Qarabağda qanunsuz fəaliyyət göstərən Özəl Hərbi Kompaniya - “HALO Trust” (HƏRBİ EKSPERT)

2020/01/18_03-1579264212.jpg
Oxunub: 3932     15:19     30 Yanvar 2020    
Ötən dəfəki yazılarımızda Sizə Özəl Hərbi Kompaniyaların (ÖHK) təyinatı və yerinə yetirdiyi funksiyalar barədə mümkün qədər geniş məlumat verməyə çalışdıq. Bu hərbi kompaniyalar dünyanın bir çox müxtəlif münaqişə zonalarında aktiv iştirak etməklə bərabər kəşfiyyat məlumatlarının toplanılması, vacib obyektlərin mühafizə edilməsi, minaların təmizlənilməsi, güc strukturlarına təlim keçirilməsi, strateji planlaşdırma, logistika və konsaltinq xidmətlərinin göstərilməsi ilə də məşğul olur. Kompaniyalar bəzən bu fəaliyyətlərin bir neçəsini paralel olaraq təqdim edə bilir.

80-ci illərində daha geniş vüsət alan ÖHK-lar adətən yüksək rütbəli keçmiş hərbçiləri, xüsusi təyinatlıları, istehkamçı mühəndisləri, mühafizəçiləri, təlimatçıları, kəşfiyyatçıları, əməliyyatçıları, bəzən isə hakerləri, proqramçıları, analitikləri və tərcüməçiləri öz sıralarına cəlb etməklə xarici ölkələrdə irimiqyaslı müqavilələr əldə edirlər. Bəzi hallarda isə bu ÖHK-ların digər ölkə ərazilərində iştirakına ev sahibi olan ölkə tərəfindən icazə verilmir. Təəssüflər olsun ki, belə bir qanunazidd fəaliyyətlə Azərbaycan tərəfi də rastlaşıb. Belə ki, Ermənistanın təklifi ilə İngiltərə və ABŞ-da qeydiyyatdan keçən “HALO Trust” kompaniyası 1995-ci ildən Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərir. Bu yazıda sözügedən kompaniyanın beynəlxalq qanunlara zidd olan qaranlıq fəaliyyətlərinə işıq salmağa çalışacağıq.

Beləliklə, rəsmi səhifəsində verilən məlumatlara etibar etməli olsaq, “HALO Trust” mülki şəxslər üçün təhlükəli ola biləcək mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan bir təşkilatdır. Maraqlıdır şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb. “HALO Trust”ın qlobal qərargahı Şotlandiyada yerləşir, Vaşinqtonda və Kaliforniyanın San-Fransisko şəhərində isə ofisləri mövcuddur.

Təbii ki, ilk baxışda mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi xeyirxah bir missiya kimi görünür. Lakin xeyriyyə və ya qeyri-kommersiya kompaniyası adlanan təşkilat əslində Özəl Hərbi Kompaniyadır (ÖHK). Çünki sadalanan bu əməliyyatların yerinə yetirilməsi, sırf hərbi hazırlıqlı peşəkar mühəndis-istehkamçıların və ya xüsusi hazırlıq kurslarında təlim keçmiş sertifikatlı texniki mütəxəssislərin, həmçinin hərbi mühəndis təyinatlı texnikaların, avadanlıqların itifadəsi olmadan mümkün deyil. Bütün funksiya və struktur quruluşuna görə standart beynəlxalq ÖHK-dan fərqlənməyən təşkilatın adının “xeyriyyə” və ya “qeyri-kommersiya” sözü ilə calaq edilməsi də təbii ki, səbəbsiz ola bilməzdi. Bu sualın cavabı mövzunun inkişafı ilə aydın olacaq.

Təşkilat qısaca olaraq HALO, yəni “Hazardous Area Life-Support Organization” (Təhlükəli Bölgəyə Həyat Dəstəyi Təşkilatı) adlanır. İnsanın az qala gözünü yaşardacaq ada malik ÖHK, 1988-ci ildə İngiltərə Parlamentinin üzvü, ingilis ordusunun keçmiş polkovniki Kolin Kempbell Mitçell tərəfindən təsis edilib. Əslində təcrübəsiz bir şirkətin yaranan kimi dərhal Əfqanıstanda minatəmizləmə fəaliyyətlərinin həyata kçirilməsi üzrə mühüm tenderi qazanması bir çox suallar yaradır. Lakin buna zaman itirməyək, çünki burada qeyri-şəffaf mühit aşkar şəkildə nəzərə çarpır.

ÖHK məşhurları piara cəlb edir

Digər şirkətlər kimi ÖHK-ların da tarixində tanınmış insanlarla əməkdaşlıq edilməsini gözə soxmaqla piar aparmaq təcrübəsi geniş yayılıb. Xatırlayırsınızsa, Uels Şahzadəsi Diana 1997-ci ilin yanvarında, piyada əleyhinə minalarının istehsalına son qoymaq üçün qlobal kampaniyasını həyata keçirirdi. Kompaniya hansısa yolla Diana ilə münasibət yaratmağa, Anqola səfəri zamanı şahzadə xanıma “HALO Trust” loqotipi ilə güllə keçirməz bir gödəkcənin geydirilməsi, ÖHK-nın parlaq gələcəyini zəmanət altına aldı. Şirkət bir çox digər məşhurlardan da öz piarı məqsədilə istifadə edib.

ÖHK-nın tərkibi və fəaliyyət dairəsi

“HALO Trust”da 7 mindən çox mühəndisin çalışdığı bildirilir. Şirkət Afika qitəsində Anqola, Qvineya, Bisau, Somali, Zimbabve ərazisində; Avropa və Qafqazda Gürcüstan, Kosovo, Dağlıq Qarabağ və Ukraynada; Cənubi Asiyada Kamboca, Laos, Myanma və Şri Lanka ərazisində; Mərkəzi Asiyada Əfqanıstan ərazisində; Latın Amerikasında Kolumbiya, Salvador, Qvatemala və Honduras ərazisində; Yaxın Şərqdə İraq, Liviya, Suriya, Fələstin, və Yəmən ərazisində fəaliyyət göstərir. Təşkilat onlarla müxtəlif fondların, bir neçə dövlətin, özəl təşkilatların və şəxsi ianələrin hesabına maliyyələşir.

Qarabağda qanunsuz fəaliyyətlər

Təşkilatın digər ərazlərdəki fəaliyyəti bizim üçün ciddi maraq kəsb etmədiyindən yalnız işğal altında olan Qarabağda aparılan “minatəmizləmə” əməliyyatlarına diqqət yönəldiləcəyik.

Ümumiyyətlə, “HALO Trust” kompaniyası 1995-1996-cı illərdən etibarən işğal altında olan Azərbaycan ərazisində fəaliyyət göstərir. Təşkilat maliyyələşmənin dayandırılmasına görə növbəti dəfə 4 il sonra, 2000-ci ildə Qarabağa yenidən qayıdaraq qanunsuz fəaliyyətini bərpa edib. 2011-ci ildə isə Britaniya hökuməti Azərbaycanın tələbi ilə “HALO Trust” təşkilatının Qarabağ layihəsinin maliyyələşdirilməsini dayandırıb. Lakin bundan sonra, ABŞ-ın USAID dövlət agentliyi Qarabağda “fəaliyyət” göstərən təşkilatın donoruna çevrilib.

Bəri başdan vurğulamaq istəyirəm ki, bu Özəl Hərbi Kompaniyanın Qarabağ ərazisində həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüquq normalarına tam ziddir. Çünki rəsmi Bakının razılığı və akkreditasiyası olmadan heç bir beynəlxalq təşkilatın Azərbaycan Respublikasının sərhədləri daxilində, o cümlədən işğal altında olan ərazilərində heç bir halda hansısa fəaliyyətlər həyata keçirməyə dair hüququ yoxdur. Bu beynəlxalq hüququn tələbləridir, bu tələblər həm ABŞ, həm də Briyaniya tərəfindən qəbul edilib. Həmin ölkələr dəfələrlə BMT tərəfindən qəbul edilən qətnamələrdə Qarabağın Azərbaycanın ərazisi olduğunu da təsdiqləyiblər.

Bütün bunlara baxmayaraq, Böyük Britaniyanın “HALO Trust” şirkəti artıq uzun illərdir ki, qondarma qurumla əməkdaşlıq edir, Azərbaycana məxsus olan işğal altındakı ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərir. Təbii ki, “HALO Trust” şirkətinin qanunsuz və beynəlxalq hüquqa zidd hərəkətləri dəfələrlə Azərbaycan hökuməti, aidiyyati qurumlar və ictimaiyyət tərəfindən pislənib. Çünki şirkətin işğal altındakı ərazilərə daxil olması rəsmi Bakının icazəsi olmadan baş tutub, həm də orada hansı işlərin, hansı miqyasda, nə məqsədlə həyata keçirilməsi barədə dövlət qurumlarımız heç bir zaman məlumatlandırılmayıb.

Maraqlısı odur ki, bu tip qanunsuz fəaliyyətlər həyata keçirən şirkətlər məsuliyyətə cəlb edilmək əvəzinə, bir sıra donor ölkələr tərəfindən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün təyin edilən həmsədrlərdən biri olan həm ABŞ, həm də bir çox ictimai və hökumət təşkilatları, həmçinin özəl fondlar tərəfindən aktiv maliyyələşdirilir və dəstəklənir.

Qarabağ üzrə dəyişməyən göstəricilər

HALO ictimai münasibətlərin qəribə bir yolunu seçib, onunla birbaşa əlaqə qurmaq mümkün deyil, yalnız poçt qutusuna yaza bilərsiniz. 26 ölkədə 7000 əməkdaşının çalışmasına baxmayaraq, təşkilatda mətbuat katibi vəzifəsi nəzərdə tutulmur və media ilə yalnız bir istiqamətli əlaqə qurulur: kompaniya istədiyini və düşündüyünü saytında paylaşır, lakin jurnalistlərin müraciətlərinə cavab vermir. Bu isə səbəbsiz ola bilməz.

“HALO Trust” şirkəti işğal olunan Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsinə 2000-ci ildən bəri davam edir və bu gün ərazilərin 90 %-ni artıq təmizləndiyi, işlərin davam etdirilməsi və tam başa çatdırılması üçün əlavə ianələrin tələb olunduğunu bildirir. Şirkətin görülən işlərin həcmi haqqında müxtəlif zamanlarda təqdim etdiyi raportlarda, təmizlənən ərazi göstəricisi 80 %-dən aşağı, 90 %-dən isə yuxarı olmur. Bu rəqəmlərin niyə dəyişmədiyinə bəzi əlaqəli məqamlara aydınlıq gətirməklə cavab verəcəm.

Birincisi, şirkətin “ərazilərin 90% -i artıq minalardan təmizlənib” bəyanatı qondarma qurumla razılaşdırılan ağ yalandır. Hərbi əməliyyatların hələ də davam etdiyi ərazilərin bu miqyasda təmizlənməsi real göstərici deyil. Atəş səsləri əvvəlki intensivlikdə olmasa da, davam etməkdədir. Atılan susrsatların partlayan və partlamayan nümunələrinin belə bir miqyasda təmizlənməsi belə pafoslu bəyanatdan başqa bir şey deyil. Digər tərəfdən isə belə bir nəticə əldə etmək üçün cəbhə xətinin hər iki tərəfində, dayaq məntəqələri arasındakı boşluqlarda basdırılan minaları, əvvəlki aktiv əməliyyat bölgələrini, əlçatmaz dağları, dərin dərələri, çay yataqlarını və s. təmizləmək zəruri olmalı idi. Bununla bərabər davam edən əməliyyatlar zamanı erməni işğalçıları tərəfindən yeni minaların basdırılmasına aid faktlar da kifayət qədərdir.

İkincisi isə belə bir yüksək təmizlənmə faizinin bəyan edilməsi donorlara “az bir miqdar işimiz qalıb” mesajını verməklə maliyyələşmə ilə bağlı yaranan problemləri aradan qaldırmaq üçün həm erməni diasporundan, həm də digər donorlardan əlavə maliyyə vəsaiti qoparmaq məqsədi daşıyır.

Qarabağda bitməyən “təmizləmə” və dəstək fəaliyyətləri

Əvvəlki illərdə olduğu kimi, keçən il ərzində də bəzi ölkələrin, o cümlədən ABŞ-ın ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərən “HALO Trust” təşkilatına yardımları davam edib. ABŞ 2001-ci ildən bu təşkilat tərəfindən Dağlıq Qarabağda qanunazidd minatəmizləmə işlərinin həyata keçirilməsi üçün 17 milyon ABŞ dollarından çox maliyyə vəsaiti ayırıb. Vasait ayrılması bəs etmir, 2019-cu ilin avqustunda isə ABŞ konqresmenləri USAID təşkilatına məktub ünvanlayaraq, işğal altında olan Qarabağın qanunsuz minalardan təmizlənməsi layihəsinin maliyyələşdirilməsini azaltmamağa dair çağırış da edirlər. İki ay sonra isə maliyyələşmə üçün müsbət reaksiya alan ABŞ-ın Kaliforniya və Nyu Cersidən olan Nümayəndələr Palatasının Frank Pallone, Ceki Şpeyer və Judi Çu adlı üç üzvü Xankəndinə gələrək “HALO Trust” kompaniyasının ofisində ÖHK rəsmiləri ilə görüş keçirdilər.

Ziyarət zamanı HALO əməkdaşları tərəfindən qonaqlara minatəmizləmə proqramının vəziyyəti və ABŞ-ın əhəmiyyəti barədə təriflər səsləndirirlər. Məruzələrə isə “85-90 faiz təmizlənmə” barədə bəzi yalnış məlumatları, yalnız bir qədər fərqli formada qonaqlara “yedirdə” bilirlər. Bu dəfə HALO ərazinin təmilənmə göstəricisini artıq həmişəkindən fərqli olaraq, rəqəmlə deyil, az işlənən “akr” vahidi ilə ifadə edir.

Verilən raportda 2000-ci ildən bəri HALO, Dağlıq Qarabağda 500-ə yaxın ərazini təmizlədiyini və 130 mindən çox insanın həyatını təhlükəsiz vəziyyətə gətirdiyini bildirib. Bu isə Dağlıq Qarabağın ərazisində yaşayan mülki əhalinin sayından daha çoxdur. Rəsmi statiska 145 000 əhali göstərsə də, erməni icmalçılar real rəqəmlərin 110-115 min arasında dəyişdiyini bildirir. Buradan isə 18-20 min nəfərlik işğalçı ordunun şəxsi heyətinin ən azı yarısını çıxmalıyıq. Çünki ön xəttdə və dayaq məntəqələri arasındakı boşluqlarda basdırılan minalar təmizlənə bilməz, buna görə də 1-ci və bəzən 2-ci eşalonda yerləşən personalın həyatının təhlükəsiz vəziyyətə gətirilməsi mümkün deyil. Beləliklə Qarabağda maksimum 100 min mülki əhali yaşadığı halda, ÖHK rəqəmləri şişirtməklə əlavə vəsaitlər clb edilməsi üçün saxta rəqəmlərlə müxtəlif manipulyasiyalara əl atır.

Tutaq ki, kompaniyanın rəsmi rəqəmləri doğrudur. O zaman minatəmizləmə işləri 89.7 % yerinə yetirilmiş sayılır. Qalan 10.3 % isə təmizlənməsi mümkün olmayan ərazilərin təşkil etdiyi normadan yüksək bir göstəricidir. O zaman sual yaranır: Ərazilər tam təmizlənibsə, qanunuz olaraq fəaliyyət göstərdiyiniz Qarabağda nə işiniz var? Burada “HALO Trust” kompaniyasının işğal altında olan ərazilərdə digər fəaliyyələrlə məşğul olduğu, ən azından yerli seperatçılara hərbi təlim verdiyi bir daha təsdiqlənir.

Qayıdaq senatorların səfərinə... Bu səfər zamanı onlara HALO-nun minaları necə təmizlədiyini nümayiş (Sanki senatorların bu işdən ciddi anlayışları var) etdirdilər. Ziyarət bitəndə brifinq keçirilir və senatorlar proqramın maliyyələşdirilməsinin davam etdirilməsi üçün USAİD-i cəlb edəcəklərini bildirirlər. Bir neçə gün sonra Nümayəndələr Palatası və Senat USAİD-ə HALO-nun Qarabağdakı fəaliyyətinə dəstəyini davam etdirməyə çağıran iki məktub göndərir, bu isə məsələnin hansı səviyyədə və hansı intensivlikdə həll edildiyini göstərir. Senatorlar getdikdən sonra sponsor USAİD-in əməkdaşları da bölgəni ziyarət edir. Ssenari demək olar ki, eynilə təkrarlanır: fəaliyyət nümayişi, işlərin yekunlaşmasına az qalması barədə saxta raport, vəsait çatışmamazlığından şikayət və s.

İşğalçı rejimlə ÖHK-nın meyit üzərindəki ortaq nöqtələri

Hamıya məlumdur ki, hakimiyyətin razılığı olmadan heç bir qurum hansısa ölkə ərazisində, xüsusilə qondarma qurumla birgə 25 il fəaliyyət göstərə bilməz. Qondarma qurumla “HALO Trust” arasında pərdəarxası ortaq maraqlar yalnız əməliyyata ayrılan vəsaitləri paylaşmaq və yerli personalın hərbi hazırlığı ilə bitmir.

Xatırlayırsınızsa, 2018-ci ilin aprel ayında ABŞ konqresmenləri, ABŞ səfirliyi və Ermənistandakı beynəlxalq inkişaf agentliyinin ofisi işğal altında olan Qarabağın keçmiş Ağdərə (indiki Tərtər) rayonu ərazisində baş vermiş mina partlayışında “HALO Trust” kompaniyasının həlak olan üç mühəndis-istehkamçısının ölümünə görə dərin başsağlığı verdi. Təbii ki, bu həm Azərbaycan hakimiyyəti, həm də ictimaiyyəti tərəfindən qınaqla qarşılandı. Əslində həlak olanların ÖHK-la birbaşa əlaqəsi yox idi. Sadəcə şirkət rəhbərliyi Ermənistan Müdafiə Nazirliyinin oyununa alət olaraq, ölən şəxsləri Qarabağda qanunsuz fəaliyyət göstərən “HALO Trust” təşkilatının əməkdaşları kimi təqdim etdi. Təbii ki, işğalçı tərəf neytral zonada həlak olan erməni hərbçilərinin təxribatçı fəaliyyətini maskalamaq üçün onların ÖHK əməkdaşı kimi qələmə verilməsini səhnələşdirmişdi. Minada məhv olan hər 3 nəfərin bu ÖHK-da təlim kurslarını bitirdiyi ehtimal edilir. Bir də ki, artıq nəfəs almayan bir şəxsi ictimai və hüquqi nəzarətə tabe olmayan kompaniyada işə qəbul etmək, həm də ailəsinə bir miqdar vəsait ödəməklə məsələni ört-basdır etməkdən asan nə ola bilərdi? ÖHK-nın buna asanlıqla razılaşması, onun qondarma qurumla məhrəm münasibətlərindən çox, bu hadisəni kompaniyanın (həm də qondarma qurumun) xeyrinə çevirmək arzusundan irəli gəlirdi. Həmin dövrdə “HALO Trust” digər ərazilərdən fərqli olaraq, qondarma qurumun dövlətlər tərəfindən maliyyələşdirilməsində çətinlik çəkirdi. Tanınmayan statusla bağlı olaraq, qondarma qurumda minatəmizləmə işlərinin, xüsusilə köhnə Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar ərazilərdə işlərin aparılması üçün maliyyələşdirmə hər il məhdudlaşırdı. Buna görə də kompaniyaya minada həyatını itirən erməni hərbçilərini öz əməkdaşı kimi qələmə vermək, qondarma quruma qədər, onun özünə də sərfəli idi.

Əlbəttə “HALO” bu əmrə tabe olmağa məcbur idi, digər tərəfdən isə bu hadisə kompaniyanın nə qədər vacib və təhlükəli rejimdə çalışdığının göstəricisi ola bilərdi və oldu da. Növbəti yardım paketlərinin önü açıldı.

Nəticədə ABŞ Konqresinin erməni məsələləri üzrə heyəti, işğal altında olan ərazilərimizdə “minatəmizləmə” əməliyyatları üçün 6 milyon dollar, sülhə dəstək adı altında 4 milyon dollar, həmçinin Ermənistana 10 milyon ABŞ dolları məbləğində hərbi yardım, Yaxın Şərqdən gələn “qaçqınlar”ın qəbul edilməsi və onların Qarabağa yerləşdirilməsinə dəstək məqsədilə 20 milyon dollar olmaqla, toplam 30 milyon dollar yardım edilməsini tələb etdilər.

ÖHK isə yenə də ayrılan vəsaitlərlə kifayətlənmədi, az sonra proqramın başa çatdırılması üçün ümumilikdə 8 milyon dollar tələb olunduğunu bəyan etdi. Bu məqsədlə “HALO Trust” qalan minalanmış əraziləri təmizləmək adı altında həm xarici təşkilatlar arasından, həm də xaricdəki erməni lobbisindən aktiv donorlar axtarışındadır. ÖHK-nın verdiyi məlumata görə, bu vəsaitin əldə edilməsi, bu ilin sonuna qədər Qarabağ ərazisində fəaliyyətlərinin tamamlanmasına səbəb ola bilər. İnandırıcı görünməsə də, rəsmi məlumat belə təqdim edilib.

Deməli, neytral zonada təxribat törədən zaman ölən erməni hərbçilərini “HALO Trust” təşkilatının əməkdaşı olaraq göstərmək həm qondarma qurumun, həm də ÖHK-nın maraqlarına tam cavab verirdi. Yuxarıda qeyd olunduğu kimi, ABŞ-dakı erməni təşkilatları Konqresin maliyyə xidmətləri komissiyasının üzvlərinin Qarabağda qanunsuz “minatəmizləmə” işlərini dəstəkləməsi üçün ciddi cəhdlər göstərirlər.

Məhz bu səbəbdən ABŞ Konqresinin erməni məsələləri üzrə komissiyasının üzvlərinə Qarabağda neytral zonada ölən erməni hərbçilərini təşkilatın əməkdaşları olaraq təqdim etdilər. Komissiya üzvləri isə şübhəsiz ki, bu nağıla inandılar. Yalnız senator Frenk Pallon bir qədər hadisəyə şübhə ilə yanaşdı: “İnanıram ki, bu hadisəyə “HALO Trust” tərəfindən həyata keçirilən araşdırma işıq salacaq. Minalardan təmizləmə işləri davam etdirilməli və bu daha da təhlükəsiz olmalıdır”. Lakin bu sözlər elə söz olaraq qaldı. ABŞ Konqresindəki erməni məsələləri üzrə komissiyanın həmsədri Ceri Şpeyer isə, “HALO Trust” və Qarabağa dəstək verməyə davam edəcəyinə söz verdi.

Əlbəttə ki, sonradan baş verən hadisələr kiçik bir detal erməni əsgərinin öldürülməsi faktını kiçik dəyişikliklərlə təsdiqlədi. Lakin bu heç də gözlənilən kimi, ermənin cəmiyyəti arasında ciddi reaksiyaya səbəb olmadı, çünki Ermənistan MN bu barədə rəsmi məlumat verməyi belə vacib saymadı.

Göründüyü kimi, Ermənistan artıq işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyətlər aparmaq üçün daha aktiv şəkildə təxribatçı və fərqli oyunlara əl atır. Layiqli cavab almadıqları üçün daha da azğınlaşır, daha da aqressivləşirlər. İşğalçı rejim bununla, həm təxribat törədən erməni hərbçilərinin ölüm faktını gizlədir, həm onları HALO ilə razılaşdıraraq onların əməkdaşları kimi qələmə verir, həm təşkilatın adını “humanitar” fəaliyyətlərdə hallandıraraq diaspor və digər mənbələrdən xarici yardım təmin edilməsinə, həm də bu yardımdan öz payını əldə etməyə can atır. Nəticədə, qondarma qurum dezinformasiya fonunda yayılan hadisənin pərdəarxasında özünə sərfəli olan fəaliyyəti həyata keçirə bilir. Kompaniyanın minalarda həyatını itirən erməniləri öz əməkdaşı kimi qələmə verdikdən sonra rəsmi saytında ermənilərin mina təmizləməsində iştirakını əks etdirən fotolar yerləşdirməsi də bu yalanlara “fakt” donu geyindirmək məqsədi daşıyır. Fotolardakı ermənilərin minatəmizləyən qurğu ilə davranışı, peşəkar istehkamçının hərəkətlərinə çox da bənzəmədiyinin fərqinə varmaq hərbçilər üçün elə də çətin deyil.

Kompaniyanın Qarabağ ofisinin “rəhbəri” Maykl Nyuton işğalçı rejim nümayəndələri ilə görüşündə hadisənin ciddi-cəhdlə şişirdilməsindən sonra maliyyə resurslarının əldə edilməsi üçün variantları müzakirə ediblər. İstənilən görüşün maliyyə üzərində qurulması, vəsaitlərin müxtəlif mənbələrdən daxil olması, bu barədə hesabatların dərc edilməməsi, yardımların istifadəsi barədə sorğulara cavab verilməməsi və s. isə kompaniyanın fəaliyyətinin qeyri-şəffaflığını göstəricisidir.

Beləliklə, “HALO Trust” şirkətinin Dağlıq Qarabağ ərazisində daha uzun müddət qalması hər iki tərəf üçün faydalıdır. Buna görə də qondarma yerli hakimiyyət resursları tükənən təşkilata vəsaitlərin daxil olmasını və onun işğal altında olan ərazilərdə fəaliyyətinin davam etdirməsi üçün əlindən gələni əsirgəmir. Əldə olunan vəsaitlərdən seperatçı rejim öz payını götürməklə bərabər, öz silahlı personalına təlim imkanları da saxlayır. Bura kəşfiyyat fəaliyyətləri və casus şəbəkəsinin yaradılmasının da daxil olduğu ehtimal edilir.

HALO peşəkar istehkamçı və mühəndis vəzifələrinə xarici personalı minimum sayda cəlb etməyə çalışır. Əsas işçi qüvvəni yerli əhali hesabına formalaşdırmaq kompaniyaya sərf edir. Burada xaricdən gələn mütəxəssisə ödənilən məbləğ ilə yerli işçinin maaşı arasındakı fərq bəzən 15- 20 dəfəyə çatır. Buna görədə on illər ərzində 20-yə qədər donordan şirkətə ayrılan milyonlar hələ də Qarabağdakı qanunsuz fəaliyyətləri yekunlaşdırmağa imkan vermir.

Əl Cəzirənin “HALO Trust” komediyası

2018-ci ildə “Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanın işğal altında olan ərzilərində “HALO Trust” təşkilatının apardığı qanunsuz fəaliyyətlər barədə məqalə də dərc olunub.

Qarabağa qanunsuz səfər edən “Əl-Cəzirə” saytının müxbiri Yeva Klifford kompaniyanın yerli qadın əməkdaşları tərəfindən Laçın rayonu, Ağdam rayonu və onun Mərzili kəndi ərazisində mina təmizlənməsi ilə məşğul olduğunu əks etdirən görüntülər də paylaşıb.

Müxtəlif erməni qadınların fotolarını çəkən müxbirlər onları təşkilatın “sülhpərvər minatəmizləyən” komandası kimi təqdim etsə də, Movses Ter-Hovhannisyan adı erməni bloger bir neçə gün sonra “Twitter” hesabında “Əl Cəzirə” müxbirinin yaratdığı bu teatrı darmadağın etdi:

“Bir daha bildirirəm, Qarabağda mina təmizləyən qadınlar yoxdur. Onlar, Ermənistanda yaşayan qadınların İran, Azərbaycan və Səudiyyə Ərəbistanında yaşayan qadınlardan daha az hüquqlara sahib olması faktını gizlətmək üçün prezident tərəfindən pul qarşılığında tutulmuş aktrisalardır”.

Şərhə ehtiyac qalmır. Bütün bu komediyanın isə yalnız bir məqsədi var: maliyyə əldə etmək.

Kompaniyanın Çeçenistanda fəaliyyəti

Bu təşkilatın səyləri nəticəsində Çeçenistanda yüzlərlə təcrübəli istehkamçı yetişdirildiyinə aid məlumatlar açıq mətbuatda mövcuddur. Kompaniyanın Rusiya ərazisində çalışan Zimbabve vətəndaşı Tomas Dibbin Londona təqdim etdiyi 13 səhifəlik sənəd əslində tərkibində bütün ərazinin geodezik və mühəndislik tədqiqatının nəticələrini ehtiva edən peşəkar “kəşfiyyat hesabatı” idi.

Tomas Dibb sənəddə körpülərin, federal qoşunların keçmiş bazalarının və digər infrastrukturların dəqiq koordinatlarını göstərirdi. Bu məlumatları toplamaq üçün mütləq məlumat mənbələri və agentura şəbəkəsi yaradılmalıdır. Hesabatında hərbi hissə, körpü, qovşaq və s. obyektlərin koordinatları bir saniyəlik dəqiqliklə (yəni 30 metrlik yayınma ilə) göstərilirdi. Bu isə yüksək dəqiqlikli hücum silahlarını bu obyektlərə tuşlamaq üçün kifayət edir. Belə bir dəqiqliyi əldə etmək üçün mütləq müasir GPS sisteminə malik hərbi təyinatlı naviqasiya sistemlərindən istifadə edilməlidir. Rusiya kimi daha geniş imkanlara malik ölkənin ərazisində ona qarşı kəşfiyat xarakterli əməliyyatları keçirən Özəl Hərbi Kompaniyanın, Azərbaycana qarşı və onun nəzarətində olmayan ərazilərdə eyni əməliyyatları həyata keçirməyəcəyi inandırıcı görünmür.

Nəticə

HALO kompaniyası işğal altında olan Qarabağda mina təmizlənməsinə aid bir çox fotomaterialları rəsmi saytında yerləşdirir. Lakin nə qondarma qurum, nə də ÖHK aşkar edilən partlayıcı madələrin sonrakı taleyi ilə bağlı heç bir məlumat vermir. Qəbul edilən beynəlxalq və təhlükəsizlik normalarına uyğun olaraq həmin maddələr məhv edilməlidir. Lakin biz burada tam əksinə olan bir prosesi izləyirik. Hər il işğalçı rejim mütəmadi olaraq Qarabağın dağlıq ərazilərindən Arana doğru axan 11 çay vasitəsilə, xüsusilə gürsululuq mövsümündə, Azərbaycan ərazilərinə kimyəvi və radioaktiv maddələrlə bərabər çoxlu sayda partladıcı maddələr, o cümlədən müxtəlif təyinatlı minalar axıdır. Xüsusilə Tərtər çayı, Xaçın çayı, Qarqar çayı, Tovuz çay, Ağstafa çay vasitəsilə axıdılan yüzlərlə mina və partlamamış hərbi sursat insanların sudan istifadəsinə və hayatına ciddi təhlükələr yaradır. Onlarla gənc, yeniyetmə sudan tapdıqları partladıcı qurğulara toxunan an partlayış nəticəsində həlak olur və ya yaralanırlar. Bu faktlar artıq dəfələrlə sübut edilib, mətbuatda işıqlandırılıb. Hətta bu barədə sənədli filmlər çəkilib və beynəlxalq ictimaiyyətə təqdim edilib. Lakin bu günə qədər o minaların mənbəyi barədə heç kim doğru-dürüst məlumat verməyib. Qondarma qurum o qədər geniş maliyyə imkanlarına malik deyil ki, yeni minalar əldə edərək onları kütləvi surətdə 11 çay vasitəsilə Azərbaycan ərazilərinə axıtsın. Odur ki, bu minaların məhz “HALO Trust” Özəl Hərbi Kompaniyası tərəfindən Qarabağda “təmizlənən” minalar olduğuna zərrə qədər şübhəm yoxdur. Bu minalarla mən özüm də Qarqar çayında rastlaşmışam. Çaylarla axıb gələn minalarda Azərbaycan vətəndaşlarının həlak olmasında “HALO Trust” şirkətinin məsuliyyət daşımadığını heç kim iddia edə bilməz. Çünki şirkətin qondarma qurumun əlində alətə çevrildiyini bir çox faktlar sübut edir. Əks halda bu şirkət Qarabağda illərlə fəaliyyət göstərə bilməzdi. Bəzi rəqəmlərə diqqət yetirək.

ANAMA tək 2017-ci ildə 498 hektar ərazini partlayıcı vasitələrdən təmizləyib. 15 dəfə daha böyük personal və müqayisə edilməyəcək maliyyə imkanlarına, həmçinin onlarla beynəlxalq sponsora malik “HALO Trust” 25 ildir ki, Qarabağda eşələnir. Son məlimatlarda bu illər ərzində təmizlənən ərazi cəmi 33000 akr, yəni 1320 hektar təşkil edir. Bu qədər ərazinin təmizlənməsi üçün ANAMA-ya 3 ildən də az zaman lazımdır. Onlarla sponsora malik “HALO Trust” kompaniyası isə eyni əraziyə həm bundan 8-10 dəfə artıq zaman, həm də 30 dəfə çox vəsait sərf edib. İllərdir ki, təmizlənməyə aid 85-90%-lik rəqəmlər dəyişməz olaraq qalır. Bütün bunlar isə yalnız bir məqamdan xəbər verir: “HALO Trust” Özəl Hərbi Kompaniyasının qondarma qurumla əməkdaşlığı yalnız mina təmizənməsi ilə məhdudlaşmır. Kompaniyanın işğalçı rejimin silahlı birləşmələrinə digər sahələr üzrə də hərbi təlimlər keçməsi şübhəsizdir, əlavə olaraq ÖHK-nın Azərbaycana qarşı kəşfiyyat xarakterli əməliyyatların həyata keçirilməsində iştirakı da ehtimal edilir.

İşğalçı rejimin hərbi personalının döyüş hazırlığı isə Azərbaycan üçün daha ciddi fəsadlara səbəb ola bilər. Həmin fəaliyyətlər çərçivəsində qondarma qurum daha ixtisaslı mütəxəssislərə sahiblənir. Bütün bu proseslərin ciddiliyini nəzərə alaraq, “HALO Trust” ÖHK-nın Qarabağ ərazisində casus şəbəkəsi yaratmadığını kim iddia edə bilər?

Mənbələr:

https://www.halotrust.org/what-we-do/
https://www.halotrust.org/latest/halo-updates/news/us-congressional-visit-to-halo-in-nagorno-karabakh/
https://ru.wikipedia.org/wiki/HALO_Trust
https://jam-news.net/%D0%B2-%D0%BD%D0%B0%D0%B3%D0%BE%D1%80%D0%BD%D0%BE%D0%BC-%D0%BA%D0%B0%D1%80%D0%B0%D0%B1%D0%B0%D1%85%D0%B5-%D0%B2-%D1%80%D0%B5%D0%B7%D1%83%D0%BB%D1%8C%D1%82%D0%B0%D1%82%D0%B5-%D0%B2%D0%B7%D1%80%D1%8B/?lang=ru
https://www.halotrust.org/latest/halo-updates/news/congressional-visit-to-nagorno-karabakh/
https://az.sputniknews.ru/karabakh/20171130/412987322/hlo-trust-anama-karabah-razminirovanie-finansirovanie.html
https://golosarmenii.am/article/86195/priostanovlenie-programmy-HALO-TRUST-i-faktory-evolyucii-amerikanskix-podxodov-k-arcaxu
https://ru.armeniasputnik.am/incidents/20180329/11150620/avtomobil-s-grazhdanskimi-podorvalsya-na-mine-v-karabahe-est-pogibshie.html
https://newsarmenia.am/news/nagorno_karabakh/masis-mailyan-obsudil-dalneyshuyu-deyatelnost-programmy-the-halo-trust-v-artsakhe-s-ee-novym-rukovod/
https://newsarmenia.am/news/incidents/the-halo-trust-obnarodoval-imena-pogibshikh-pri-vzryve-v-karabakhe/
https://www.ekhokavkaza.com/a/29132544.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HALO-Trust   Qarabağ   Təxribat   ÖHK  

Qarabağda qanunsuz fəaliyyət göstərən Özəl Hərbi Kompaniya - “HALO Trust” (HƏRBİ EKSPERT)

2020/01/18_03-1579264212.jpg
Oxunub: 3933     15:19     30 Yanvar 2020    