Umudlu kəndi Ağdərə ərazisində, Sərsəng su anbarının yaxınlığında yerləşir. Kənd özünün strateji əhəmiyyətilə seçilib. Buna görə də Umudlu kəndi daim ermənilərin xüsusilə diqqətində olan yaşayış məkanlarından biri olub. Heç də təsadüfi deyil ki, XX əsrin əvvəllərində 1905-ci ildə dekabr ayının 26-da törətdikləri soyqırım da bu kəndə qarşı həyata keçirilib. Aradan illər ötdükcə Umudlu sakinləri yurd yerlərinə qayıdaraq kəndlərini yenidən qurub, yaradıb və dirçəldiblər. Hər tərəfdən ermənilərin məskunlaşdığı kəndlərlə əhatə olunan Umudlu kəndi növbəti işğalını 1992-ci ilin 28 fevralında yaşayır.
Ordu.az saytı olaraq yenidən yurduna dönərək doğma kəndlərini qurub yaratmaq əzmində olan Umudlu sakinlərinin gələcək planları barədə dedikləri təəssüratları Sizə çatdırırıq.
Öncədən vədələşdiyimiz ki, bizi məskunlaşdıqları qəsəbənin girişində qarşıladı. İlk sözünə “İnşallah köçəcəyimiz günü bilirsiniz” deyə başladı Aydın Şahverdiyev. Üzündə olan qayğılıq ifadəsi beynimizdə bir neçə cavabsız suallar doğururdu. Sanki nə düşündüyümüzü anlamışdı. Evdə stol arxasında əyləşdikdən sonra sözünə davam edərək “Sizin gəlişinizi eşidəndə çox sevindim. Nəhayət ki, bizi də yada salan və fikirlərimizi dinləyən oldu. Amma çox narahat və qayğılıyam. Deyəcəklərim o qədər çoxdur ki, hardan başlayıb, nədən qurtaracağımı bilmirəm” deyə söhbətimizə körpü salmağa çalışdı. Sağ tərəfində oturan gənc xanımı göstərərək dedi: “Qızım hələ lap körpəydi. Düzdür kənd yadına düşməsə də, amma Umudlu həsrətilə böyüyüb”.
Aygün Şahverdiyeva kəndlərində görəcəyi işlərdən danışdı, qurduğu planlarının olduğunu dedi. Deyir ki, əsas məqsədi işğal illərində geridə qalan və erməni tapdağına çevrilən kəndlərinin inkişaf etməsində pay sahibi olmaq istəyir:
“Kənddən çıxanda 2 yaşım olardı, təbii ki, kəndi xatırlamıram. Amma böyüklərim, ata-anam bir valideyn olaraq bizə hər zaman Umudlunu sevdiriblər. Çox sevinirəm ki, bu gün valideynlərim Umdulusuz böyüməkdə olan bizə kəndimizi sevdirə bilib. İndi biz kəndimizə qayıtmağı daha çox istəyirik. Ən böyük arzumdur ki, indiki gənc nəsil ora getsin, orda karyera qursun. Biz ailəlikcə istəyirik ki, qayıdaq torpağımıza. Fərqi yoxdur Umudlunu görən və görməyən. Orda məskunlaşaq daimi. Yəni öz arzularımızı doğma kəndimizdə həyata keçirmək istəyirik, öz ata yurdumuzda. Çox sevincliyəm ki, ata yurdumuz alınıb, torpaqlarımız alınıb. İnşallah ki, mənim də o kəndin bir sakini kimi, Umudlunu yaşatmaq üçün hansısa bir əməyimin olmasını istəyirəm və onu reallaşdırmaq üçün qısa zamanda elimizə dönməyi arzulayıram”.
Hələ körpə ikən ermənilərin doğma ocağına soyuq su çiləyib, isti yuvasını qışın sərt soyuğunda dağıtdıqları, dünyanın gedişatından xəbəri olmadan öz yuvasından didərgin salınan bir qızın arzularıdır. Düşmən məkrini, müharibənin acı dəhşətlərini böyüdükcə görüb, hiss edib yaşayan Aygün Şahverdiyeva indi doğma Umudlusunun daha da abad və inkişaf etməsi üçün çalışacağını deyir. Artıq əzablı günlərin geridə qaldığını deyən Umudlu sakinlərinin gələcəyə nikbin baxışları, doğma elin tez bir zamanda dirçələcəyini deməyə əsas verir.
A. Şahverdiyev məcburi köçkün həyatı yaşadıqları illərdə çəkdikləri əzablı günlərin çox olduğunu, bu gün isə o acılı günlərin yerini xoşbəxt və firavan gələcəyin aldığına əmin olduğunu ifadə edib: “Əzabla, əziyyətlə çıxmışıq, gəlib yerləşmişik bura. Düzdür burda dövlət bizim üçün hər cür şərait yardıb. Demək olar ki, heç bir şeydən narazı deyilik. İndi bura da şükür, olduğumuz yerə də şükür. Amma öz yerimiz tam başqadır da. Öz anadan olduğumuz torpaq alınıbdır. Çox sevincliyik”.
Aydın Şahverdiyev onu da qeyd edib ki, azadlıq sevinci Umudludan olan sakinlərin 30 il öncə yaşadıqları dəhşətləri yaddan çıxarmayacaq. Onlar, gələcək nəsillərin bir daha bu cür faciələr yaşamaması üçün əsl düşmənlərinin iç üzünü təbliğ edəcəklər. Amma bunun fonunda düşməndən hər zaman bir addım öndə olmaq üçün qurub yaratmaq və yaşatmağa çalışacaqlar. Bu yaşadığımız reallıqlar bunu deməyə əsas verir.
“Bizim kəndin aşağısı Sərsəg su anbarıydı, yuxarısı Həsənriz, Zəylik kəndi. Mühasirədə olan bir kəndiydi. O vaxtı mən özüm də Ağdam özünümüdafiə batalyonunun üzvü kimi döyüşürdüm. Bu gün də ehtiyac yarandığı hər bir anda düşmənə qarşı döyüşməyə hazıram”.
A. Şahveriyev deyir ki, Umudlu kəndində bəzi yaşayış evlərinin qalması, bu kəndə köçürülmənin yaxın vaxtlarda olacağına işarədir. Buna görə də o istəyir ki, ailəsi ilə Umudluya köçən ilk ailələrdən biri olsun.
Daşqın Güneyli
Ordu.az