Ordu.az xəbər verir ki, əməkdaşlıq Yunanıstan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün gəmi layihələrini, həmçinin insansız dəniz platformaları və pilotlu-pilotsuz qarışıq sistemlərin hazırlanmasını əhatə edir.
Məlumata görə, HHI gəmiqayırma və dəniz müdafiəsi sahəsindəki fəaliyyətini Cənub-Şərqi Asiya, Hindistan və Yaxın Şərqdən sonra Avropaya da genişləndirir. Sənəd HHI-nin Qlobal Müdafiə Satışları direktoru Kim Ce Rak və “Skaramangas” gəmiqayırma şirkətinin baş direktoru Varvitsiotis tərəfindən imzalanıb.
Mərasimdə Koreya Respublikasının Yunanıstandakı səfiri və Yunanıstanın Dənizçilik İşləri nazirinin müavini Gikas da iştirak edib. Pirey limanının qərbində yerləşən “Skaramangas” gəmiqayırma şirkəti Yunanıstanın ən böyük gəmiqayırma müəssisəsi hesab olunur.
Gəmiqayırma şirkəti daha əvvəl Almaniyanın TKMS şirkəti ilə əməkdaşlıq edərək Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün Type 214 sualtı qayıqlarını və MEKO sinifli freqatları inşa edib.
Hazırda Filippin və Perudakı ortaq gəmiqayırma zavodlarında hərbi və mülki gəmilər istehsal edən HHI Hindistan və Səudiyyə Ərəbistanında da yeni əməkdaşlıq layihələri üzərində işləyir. Şirkət hesab edir ki, “Skaramangas” ilə yaradılan tərəfdaşlıq Avropa bazarına daha geniş çıxış üçün mühüm addım olacaq.
Müqaviləyə əsasən, tərəflər Yunanıstan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün gəmi tikintisi, texniki xidmət, təmir və modernləşdirmə işlərində, eləcə də gələcək tədarük proqramlarında əməkdaşlıq edəcəklər. Əməkdaşlığın “Skaramangas” gəmiqayırma şirkətinin istehsal imkanlarının artırılmasına da töhfə verəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az