Nüvə silahına ən çox pul xərcləyən ölkələr hansılardır? – HESABAT

2024/07/2024--1719814942.jpg
Oxunub: 414     14:19     01 İyul 2024    
Silahsızlanma fəallarının qlobal koalisiyasının yeni hesabatına görə, dünyanın 9 nüvə dövləti 2023-cü ildə nüvə arsenallarına 91 milyard dollar və ya saniyədə təxminən 3000 dollar xərcləyib.

Siyahının başında 51,5 milyard dollarla bütün digər ölkələrin cəmindən çox xərcləyən ABŞ gəlir. Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatına görə, bu rəqəm yeni qitələrarası ballistik raketlərin, yeni bomba atacaq təyyarələrin və yeni sualtı qayıqların hazırlanması üçün dəqiqədə təxminən 100.000 dollara bərabərdir.

Hesabata görə, ABŞ ötən illə müqayisədə 18% çox xərcləyib. ICAN-a görə, nüvə silahı xərclərinin 7,8 milyard dollar artımı dünya üzrə 10,7 milyard dollarlıq xərc artımının təxminən 80%-ni təşkil edib. Digər böyük xərclər 11,9 milyard dollarla Çin, 8,3 milyard dollarla Rusiya və 8,1 milyard dollarla Böyük Britaniya olub. 2023-cü ildə bütün dünyada qeydə alınan xərclərin artımı ICAN tərəfindən bir il ərzində qeydə alınan ən böyük artım olub.

ICAN Birləşmiş Millətlər Təşkilatının Nüvə Silahlarının Qadağası Müqaviləsinin qəbul edilməsini müdafiə edən 100 ölkədə qeyri-hökumət təşkilatlarının koalisiyasıdır. Cenevrədə yerləşən qrup BMT müqaviləsini və nüvə silahlarının dağıdıcı təsirini vurğulayan işinə görə 2017-ci ildə Nobel Sülh Mükafatını qazanıb.

Hesabatın müəlliflərindən biri olan Alisiya Sanders-Zakre açıqlamasında deyib: “Son beş ildə bu qeyri-insani və dağıdıcı silahlara xərclərin sürətlənməsi qlobal təhlükəsizliyi artırmır, əksinə, qlobal təhlükə yaradır”.

ICAN-ın beşinci illik hesabatı “Bulletin of Atomic Scientists”in məşhur Qiyamət Günü Saatının gecə yarısına 90 saniyə qaldığı bir ildə nəşr olundu. Bu, həm də Rusiya prezidenti Vladimir Putinin ölkəsinin ABŞ-nin Ukraynaya verdiyi dəstəyə cavab olaraq taktiki nüvə silahı tətbiq etməyi təcrübədən keçirəcəyini söylədiyi və nüvə silahına sahib olan İsrailin Qəzzadakı hərbi əməliyyatlarının Yaxın Şərqdə münaqişə yaratmaq təhlükəsi yaratdığı bir vaxta təsadüf edir.

Dünya miqyasında xərclər

Hesabata görə, nüvə silahı olan hər bir güc nüvə arsenallarına xərclərini artırıb. Digər ölkələrin isə xərcləmə sırası aşağıdakı kimidir: Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya. Çin Rusiyanı geridə qoyaraq, ən çox xərcləmə edən ikinci ölkə oldu. ICAN illik təhlilini dərc etdikdən sonra 5 il ərzində nüvə arsenallarına illik xərclər 34% və ya 23,2 milyard dollar artıb. Bu arada, 2017-ci ildən bəri 100-ə yaxın ölkə Birləşmiş Millətlər Təşkilatının Nüvə Silahlarının Qadağası Müqaviləsini imzalayıb.

ABŞ 16,1 milyard dollarla təkbaşına ən çox artıma sahib ölkə olub, onu Böyük Britaniya izləyir. 2023-cü ildə 1 milyard dollar xərcləyən Pakistan 60% ilə ən çox xərc artımı göstərən ölkə olub. ABŞ və Böyük Britaniya 45% və 43% ilə ikinci və üçüncü ən yüksək göstəricilərə malik ölkələrdir. Beş il ərzində bütün nüvə güclərinin ümumi xərcləri 386,9 milyard dollardır ki, bu da BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bislinin 2021-ci ildə dünyada aclığa 10 ildə son verilə biləcəyini söylədiyi məbləğdən 27 milyard dollar çoxdur.

ABŞ-nin gələcək xərcləri

ABŞ-nin nüvə silahlarına olan xərclərinin tezliklə azalacağı gözlənilmir. Konqresin Büdcə Ofisinin 2023-cü il hesabatına görə, ABŞ-nin arsenal xərcləri 2023-2032-ci illər arasında 756 milyard dollara başa gələcək və bu rəqəm 2021-2030-cu illər üçün hesablamalarla müqayisədə 122 milyard dollar artacaq. Proqnozlaşdırılan orta illik xərc 75 milyard dollar idi.

Bu ümumi məbləğə cari və gələcək nüvə arsenallarının və sistemlərinin saxlanması üçün 305 milyard dollar, nüvə paylama sistemlərinin modernləşdirilməsi üçün 247 milyard dollar, nüvə silahı laboratoriyalarının, eləcə də erkən xəbərdarlıq sistemlərinin modernləşdirilməsinə 108 milyard dollar və gözlənilməz xərclər üçün 96 milyard dollar daxildir.

Konqresin hesabatına görə, maliyyələşdirmə Müdafiə Nazirliyi və Energetika Nazirliyi arasında bölüşdürüləcək. Müdafiə Nazirliyi başda nüvə sualtı qayıqları və qitələrarası ballistik raketlər olmaqla, xərclərin təxminən üçdə ikisini üzərinə götürərkən, Energetika Nazirliyinin xərcləri ilk növbədə nüvə silahı laboratoriyaları üçün olacaq.

Şirkətin mənfəəti

ICAN hesabatına görə, nüvə silahlarının inkişaf etdirilməsi və texniki xidmətində çalışan 20 şirkət ən azı 7,9 milyard dollar dəyərində yeni müqavilələr də daxil olmaqla, öz işlərinə görə 30 milyard dollardan çox gəlir əldə edib. Hesabatda aparıcı şirkətlər bunlardır: “Honeywell International” 6,1 milyard dollar, “Northrop Grumman” 5,9 milyard dollar, “BAE Systems” 3,3 milyard dollar, “Lockheed Martin” 2,8 milyard dollar və “General Dynamics” 2,7 milyard dollar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə-silahı   Xərc  


Bizi "telegram"da izləyin