ABŞ və Çinin Körfəz rəqabəti: Ticarət dəhlizləri münaqişə, yoxsa rəqabət yaradacaq?

2023/10/2023--1697006933.jpg
Oxunub: 33686     16:59     12 Oktyabr 2023    
Hindistanı Yaxın Şərq vasitəsilə Avropaya birləşdirəcək yeni iqtisadi dəhliz təşəbbüsünün təfərrüatları təşəbbüsün bütün tərəfləri daha sonra bir araya gələnə qədər məlum olmayacaq. Lakin layihənin Yeni Dehlidə keçirilən G20 sammiti zamanı elan edilməsi çoxlu təhlil və şərhlərə səbəb olub.

ABŞ-də yerləşən CNBC şəbəkəsinin uzun hesabatında amerikalı şərhçilər layihəni 2013-cü ildə Çinin başlatdığı “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə rəqabətdə ABŞ-nin geosiyasi ittifaqlarında dəyişikliyi təmsil edən böyük bir razılaşma kimi təsvir ediblər. Onların fikrincə, bu vəziyyət Körfəzdə yaranmaqda olan ölkələrin maraqlarına xidmət etsə də, beynəlxalq ticarətdə daha da parçalanma deməkdir.

Hesabat əsasən Səudiyyə Ərəbistanının maraqlarına yönəlib. Hətta Krallıq BRICS alyansına dəvət edilən altı ölkə arasında yer aldı və Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsünə alternativ hesab edilən, Hindistanı Yaxın Şərqdən Avropaya dəniz və quru yolu ilə birləşdirən iqtisadi dəhliz üçün Baydenin elan etdiyi alyansın tərəfdaşı oldu.

Səudiyyə Ərəbistanı iki ittifaqa qoşulmaqla, Çin-ABŞ rəqabəti şəraitində iqtisadi və strateji imkanlardan yararlanır. Xüsusilə ABŞ və digər Qərb dövlətləri öz milli təhlükəsizliklərini qorumaq üçün Çindən asılılığı azaltmağa çalışırlar. Bu vəziyyət qlobal ticarətə mane olan proteksionist siyasətlər və millətçilik meylləri fonunda qlobal iqtisadiyyatın parçalanmasına gətirib çıxarır.

Münaqişə, yoxsa rəqabət?

Bu parçalanma nəticəsində hər bir ölkənin öz maraqlarına nail olmağa çalışdığı “çoxqütblü dünyada mürəkkəb münasibətlər kompleksi” yaranır.

Eyni şəkildə siyasi risklər üzrə konsaltinq şirkəti olan “Eurasia Group”un təsisçisi və prezidenti Yan Bremmer bir televiziya kanalına müsahibəsində deyib: “Biz BRICS və G7 arasında qlobal münaqişəyə doğru getmirik. Bəli, Hindistan, Braziliya və Cənubi Afrikanın açıq-aşkar narahatlıqlarına baxmayaraq, Çin BRICS sammitində daha altı ölkənin qrupa qatılma dəvətini təmin edərək, nəzərəçarpacaq qələbə əldə etdi. Lakin genişlənən BRICS ölkələrinin hamısı olmasa da, əksəriyyəti Çinin blokdakı liderliyinə qarşıdır. Onlar BRICS üzvlüyünün G7 ölkələri ilə iqtisadi və diplomatik əlaqələrinə və ya bu əlaqələrin inkişafına mane olmasını istəmirlər”.

Bununla belə, hesabatda qeyd olunur ki, təhlükələr “daxil edilmə”də deyil, “təcrid etmə”də ola bilər.

Bu vəziyyət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi dəhliz layihəsinin açıqlanmasından sonra G20 sammiti kuluarlarında verdiyi açıqlamada aydın görünür. Belə ki, Ərdoğan Baydenin “Türkiyənin kənarda qalması” təşəbbüsünü açıqlamasından sonra “Türkiyənin iştirakı olmadan heç bir dəhliz olmayacaq” deyib.

Yeni İqtisadi Dəhliz layihəsində iştirak edən ölkələr aşağı və orta gəlirli ölkələrdə infrastruktur sərmayəsinin çatışmazlığını dolduracaq investisiya vədlərini səbirsizliklə gözləyirlər. Bu, regional təchizat zəncirlərinin təmin edilməsi və ticarət mübadiləsinin və ümumilikdə iqtisadi fəaliyyətlərin artırılması demək olacaq.

Bütün bunlar Çinin on il əvvəl qlobal infrastruktur investisiya strategiyası olaraq başlatdığı “Bir Kəmər, Bir Yol” təşəbbüsünün məqsədlərinə bənzəyir.

Keçmiş ABŞ diplomatı və “Carnegie” Beynəlxalq Sülh Fondunun hazırkı vitse-prezidenti Evan A. Feigenbaum X platformasında verdiyi açıqlamada bildirib: “Problem ondadır ki, təşəbbüs Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünə qarşıdır və bu, ABŞ-nin baxışıdır. Digər tərəflərin baxışı isə bunun digər təşəbbüslərdən çıxarma deyil, bir əlavə olmasına bağlıdır”.

Problemlər

İqtisadi dəhliz layihəsinin bəlkə də ən mühüm xüsusiyyəti onun “Bir Kəmər, Bir Yol” təşəbbüsündəki Çin metoduna ABŞ alternativi təklif etməsi deyil. CNBC-nin hesabatına görə, ən mühüm məqsəd ABŞ-nin Yaxın Şərqdəki rolunu bərpa etmək olmaqda davam edir.

Alternativ infrastruktur layihələrinə investisiyanın təmin edilməsi metoduna aiddir. Bu, çox vaxt dövlət vəsaitlərindən asılıdır, çünki şirkətlər və özəl investisiyalar dərhal gəlir və ya mənfəət görmürlər. Çinə gəlincə, Şanxaydakı Fudan Universitetinin son statistik məlumatlarına görə, “Bir Kəmər, Bir Yol” Təşəbbüsü fəaliyyətə başladığı 10 il əvvəldən bəri 148 ölkəni tərəfdaş kimi daxil edə bilib.

Londondakı Müstəqil İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin araşdırmasına görə, təşəbbüsün 2040-cı ilə qədər qlobal ümumi daxili məhsulu ildə 7,1 trilyon dollar artıracağı gözlənilir. Təkcə Yaxın Şərqdə Çin 12 ölkə ilə strateji tərəfdaşlıq sazişləri, Baydenin İqtisadi Dəhliz Təşəbbüsünün iştirakçısı olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla 21 ərəb ölkəsi və Ərəb Dövlətləri Liqası (ƏDL) ilə əməkdaşlıq müqavilələri imzalayıb.

Nəticədə Çin ABŞ və Qərb investisiyalarının azalmasını Körfəz investisiyaları ilə kompensasiya etdi. “Bloomberg”in məlumatlarına görə, Körfəz şirkətlərinin Çinə investisiyaları 1000 faizdən çox artaraq 5,3 milyard dollara çatıb. Çinin investisiyalarına gəlincə, bunlar əsasən Çin dövlət banklarının iştirak etdiyi kreditlərlə əlaqələndirilir və məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) kreditlərindən daha yüksək faiz dərəcəsinə malikdir. Bəzən bu faiz dərəcəsi 4-5 faizə çatır.

Eyni şəkildə digər tikinti və infrastruktur layihələri daha çox Çin şirkətləri tərəfindən həyata keçirilir. Sinqapur Milli Universitetinin siyasi elmlər professoru Çunq Ya lan bildirib: “Borc problemi ilə yanaşı, iri infrastruktur layihələri əsasən illər sonra geri dönüş almadıqları və gəlir ilkin investisiyanın dəyərinə çatmaya biləcəyi üçün yüksək riskli görünür”.

Lakin 2020-ci ildən bu ilin mart ayının sonuna qədər Çin təşəbbüsə qoşulmuş inkişaf etməkdə olan ölkələrə olan borcların çoxunu sildi və ya yenidən strukturlaşdırdı.

Nyu-Yorkda yerləşən “Wardium Group” konsaltinq şirkətinin məlumatlarına görə, bu müddət ərzində Çindən bütün dünyada infrastruktur layihələrinin maliyyələşdirilməsinə ayrılan 78,5 milyard dollarlıq kredit silinib və ya yenidən strukturlaşdırılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Körfəz  


Bizi "telegram"da izləyin