İrəvanın qərarına cavab: İsrail Azərbaycana müasir sistemlərin tədarükünü nəzərdən keçirəcək, söhbət “Spy-X”dən gedir

2024/06/1719387304.jpg
Oxunub: 6232     13:41     27 İyun 2024    
Bu yaxınlarda Ermənistanın “Henaket” analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Vitali Manqasaryan “168.am” nəşrinə açıqlamasında Ermənistanın Fələstinin müstəqilliyini tanımasına toxunaraq qeyd edib ki, bu, əlavə risklər ehtiva etdiyi üçün indiki mərhələdə məqsədəuyğun deyil.

"Biz bilirik ki, İsrail tərəfi Azərbaycanı müxtəlif yollarla dəstəkləyir və 44 günlük müharibə zamanı silah, mütəxəssislər və təcrübə mübadiləsi şəklində çoxlu dəstək verib. Bu vəziyyətdə hamını qabaqlamaq və Fələstin dövlətini tanımaq, məncə, yaxşı heç nəyə gətirib çıxarmayacaq”, - deyə o bildirib.

Ötən gün KİV-lər İsrail mənbələrinə istinadən yazıb ki, Ermənistanın Fələstin dövlətini tanımaq qərarına görə İsrail Azərbaycana əlavə silah və sistemlər vermək imkanını nəzərdən keçirəcək.

Xüsusilə, söhbət qabaqcıl və son dərəcə mürəkkəb şəbəkə rabitə sistemlərindən, Radioelektron Mübarizə (REM) sistemlərindən, taktiki, elektro-optik idarəetmə ilə avtonom hücum imkanlarına malik “SpyX” sistemindən gedir.

KİV-lər bildirir ki, bu il Bakı İsraildən İsrailin “BlueBird Aero Systems” şirkətinin istehsalı olan, uçuş məsafəsi 50 km və uçuş müddəti 1,5 saat olan “Spy-X” sistemini ona satmağı xahiş edib.

Əlavə edək ki, ötən il Azərbaycanın İsraildən “Barak MX” hava hücumundan müdafiə sistemləri alacağı məlum olub, sövdələşmənin qiyməti 1,2 milyard dollar qiymətləndirilir. Yuxarıda qeyd olunan “Barak 8”in Azərbaycan tərəfindən sınaqdan keçirilməsi haqqında hələ 2016-cı ildən danışırdılar.

Bunu Ermənistanın “Barak 8” zenit-raket kompleksinə xüsusi maraq göstərməsi ilə bağlı “Bulgarian military”nin yaydığı məlumat kontekstində qeyd etmişdik. “Barak 8” zenit-raket kompleksi Hindistan və İsrailin birgə layihəsidir və LR-SAM və ya MR-SAM sistemi kimi də tanınır. Yəni, müxtəlif məlumatlara görə, Hindistan ixrac məsələsində heç bir məhdudiyyət olmadığına nə qədər əmin etsə də, Ermənistanla İsrail arasındakı gərginliyi nəzərə alsaq, İsrail-Hindistan birgə inkişaf kompleksinin Ermənistana tədarükü mümkünsüz olacaq.

Yeri gəlmişkən, Ukraynaya silah tədarükü ilə bağlı məlumatlar fonunda Serbiya prezidenti də silahı yalnız Azərbaycan, Kiprə və ərəb ölkəsi BƏƏ-yə tədarük etdiklərini açıqlayıb. “Bizim başqa heç kimlə silah tədarükü müqaviləmiz yoxdur”, - deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, iyunun 4-də Ermənistan müdafiə naziri Suren Papikyan Serbiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Tatyana Panayotovi Tsvetkoviçi və müdafiə məsələləri üzrə attaşe polkovnik-leytenant Zvezdan Kriçakı qəbul edib. Müdafiə Nazirliyinin məlumatına görə, qəbul zamanı Ermənistan və Serbiya hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması haqqında razılıq əldə olunub.

“168.am” Ermənistanın keçmişdə Serbiya ilə hərbi-texniki əməkdaşlığı, eləcə də Azərbaycana edilən və vəd edilən tədarüklər haqqında ətraflı araşdırma təqdim edib. “168.am” bildirib ki, bu gün Ermənistanın Serbiya və Bolqarıstanla bu cür müdafiə və hərbi-texniki əməkdaşlığa sahib olması çox çətin olacaq, bu dövlətlərin Azərbaycanla yaxşı münasibətləri var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin