbaycan buna kifayət qədər kəskin reaksiya verib və haqlı olaraq bəyan edib ki, Fransa sülh prosesinə mane olur.

Qafqazda sülh və sabitliyin əsas və yeganə maneəsi Ermənistandır. Bunun sübutu bu günə qədər İrəvanın həyata keçirdiyi böyük hərbi satınalmalar, Ermənistanın təkcə Azərbaycanla yox, həm də Gürcüstanla sərhəd zonalarında həyata keçirdiyi mühəndis-istehkam işləridir. Bakı Ermənistanın Gürcüstanla bağlı siyasətinə diqqət və sayıqlıqla yanaşmalıdır. Hazırda Gürcüstan Ermənistan-Fransa müdafiə əməkdaşlığında əsas təchizat kanalı rolunu oynayır.

Bu baxımdan Azərbaycan, şübhəsiz ki, Tbilisidən, belə demək mümkündürsə, hər hansı xüsusi jest gözləmir, sadəcə olaraq Azərbaycanın və ümumən Qafqazın müdafiə sisteminə təhlükə törədə biləcək prosesə töhfə verməməyi gözləyir. Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan artıq illərdir Gürcüstanla həm iqtisadi, həm də hərbi-siyasi baxımdan əməkdaşlıq edirlər və bu əməkdaşlıq heç bir halda regiondankənar ölkələrin iştirakını təmin etməyib, əksinə regional əməkdaşlığın artırılmasına yönəlib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan   XİN   Ermənistan  


Bizi "telegram"da izləyin