Ordu.az xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının mətbuat katibi Marianna Qahramanyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, altı il əvvəl, dekabrın 27-də Nikol Paşinyan nümayişkaranə şəkildə “Su-30” təyyarəsinin idarəetməsinə əyləşərək növbəti şou təşkil edib və cəmiyyəti Ermənistanın qorunduğuna inandırmağa çalışıb.
“Lakin müharibə acı reallığı göstərdi. Həmin “Su-30” təyyarələri lazımi döyüş başlıqları ilə təmin edilməmişdi və praktiki olaraq ölkənin müdafiəsi üçün istifadə olunmadı. Bu gün isə həmin şəxs artıq seçkiqabağı təşviqat çərçivəsində hərbi parad keçirir. Məqsəd yenə eynidir, təhlükəsizlik illüziyası yaratmaq və cəmiyyəti yenidən aldatmaqdır.
Hörmətli vətəndaş, sən artıq reallığı görmüsən. Üç müharibə, minlərlə itki, alçaldılma və bitməyən güzəştlərlə üzləşmisən. Bu hakimiyyət təhlükəsizliyi təmin edə bilməz. Çünki Paşinyan dəyişməyib. O, daim İlham Əliyevin tələblərini yerinə yetirən və davamlı güzəştlərlə Ermənistanı yeni təhlükələrə aparan eyni qorxaq şəxsdir. İndi isə onun qarşısına yeni tapşırıq qoyulub: Ermənistanda 300 min azərbaycanlının məskunlaşdırılmasını təmin etmək.
Hörmətli vətəndaş, bilməlisən ki, hərbi paradlarla təhlükəsizlik qurulmur. Təhlükəsizlik güclü və ləyaqətli lider, güclü iqtisadiyyat, güclü diplomatiya, peşəkar ordu və siyasi iradəyə malik dövlətlə təmin olunur. Sən artıq şoulara aldanmamalısan”, - deyə Qahramanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az