Ukraynanın “Pörl Harbor” Hücumunda İstifadə Etdiyi PUA-lar – ARAŞDIRMA (FOTOLAR)

2025/06/1749117654.jpg
Oxunub: 1387     21:38     05 İyun 2025    
Pilotsuz Uçuş Aparatları (PUA) adətən RPG-7 kumulyativ başlıqları və ya qəlpəli qumbaralarla təchiz olunur, bu da zirehli texnikaya, təyyarələrə və infrastruktur obyektlərinə ciddi ziyan vurmağa imkan verir.

İndi, Rusiyanın “Pörl Harbor”u başa çatdıqdan və Ukraynanın Rusiyanın dərinliklərindəki bir neçə əsas aviabazaya qəfil hücumunun tozu yatdıqdan sonra, başa düşmək vacibdir ki, Ukraynanın hücumu uğurlu olsa da, Rusiyanın ümumi hərbi imkanlarına böyük təsir göstərməyəcək.


Sadə dillə desək, Ukrayna ilkin iddialarda qeyd edildiyi qədər çox sayda bombardmançını məhv etməyib. Kiyev hücumda 41 bombardmançının sıradan çıxarıldığını iddia etsə də, bir ABŞ rəsmisi “Fox News”a bildirib ki, bu rəqəm yəqin ki, 10 ədəd ətrafındadır. Bundan əlavə, rusların ehtiyatda saxlanılan başqa bombardmançıları var ki, onları bərpa edib itkinin yerini doldura bilərlər. Hər halda, uzun mənzilli strateji bombardmançılar artıq Rusiyanın uzaqmənzilli zərbələr üçün əsas vasitəsi deyil.

Bununla belə, Ukraynanın hücumu miqyası, uzaqlığı və cəsarəti baxımından tarixi idi. Təbii ki, Ukrayna bu hücuma görə peşman ola bilər, çünki indi Rusiya nüvə çəkindirməsini bərpa etmək üçün Ukraynaya və hətta Kreml hücumun planlaşdırılmasında iştirak etdiyindən şübhələndiyi NATO ölkələrinə qarşı kütləvi cavab zərbələri endirməyə cəhd edə bilər.

“Operation Spiderweb” – Yenilikçi Hücum

Hücumun özü daha əvvəl heç görülməmiş şəkildə idi. Bu, Rusiyanın dərinliklərindəki əsas təhlükəsizlik boşluqlarını aşkara çıxardı. Rusiya ordusu açıq-aşkar düşünürdü ki, ukraynalılar heç vaxt ora çata bilməzlər. Ukrayna tərəfinin hücumun detalları hələ də tam məlum olmasa da, artıq bəllidir ki, ukraynalılar rus bombardmançılarını vurmaq üçün birinci şəxs görünüşlü (FPV) PUA-lardan istifadə ediblər.


Hesab edilir ki, ukraynalılar “First Contact” şirkətinin hazırladığı “Osa” platformasından istifadə ediblər. Bir daha qeyd edim ki, bu, ehtimaldır, çünki konkret sistemlərin təsdiqi hələ də çətindir.

“Osa” iki funtluq partlayıcı başlıq daşıya bilir ki, bu da təyyarə və infrastruktur obyektlərini hədəfə almaq üçün kifayət qədər güclüdür. “Osa”nın faydalı yükü və sürəti “Tu-95” və “Tu-22” kimi rus bombardmançılarını vurmaq üçün uyğundur.

Bu nisbətən kiçik PUA-lar təxminən 15 dəqiqəlik uçuş müddətinə malikdir və saatda təxminən 94 mil (təxminən 150 km/saat) sürətə çata bilir, bu da sürətli hücumlara imkan verir. Bu sistemlərin idarə olunmasına gəldikdə, FPV tipli PUA-lar canlı video görüntü ilə eynək vasitəsilə idarə olunur və bir neçə millisekund gecikmə ilə real vaxtda dəqiq hədəfləmə imkanı verir.


“Osa”dan başqa, “Wild Hornets” tərəfindən hazırlanmış “Queen Hornet” və ya daha böyük faydalı yük daşıyan “Nomad” (iri FPV) kimi modellərdən də istifadə edilmiş ola bilər.

Ukraynanın “Osa” PUA-larını Anlamaq

“Osa” Rusiyanın Sibir aviabazalarına hücumda ən real namizəd sayılsa da, Ukraynanın istifadə etdiyi digər FPV tipli PUA-ların da oxşar xüsusiyyətləri var. Hücumun müxtəlif PUA modellərinin birgə istifadəsinə əsaslandığı düşünülür. Gəlin, hücumda iştirak edən PUA-ların ümumi imkanlarına nəzər salaq.


FPV tipli PUA-ların qiyməti cəmi 500-700 dollar təşkil edir ki, bu da onları genişmiqyaslı əməliyyatlar üçün əlverişli edir. Onlar Rusiyaya yük maşınlarında gizli bölmələrdə qaçaqmalçılıq yolu ilə keçirilib və beləliklə gizli yerləşdirmə təmin olunub. PUA-ların ön kamerası operatorlara canlı görüntü ötürməyə imkan verib.

PUA-lar adətən RPG-7 kumulyativ başlıqları və ya qəlpəli qumbaralarla təchiz olunur, bu da zirehli texnikaya, təyyarələrə və infrastruktur obyektlərinə ciddi ziyan vurmağa imkan verir.

Bu hücumda Ukrayna PUA-ları Rusiyanın uzaqmənzilli nüvə başlıqlı strateji bombardmançılarını hədəfə aldı və Ukrayna mənbələri təxminən 7 milyard dollar ziyan vurduqlarını, Rusiyanın qanadlı raket daşıyıcılarının təxminən üçdə birini sıradan çıxardıqlarını iddia edir. Lakin ruslar bildirirlər ki, ziyan əhəmiyyətli olsa da, iddia edilən səviyyədə deyil.

Bəzi Ukrayna FPV tipli PUA-ları radioelektron müharibə (EW) vasitələrindən yayınmaq üçün tezlik dəyişdirici və ya fiber-optik kabel istifadə edir. Fiber-optik PUA-lar Ukrayna parkının 5 faizindən azını təşkil etsə də, bunlar elektron qarışıqlığa qarşı tam davamlıdır.


Bu hücumda həmin PUA-ların istifadə edilib-edilmədiyi hələ təsdiqlənməyib. Halbuki bu tip PUA-lar adətən insan operator tərəfindən idarə olunur, bu isə onların Rusiyanın dərinliklərində istifadəsini ənənəvi uzaqdan idarə olunan PUA-lara nisbətən daha riskli edir. Amma Ukrayna müharibəsinin ümumi gedişi göstərir ki, həm Ukrayna, həm də Rusiya ordusu bu PUA-ları ölümcüllüyü və radioelektron müharibəyə davamlılığı səbəbindən getdikcə daha çox qiymətləndirir.

Ukrayna ayda 200,000 FPV PUA-sı istehsal edir və ilin sonuna qədər bu sayın 4,5 milyona çatdırılması planlaşdırılır. “TAF Drones” kimi şirkətlər və yuxarıda qeyd olunan “Wild Hornets” kimi kütləvi maliyyələşdirmə qrupları Ukraynanın sürətlə böyüyən PUA arsenalının əsas oyunçularıdır. Bu arsenalın miqyası Ukraynaya 117 PUA ilə koordinasiyalı hücumu uğurla həyata keçirməyə imkan verdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin