Ordu.az xəbər verir ki, bu barədə “Thales Canada” məlumat yayıb.
Bildirilib ki, S2087 sistemi “Thales” şirkətinin aşağı tezlikli CAPTAS yedəkli sonar ailəsinin üzvüdür.
Şirkətin açıqlamasına görə, sistem Kanadanın dəniz təhlükəsizliyi və Arktika bölgəsində müdafiə imkanlarının artırılmasına xidmət edəcək. Qeyd olunub ki, S2087 xüsusilə səssiz hərəkət edən sualtı qayıqların uzaq məsafədən aşkarlanması və izlənilməsi üçün hazırlanıb.
Sistem həm sahil sularında, həm də açıq okean şəraitində fəaliyyət göstərmək imkanına malikdir. “Thales” vurğulayıb ki, sonar sistemi Kanadanın yeni nəsil döyüş gəmilərinin sualtı müharibə imkanlarında əhəmiyyətli sıçrayış yaradacaq.
Bu müqavilə ilə Kanada Kral Hərbi Dəniz Qüvvələri CAPTAS sonar ailəsindən istifadə edən 20-ci donanma olub. Şirkət bildirib ki, proqram Kanadanın müdafiə sənayesi strategiyası və “Build-Partner-Buy” yanaşması ilə tam uyğunluq təşkil edir.
Layihə çərçivəsində Kanada Böyük Britaniya və Avropadakı müttəfiqləri ilə müdafiə əməkdaşlığını genişləndirməyi, eyni zamanda ölkə daxilində sənaye ekosisteminə iqtisadi töhfə verməyi hədəfləyir.
“Thales Canada”nın baş icraçı direktoru İan Krepps bildirib ki, S2087 sistemi “River” sinfinə məxsus esmineslərə mühüm imkanlar qazandıracaq və Kanada döyüş gəmilərinin mürəkkəb dəniz mühitində daha effektiv fəaliyyət göstərməsinə şərait yaradacaq.
Onun sözlərinə görə, şirkət Kanadaya investisiyaları davam etdirməklə yerli ekspert potensialını gücləndirir və ölkənin təhlükəsizliyinə uzunmüddətli töhfə verəcək milli imkanların formalaşdırılmasını dəstəkləyir.
Məlumata görə, S2087 sistemi hazırda Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələri tərəfindən istifadə olunur və Avstraliyanın “Hunter” sinfinə məxsus freqatları üçün də seçilib.
“River” sinfinə məxsus esmineslərin gələcəkdə Kanada Kral Hərbi Dəniz Qüvvələrinin əsas döyüş gəmisi parkının əsasını təşkil edəcəyi bildirilib. Bu gəmilər hazırda istismarda olan “Halifax” sinfinə məxsus freqatları və “Iroquois” sinfinə məxsus esminesləri əvəz edəcək.
Sevinc Əliyeva
Ordu.az