Ermənistanda komanda idarəetmə məntəqəsinə kim daxil ola bilərdi? Paşinyanın arvadı hansı səlahiyyətlərə malik idi?

2024/07/1719814808.jpg
Oxunub: 606     13:20     01 İyul 2024    
Ermənistanın “168.am” nəşri 44 günlük müharibədə əməliyyatların planlaşdırılması zamanı komanda idarəetmə məntəqəsinə hansı vəzifəli şəxslərin daxil ola bilib-bilməyəcəyi barədə yeni məqalə dərc edib. Nəşrin məqaləsində Ermənistanın Müdafiə Nazirliyinə göndərilmiş sorğu əsasında analizlər aparılıb və bir sıra qanunsuz hallar aşkarlanıb. Habelə Ermənistan Müdafiə Nazirliyi Paşinyanın Rusiya və Belarusla əlaqədar səsləndirdiyi ittihamlara cavab verməkdən yayınıb.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Mayın 22-də Ermənistan parlamentinin “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Xaçatur Sukiasyan parlament tribunasından 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı təhlükəli bəyanatla çıxış edərək iddia edib:

“44 günlük müharibə zamanı insanlar bilərəkdən əsgərlərimizi öldürmək üçün yerlər veriblər. Niyə? Çünki ozamankı hakimiyyət məğlub olsun, hansısa siyasi qüvvələr, insanlar bacarsınlar... Mən orada olmuşam, siz də bilirsiniz ki, sentyabrın 29-da orada olmuşam. Bu, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “prezidenti”nin (separatçı-red.) müvafiq bunkeri adlanırdı, orada olan zaman Samvel Babayanı görmüşəm. Babayan bu fikirləri həmin vaxt fəaliyyətdə olan “Qarabağın prezidenti”nə deyib. Mən heç bir şeyi özümdən uydurmuram. Samvel Babayanı yəqin ki, ilk dəfə o vaxt görmüşəm və tanış olmuşam. Mən gördüklərimi çox düzgün şəkildə deyirəm”.

Mayın 23-də “168.am” Xaçatur Sukiasyanın heç bir vəzifəsi və ya statusu olmadığı halda onun komanda məntəqəsinə necə daxil olduğunu öyrənmək üçün Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərib. Bu kontekstdə qaydalara uyğun olaraq komanda məntəqəsinə kimlərin daxil ola biləcəyi ilə bağlı ətraflı məlumat istədik.

Xatırladaq ki, 44 günlük müharibə günlərində bəlkə də hüququ olmayan bir sıra təsadüfi şəxslər komanda məntəqəsinə daxil olublar. Ermənistan Müdafiə Nazirliyi 12 iyun tarixli cavab məktubunda qeyd edib: “Sözügedən bəyanatda Silahlı Qüvvələrin komanda məntəqəsinə daxil olmaq qeyd olunmur, ona görə də məsələ Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil”.

Yəni, Müdafiə Nazirliyi eyham vurur ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı “prezident” bunkerini nəzərdə tuta bilərdi. Hər halda. Sualın ikinci hissəsinə gəlincə, müdafiə idarəsi belə cavab verib: “Ümumiyyətlə, əsas sənədlərə əsasən, komandanlıq məntəqələrində əməliyyat vəzifələrini yerinə yetirən müvafiq vəzifəli şəxslərə daxil olmaq üçün daimi və ya müvəqqəti icazələr verilir”.

Yəni, orduya silah tədarükçüsü Davit Qalstyan (Patron Davit) komandanlıq məntəqəsində ola bilərdi. Vaxtilə bu, KİV-lərdə qızğın qarşılanıb və daha sonra, 2021-ci ilin martında bununla bağlı Ermənistan Müdafiə Nazirliyindən “Haykakan jamanak”a izah ediblər ki, Qalstyan orada olub, çünki “təqdim olunan şəkildə müzakirə mövzusu satınalma prosesləri çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün lazım olan müvafiq əmlakın tədarük edilməsi prosesi olub”.

Belə çıxır ki, əsas sənədlərə əsasən, Anna Hakopyan komanda məntəqəsində olmaq hüququna malik deyildi, çünki vəzifəli şəxs deyil, buna görə də müvəqqəti də olsa, orada olmaq üçün müvafiq funksiyaya sahib olmayıb.

Sorğumuz vasitəsilə bu barədə də məlumat almağa çalışmışdıq ki, Aşot Paşinyana hərbi xidmətini başa vurduqdan sonra nə vaxtsa təlim toplanışlarında iştirak etmək üçün bildiriş göndərilib, yoxsa yox, göndərilməyibsə, hansı əsasla göndərilməyib? “Aşot Paşinyan 2020-ci ilin 44 günlük müharibəsinin iştirakçısıdır, tərxis olunduqdan sonra hələlik təlim toplanışlarına çağırılmayıb”, - deyə Müdafiə Nazirliyindən bildiriblər.

Xatırladaq ki, Nikol Paşinyan 2020-ci il oktyabrın 5-də son bir ildə ordudan tərxis olunanlara müraciət edib və mərkəzi toplanış məntəqəsinə getməyi xahiş edib. Halbuki, onun sözlərinə görə, “qanunvericiliyimizə görə, xidmət müddətini son bir il ərzində başa vuranlar, yəni son bir ildə hərbi xidmətdən tərxis olunanlar hərbi xidmətə çağırılmır”.

2020-ci ilin iyulunda tərxis olunan Aşot Paşinyan atasının çağırışına dərhal əməl edib və elə həmin gün toplanış məntəqəsindən çəkilmiş foto paylaşıb.

“168.am” müharibə zamanı Aşot Paşinyanın komandirinin kim olduğunu, harada olduğunu və nə vaxt qayıtdığını ətraflı yazmışdı. Nazirlikdən bizə demişdilər ki, o, hərbi vəziyyət zamanı formalaşdırılmış “N” saylı hərbi hissənin (komandir - polkovnik A.Smbatyan) tərkibində Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatlarında iştirak edib, 2020-ci il noyabrın 9-dan sonra isə Aşağı Xınzırək ərazisində döyüş növbətçiliyinə cəlb edilib.

Müdafiə Nazirliyi Aşot Paşinyanın Cəbrayıl və Qubadlı istiqamətlərində nə vaxt olduğunu və nə qədər müddət olduğunu açıqlamayıb. Yeri gəlmişkən, ötən gün Nikol Paşinyan parlamentdə dostu ilə yan-yana qalanda, demək olar bir-birindən möhkəm yapışanda, həmin oğlanın öldüyünü, oğlunun isə sağ qaldığını bir daha xatırlayıb.

Tale? Təbii ki, sağ qalması yaxşıdır, heç kimin ölməsini istəmirik. Qeyd edək ki, 44 günlük müddət ərzində Paşinyan yaralanmayıb, müharibədə iştirak edən onun hərbi hissəsindən isə 21 nəfər ölən olub. Belə çıxır ki, müharibədən 4 il sonra və ya xidməti başa vurduqdan sonra Aşot Paşinyan Ermənistanın suveren ərazisini müdafiə etmək üçün heç bir təlim toplanışında iştirak etməyib, Azərbaycan ərazisi Qarabağın müdafiəsində isə qanundan yan keçərək iştirak edib. Görünür, belə lazım idi.

Biz isə Müdafiə Nazirliyindən onu da öyrənməyə çalışmışdıq ki, Müdafiə Nazirliyinin müvafiq xidmətləri, kəşfiyyat orqanları 44 günlük müharibədən əvvəl 2 KTMT ölkəsinin - Rusiya və Belarusun bizə qarşı müharibənin hazırlanmasında iştirak etdiyi barədə məlumata sahib olubmu? “Ermənistan Baş nazirinin bəyanatını əsas götürməyi xahiş edirik, bundan başqa heç bir məlumat verə bilmərik”, - deyə Müdafiə Nazirliyi cavab verib.

Əslində, Müdafiə Nazirliyi bu gün nə qədər Qərbə, ABŞ-yə və NATO-ya yönəlsə də, Paşinyanın siyasi bəyanatlarına görə məsuliyyəti öz üzərinə götürmək istəməyib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ   NATO   Paşinyan  


Bizi "telegram"da izləyin