I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başa çatıb - YENİLƏNİB

2023/09/99-1693907373.jpg
Oxunub: 3043     17:55     05 Sentyabr 2023    
I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin bir qrupunun Şuşaya səfəri başa çatıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu gün "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri həyata keçirilib.

Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərində işğal dönəmində erməni vəhşiliyinin nəticəsi olan dağıntılarla tanış olublar. Onlara işğaldan sonra ötən müddət ərzində şəhərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və qısa müddətdə burada aparılan quruculuq-abadlıq işləri barədə məlumat verilib. İtkin düşən şəxslərin ailə üzvləri, həmçinin bu günlərdə Şuşa həbsxanası ərazisində aşkarlanan toplu məzarlığı ziyarət ediblər.

Daha sonra Şuşa qalasında olan səfər iştirakçıları orada xatirə şəkli çəkdirib və əsaslı təmirdən sonra istifadəyə verilən Yuxarı Gövhər Ağa Məscidini ziyarət ediblər. Onlar məsciddə namaz qılıblar.

Səfər zamanı Azərbaycanın dahi sənətkarı Bülbülün ev muzeyi də ziyarət olunub. Burada Azərbaycan musiqi sənətində özünəməxsus iz qoymuş Bülbülün həyat və yaradıcılığı barədə məlumat verilib.

Səfər iştirakçıları yekunda Cıdır düzündə olublar.

***

I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanasının ərazisində tapılan kütləvi məzarlığı ziyarət edib.

Ordu.az xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə itkin düşən şəxslərin yaxınları Şuşa həbsxanasının ərazisində aşkarlanan kütləvi məzarlıqda olublar.

Qonaqlara məlumat verilib ki, iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. Daha sonra Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Qeyd edək ki, səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

***

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.

Ordu.az xəbər verir ki, səfər “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Səfərin təşkil olunmasında məqsəd, itkin düşən şəxslərin yaxınlarının döyüşdüyü torpaqları ziyarət etməkdir. Səfərdə itkin düşmüş şəxslərin 50 nəfərə yaxın ailə üzvü iştirak edir.

Səfər çərçivəsində Şuşa şəhərinin gəzintisi və Şuşa türməsinin ərazisində tapılan kütləvi məzarlığın ziyarət edilməsi nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şuşa  


Bizi "telegram"da izləyin