Uydurma İdeologiya Naminə Yazılan Saxta Tarix: Qarabağ Regionunun Tarixi Ermənistan Tarixşünaslığında

2023/09/1694428205.jpg
Oxunub: 7485     10:21     12 Sentyabr 2023    
Qarabağ Azərbaycanın əzəli, ayrılmaz ərazisidir. Bunu tarixi, arxeoloji, etnoqrafik faktlara əsasən tarixi gerçəkliklərə, tarix elminə obyektiv yanaşan bütün rus, gürcü, azərbaycanlı, avropalı, hətta erməni tarixçiləri də öz əsərlərində təsdiq etmişdir. Təəssüf ki, obyektivlikdən xeyli uzaq bir çox erməni tarixçiləri V–VII əsrlərdə Favistos Buzandt, Moisey Xorenlinin yazdığı ermənilərin tarixi haqqında nağıllar əsasında (Aşxaratsuys) özlərinə “gerçək” tarix yaradıblar. Cənubi Qafqazı da əhatə edən “qədim” və ya “Böyük Ermənistan” dövlətinin mövcudluğunu, Qarabağın isə həmin dövlətin bir vilayəti olduğunu iddia edən erməni tarixçiləri ermənilərin tarixən ayrı-ayrı dövlətlərin ərazilərində kiçik tayfalar şəklində yaşadıqlarını inkar etməyə çalışırlar.

XIX əsrin əvvəllərində Cənubi Qafqaza köçürülən, XX əsrin əvvəllərində isə havadarlarının dəstəyi ilə ilk dəfə özlərinə “dövlət” quran ermənilər zaman-zaman bu ərazilərdəki, demək olar ki, bütün xalqlara aid toponimləri (yer adlarını), tarixi abidələri heç bir maddi, mənəvi və etimoloji əsas olmadan özününkiləşdirməyə cəhd göstərdilər. Bu siyasətin arxasında bir məqsəd dururdu – əsrlərdən bəri erməni tarixçiləri və siyasi ideoloqları tərəfindən ortaya atılan uydurma “Böyük Ermənistan” ideyasını reallaşdırmaq. Qarabağın işğalı isə bu ideologiyanın əsas tərkib hissələrindən idi.

XX əsrin əvvəllərindən başlanan bu ideologiya əsrin sonlarında daha geniş vüsət almağa başladı. Belə ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ermənilərin Qarabağda guya Azərbaycan dövləti və xalqı tərəfindən aparılan antierməni siyasətini və xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas tutaraq yerli azərbaycanlılara və burada yaşayan digər millətlərin nümayəndələrinə qarşı başlatdıqları “azadlıq hərəkatı” iki dövlət arasında böyük münaqişəyə və hətta müharibəyə çevrildi. Qeyd etmək lazımdır ki, erməni tarixçiləri əgər sovet dövründə, yəni 80-ci illərin sonlarına qədər yazdıqları kitab və məqalələrdə guya Qarabağda azərbaycanlılar tərəfindən antierməni siyasətinin aparıldığını arqument gətirərək bu torpaqların işğalı üçün ideoloji zəmin yaradırdılarsa, işğaldan sonra buna haqq qazandırmağa çalışırdılar və bu hal bu günədək davam edir.

Bu kitabların bir çoxunun adlarına diqqət yetirərkən onların ilk baxışdan Qarabağ probleminin həlli naminə yazıldığını düşünmək olar. Halbuki, erməni müəlliflər Qarabağ probleminin həlli deyərkən, bu məsələnin özlərinin xeyrinə həll olunmasını nəzərdə tuturdular. Bu məqalənin məqsədi erməni alimləri tərəfindən tarix elmi üçün deyil, ideologiya naminə yazılmış həmin “əsərlərin” bir neçəsini təhlil etmək, onların əsl mahiyyətini açıb göstərməkdir.

1989-cu ildə Yerevanda Y.Barseqovun “Öz müqəddəratını təyinetmə hüququ–millətlərarası problemin həllinin demokratik əsasıdır: Dağlıq Qarabağ probleminə dair” kitabı çapdan çıxıb. Kitabın annotasiyasında bildirilir ki, “Y.Barseqovun kitabı dövlətimizin beynəlxalq hüquq və milli siyasəti nöqteyi-nəzərindən Arsak düyününün əsas aspektlərinə dair bütün vacib dəlilləri elmi cəhətdən təhlil etmək, onun ədalətli və demokratik baxımdan açılmasını əsaslandırmaq və optimallaşdırmaq üçün ilk cəhd hesab olunur”. Kitabın məzmunu aşağıdakılardan ibarətdir: 1. Dövlət sərhədlərinin əhalinin iradəsi ilə müəyyənləşdirilməsi – xalqların öz müqəddəratını təyin etməsi Lenin konsepsiyasının əsas məsələsidir. 2. Xalqların öz müqəddəratını təyin etməsi – beynəlxalq hüququn imperativ normasıdır. 3. Konstitusiya böhranı, yoxsa hüquqi savadsızlıq? (Xalqın öz müqəddəratını təyinetmə hüququ və dövlətin ərazi bütövlüyü prinsipi arasındakı münasibətlərə dair). 4. Öz müqəddəratını təyinetmənin “İqtisadi mümkünsüzlüyü” – siyasi bəhanədir. 5. Öz müqəddəratını təyinetmə – xalqlar və dövlətlər arasında sülh və dostluq münasibətləri amilidir. 6. Beynəlxalq münasibətlərdə nəyi yenidən qurmaq lazımdır? 7. Öz müqəddəratını təyinetmə prinsipi əsasında kompromis formalarının institusional axtarışında.

Kitabın adından və məzmunundan da göründüyü kimi, Y.Barseqov Qarabağ problemi məsələsində xalqların öz müqəddəratını təyin etməsi və sərhədlərin xalqın iradəsi ilə müəyyənləşdirilməsi barədə beynəlxalq hüququn prinsiplərini önə çəkməklə ermənilərin gələcəkdə bu torpaqları işğal etməsi üçün ideoloji zəmin hazırlayır. Halbuki, beynəlxalq hüququn prinsiplərinə görə hər hansı bir xalqın başqa bir dövlətin ərazisində öz müqəddəratını təyin etmək hüququ yoxdur. Bu halda müəllif yalnız beynəlxalq hüququn “Xalqların dinc və yanaşı yaşaması” prinsipini önə çəkməli idi. Kitabın heç bir bölməsində bu barədə bəhs edilmir.

Qarabağ məsələsinə dair 1989-cu ildə çap olunmuş kitablardan biri də S.Xurşudyanın “Həqiqət- tarix elminin vahid kriteriyasıdır: Qarabağ problemi ilə bağlı olaraq Azərbaycanda genişlənən antierməni kompaniyasının yeni mərhələsinin səbəb və məqsədləri” adlı kitabıdır. Kitabın müəllifi guya həqiqətləri yazdığını bildirsə də, əslində, onun yalan və uydurma olmasını kitabın həm bölmələrini adı, həm də ümumi məzmunu aydın şəkildə göstərir. Məsələn, kitabın ilk iki bölməsi belə adlanır: “Azərbaycanda genişlənən antierməni kompaniyasının yeni mərhələsinin səbəbləri hansılardır?” və “Dağlıq Qarabağ 1918–1920-ci illərdə Müsavat Azərbaycanının tərkibində olmayıb”. Halbuki, müəllifin yazdığının əksinə olaraq, Azərbaycanda heç zaman antierməni kompaniyasının nə ilk, nə də yeni mərhələsi olmayıb. Əksinə, ermənilər həm ilk məskunlaşdığı torpaqlardakı xalqlara xəyanət edib, həm də Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürüldükdən sonra yerli türk və digər xalqlara qarşı daim düşmənçilik mövqeyində olub, onları dəfələrlə deportasiya, terror və soyqırımlara məruz qoyub. İlk iki bölmənin adından da göründüyü kimi, müəllifin məqsədi digər erməni tarixçi və siyasətçiləri kimi millətlərarası ədavəti qızışdırmaq, uzun illərdən bəri aparılan saxta “Böyük Ermənistan” ideologiyasını gücləndirməkdir.

Erməni tarixçiləri tərəfindən 1990-cı illərdə də Qarabağ mövzusuna həsr edilmiş bir çox qərəzli kitablar çap edilib. Bunlardan biri V.Arutunyanın “Dağlıq Qarabağdakı hadisələr: Xronika” adlı kitabıdır. 6 hissədən ibarət kitab Qarabağdakı hadisələr haqqında sənədli oçerk xarakteri daşıyır. Təbii ki, V.Arutunyan problemə obyektiv deyil, sırf erməni mövqeyindən yanaşır. O, problemin tarixindən danışarkən 1988-ci il Sumqayıt hadisələrini qabardır. Halbuki, o, həmin hadisələrin ermənilərin özləri tərəfindən törədildiyindən xəbərsiz deyil. Məlumdur ki, məsələnin kökündə və mahiyyətində ermənilərin, onların havadarlarının məkrli niyyətləri, qarşıya qoyulmuş uydurma planların gerçəkləşdirilməsi dururdu. Belə ki, həm Arutunyan, həm də digər erməni tarixçi və siyasətçiləri Qarabağ münaqişəsinin başlanmasına səbəb kimi Sumqayıt hadisələrini göstərirlər. Halbuki, bir ölkənin hansısa bir əyalətində iki xalqın nümayəndələri arasında baş vermiş toqquşma, başqa bir ölkənin ərazisində yaşayan həmin xalqın nümayəndələrinin son nəfərinə qədər nəinki silah, terror, hətta siyasi yolla belə deportasiya edilməsinə, üstəlik də o ölkənin bu məsələyə aidiyyəti olmayan digər bir bölgəsinin işğalına əsas vermir. Belə ki, bu arqument özünütəkzibdən başqa bir şey deyildir.

1991-ci ildə Qarabağ mövzusunda nəşr olunan kitablardan biri Q.Balyanın “Dağlıq Qarabağ və İttifaqdakı milli münaqişələr insan haqları işığında” adlı kitabıdır.

Yeddi hissədən və ayrı-ayrı bölmələrdən ibarət olan bu kitab da mövzu baxımından öz qərəzliliyi ilə digər erməni müəlliflərinin kitablarından fərqlənmir, faktlar təhrif olunur, baş verən hadisələr birtərəfli və hətta əksinə təqdim olunur. Bunları kitabdakı hissə və bölmələrin adından da aydın görmək mümkündür. Təbii ki, bir məqalədə bütün bölmələrin təhlili mümkün olmadığından, bizim üçün maraqlı olan və diqqəti cəlb edən bölmələrin adlarını qeyd edib, onların ümumi şərhini vermək məqsədəuyğun sayılır. Bunlar aşağıdakılardır:

I. Giriş və məsələnin əvvəlki dövrü. II. Azərbaycan SSR-də erməni azlığı: a. Qısa tarixi oçerk; b. Azərbaycan SSR-də insan haqlarının pozulması; III. Dağlıq Qarabağda, Ermənistanda və Azərbaycanda iğtişaşlar: a. Kütləvi etirazlar – ilk aylar; b. Sumqayıtda qırğınlar və onların gizlədilməsi: 1) Azərbaycandakı ilk qırğın – Sumqayıt. 2) Sumqayıtdakı bağlı məhkəmələr; c. Azərbaycandakı ikinci qırğın – Kirovabad; IV. Azərbaycanda aqressiyanın güclənməsi: iqtisadi blokada və qarışıqlıq, nəticədə Bakıda antierməni talanlarının baş verməsi: a. Bakıdan ermənilərin köçürülməsi kompaniyası; b. Ermənistan Azərbaycan tərəfindən təşkil olunmuş blokada şəraitində; c. Moskva Dağlıq Qarabağı erməni azlığının iradəsinə zidd olaraq Azərbaycanın nəzarətinə qaytarır; d. Azərbaycandakı üçüncü qırğın – Bakı...; Dördüncü qırğın – Dağlıq Qarabağda; V. Milli münaqişələr SSRİ-də demokratikləşdirmə prosesinə təhlükə yaradır: a. Dağlıq Qarabağda kritik vəziyyət; b. Sovet ordusu ilk dəfə hərbi əməliyyatlarda iştirak edir; VI. İttifaqdakı milli münaqişələr – öz müqəddəratını təyinetmə və Dağlıq Qarabağ: a. Öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü və s.

Göründüyü kimi, müəllif insan haqları deyərkən, bunu yalnız erməni xalqına aid edir, milli münaqişələrdən, qırğınlardan danışarkən guya bütün bunların yalnız Azərbaycanda və erməni xalqına qarşı törədildiyini bildirir. Ermənistana gəlincə, nəinki əsrin əvvəllərindən bəri, hətta sözügedən dövrdə belə, burada yaşayan türk-müsəlman xalqına qarşı törədilən vəhşiliklərdən bir kəlmə də yazmır. O dövrdə Qarabağdakı kritik vəziyyətdən, orada baş verən hadisələrdən, guya ermənilərə qarşı törədilən əməllərdən bəhs edən Q.Balyan, təbii ki, bu hadisələrin ermənilərin özləri tərəfindən gələcəkdə öz məkrli planlarını həyata keçirmək üçün təxribat məqsədilə törədildiyini dəqiq bilir. Əks halda, azərbaycanlıların əsrlərdir yaşadıqları öz əzəli torpaqlarında hansısa təxribatlara əl atmaqla, buradakı vəziyyəti ağırlaşdırmaqda heç bir marağı ola bilməzdi.

1990-cı ildə erməni tarixçisi P.Muradyanın “Tarix – nəsillərin yaddaşıdır: Dağlıq Qarabağ tarixinin problemləri” adlı kitabı çap edilib.

Kitabda annotasiyasında bildirilir ki, müəllif öz kitabında Qafqaz Albaniyasının və Arsakın (Qarabağın dağlıq hissəsi) etnik, siyasi və mədəni tarixinin daha aktual məsələlərini gözdən keçirib. Xeyli ilkin mənbələr araşdırılıb ki, bunlar da Azərbaycan müəllifləri tərəfindən Arsakın qədim dövrlərdən XIX əsrin birinci yarısına qədərki tarixini saxtalaşdırmaq məqsədilə qəsdən yol verilən bir sıra mühüm təhrifləri üzə çıxarıb.

Kitab aşağıdakı bölmələrdən ibarətdir: Bəsit yanaşma etnik problemlərin aydınlaşdırılmasına mane olur; Qafqaz Albaniyasının öyrənilməsinə dair: (F.Məmmədovanın “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” (e.ə. III əsr – b.e. VIII əsri) kitabı haqqında); Qafqaz Albaniyasının əsl və uydurma ədəbiyyatı haqqında; Dağlıq Qarabağ qədim dövrlərdən 1917-ci ilədək; Ermənilər Azərbaycan alimlərinin məhkəməsi qarşısında; “Səyahətlər” necə nəşr olunub; Qat-qat əvəzi kimdən çıxmalı?; Daha bir “alban tarixçisi” aşkar edilib; “Bünyadovçuluğun” sonu görünmür. Bölmələrin adlarından kitabın məzmunu aydın görünür. Belə ki, erməni tarixçi bir çox digər erməni tarixçilərini təkrar edərək guya bu ərazidə heç bir Albaniya dövlətinin olmadığını, həmin ərazilərin “Böyük Ermənistan”, Arsakın isə (Yuxarı Qarabağın – V.H.) onun bir əyaləti olduğunu bildirir. Hansı ki, P.Muradyan bir tarixçi kimi, ən azı tanınmış erməni əsilli tarixçi, akademik İ.Orbelinin əsərlərini oxumamış deyil. Akademik Orbeli bildirir ki, XII–XIII əsrlərdə Arsax (Qarabağ) ərazisində Xaçın knyazlığı fəaliyyət göstərib ki, o, “qədim Albaniyanın bir hissəsi olub”. Beləliklə, erməni alim guya Azərbaycan alimlərinin saxtakarlıqlarını üzə çıxararkən, əslində, özü saxtakarlığın ən yüksək zirvəsini fəth edib.

Bu mövzuda yazılan kitablardan biri də A.Karsetsinin “Xalqlar arasındakı münaqişələr və onların aradan qaldırılması yolları: Dağlıq Qarabağ probleminə dair” adlı kitabıdır. Guya xalqlar arasındakı münaqişələrin yaranma səbəblərinə, həmçinin onların aradan qaldırılması yollarına həsr olunan kitabın məzmunu aşağıdakılardan ibarətdir: Xalqlar arasındakı münaqişələrin növləri. Onların meydana çıxma səbəbləri; İslam. Xristian xalqlarına qarşı dini düşmənçiliyin başlanğıcını qoyan Osmanlı xilafəti; Pantürkizm və panislamizm – soyqırımı və qeyri-xristian xalqların əsarət altına salınması siyasəti. 1915– 1916-cı illərdə Qərbi Ermənistanda ermənilərin soyqırımı; 1918–1920-ci illərdə Bakıda və Zaqafqaziyada ermənilərin soyqırımı. Azərbaycanda pantürkizm və panislamizm siyasətinin davam etdirilməsi. Naxçıvan və Qarabağın Ermənistandan zorla qopardılması; Stalinin volyuntarizmi; Panislamizm və pantürkizm doktrinası – milli azlıqların assimilyasının və təqib olunmasının bünövrəsi; Azərbaycan SSR-də bu günümüzdə ermənilərin soyqırımı; Münaqişələrə son qoyulmasının real yolları və xalqlar arasında barışıq və dostluq atmosferinin yaradılması.

Kitabı oxuyarkən, onun xalqlar arasındakı münaqişələrin aradan qaldırılmasına yox, əksinə, qızışdırılmasına xidmət edən saxtakarlıq və böhtanlardan ibarət olduğunu görmək mümkündür. Ən “maraqlısı” isə müəllifin kitabda yer alan sonuncu yazıdakı “xalqlar arasında barışıq və dostluq atmosferinin yaradılması” fikridir. 1915–1916-cı və 1918–1920-ci illərdə “Qərbi Ermənistanda”, Bakıda və Zaqafqaziyada ermənilərin soyqırımından danışan A.Karsetsi digər erməni tarixçiləri kimi, 1915– 1916-cı illərdə Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan), Türkiyənin Anadolu hissəsində və 1918–1920-ci illərdə isə Qarabağda, paytaxt Bakı şəhərində, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhərlərdə türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlıları tərəfindən məqsədli şəkildə həyata keçirilən qırğınları inkar edir, ya da bunu erməni xalqının qırğınlardan müdafiəsi kimi qələmə verir. Halbuki, Azərbaycandan bir nəfər erməni qovulmadığı halda, Ermənistandan bir əsr ərzində azərbaycanlılar 4 dəfə deportasiya edilib: 1905–1907, 1918–1920, 1948–1953 və 1988–1992-ci illərdə.

Odur ki, erməni tarixçi və siyasətçilərinin tarixi nağıllarına qarşı belə bir sual yaranır: Əgər Azərbaycanda, o cümlədən Qarabağda ermənilərə qarşı hansısa düşmənçilik olsaydı, onda ermənilərə qarşı nə üçün bircə dəfə də olsun deportasiya həyata keçirilməyib?

Ermənilərin soyqırımından danışan müəllif kitabın əvvəlindən sonuna qədər heç bir tarixi fakta, sənədə əsaslanmayan fikirləri ilə, əslində, dinlər, xalqlar arasına düşmənçilik toxumu səpir, sonda isə barışıq və dostluq atmosferinin yaradılmasını təklif edir.

Onu da xüsusilə vurğulamaq lazımdır ki, A.Karsetsinin tarixi və siyasi gerçəklikdən uzaq, başqa sözlə, tarixi və siyasi populizm xarakterli bu kitabı özünün qeyd etdiyi kimi, elmi ictimaiyyətə yox, sırf erməni cəmiyyətinin rəğbətini qazanmağa və başqa niyyətlərə hesablanıb.

Uzun illər ərzində erməni alim və siyasətçiləri tərəfindən Qarabağın işğalı məqsədilə aparılan ideoloji təbliğat, nəhayət, bu planı həyata keçirmək üçün hərbi müstəviyə keçirildi. Qarabağda əvvəlcə azərbaycanlı əhaliyə qarşı silahlı təxribatlar, qətllər törədən ermənilər daha sonra öz havadarlarının silah və siyasi dəstəyi ilə açıq müharibəyə başladılar. Sonrakı illərdə ermənilər tərəfindən Qarabağın dağlıq hissəsi və onun ətrafındakı rayonlar işğal edildi, nəticədə 1 milyondan artıq əhali öz yurdlarında qaçqına və köçkünə çevrildi. Ümumilikdə, Azərbaycanın 20 faiz torpağı Ermənistan Respublikası tərəfindən işğal olundu. İşğal olunmuş ərazilərdə yerləşən qədim tarixi, mədəni abidələrin bir hissəsi dağıdıldı, bir hissəsi isə dəyişdirilərək erməniləşdirilməyə məruz qaldı.

Nəticə

Məqalədə erməni müəlliflərinin Qarabağ mövzusunda yazdıqları çoxsaylı kitablardan bir neçəsi təhlil edilib. Saxtakarlıqla dolu olan bu kitablar, ümumilikdə, gerçək tarixin deyil, uydurma ideologiyaya xidmət edən erməni tarixçi və siyasətçilərinin düşüncəsinin məhsuludur. Eyni mövzuya bu qədər həddən artıq müraciət edilməsi, bir-birinin təkrarı olan kitabların, məqalələrin yazılması yalnız bir məqsədə xidmət edir – uydurma “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün öz havadar və himayədarlarının həm siyasi, həm də maliyyə dəstəyindən yararlanmaq. Saxta olan hər şey gec-tez puç olmağa məhkumdur. Nağıllar əsasında yaranan tarix elə nağıla da çevriləcəkdir. Azərbaycan dövləti Qarabağın işğalı ilə heç vaxt barışa bilməzdi. Nəhayət, 28 il sonra, 2020-ci ilin payızında şanlı Azərbaycan Ordusunun həyata keçirdiyi 44 günlük uğurlu əks-hücum və antiterror əməliyyatları nəticəsində torpaqlarımız erməni işğalından azad edildi. Artıq, Qarabağda ermənilər nə hərbi, nə də siyasi baxımdan heç bir söz sahibi deyil. Artıq, erməni ideoloqlarının uydurduqları “Böyük Ermənistan” ideyası heç zaman reallaşmayacaq və bunun naminə yazılan bütün kitablar tarixin zibilliyində çürüməyə məhkum olacaq.

Vüqar Hacıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan   Uydurma-Tarix  


Bizi "telegram"da izləyin