Paşinyan hökumətinin dövründə də Ermənistanı minlərlə insan tərk edib. Son 4 ildə ölkədən çıxıb geri dönməyənlərin sayı 150 min nəfəri keçib. Cəmi 3 milyonluq əhalisi olan bir ölkə üçün bu, dəhşətli rəqəmdir. Bu, cəmi 4 ildə əhalinin 5 faizinin ölkəni tərk etməsi deməkdir.
Ermənistan yalnız miqrasiya ilə boşalmır. Guya doğum səviyyəsini artırmaq məqsədilə dövlət proqramları həyata keçirilir, amma faktiki olaraq doğum azalır. Paşinyan bir neçə gün öncə parlamentdə çıxışında bu proqramlara ayrılmış vəsaitlərdən danışırdı: 2018-ci ildən bəri 2 yaşadək uşaqlara baxım üçün ayrılan yardım 61 milyard dram artıb.
O bildirirdi ki, əvvəllər yalnız işləyən analar bu yardımdan faydalana bilirdilər, 2018-ci ildən isə kəndlərdə və şəhərlərdə yaşayan işləməyən analar da bu siyahıya daxil edilib. Nəticədə bu yardımı alan qadınların sayı 12.733-dən 58.796-ya yüksəlib, yardımın məbləği də iki dəfə artırılıb.
Eyni zamanda üçüncü və sonrakı uşaqlar üçün 31.4 milyard dram vəsait ayrılıb, 2024-cü ilin sonuna qədər 33.825 uşaq dövlət tərəfindən hər ay 50 min dram alır. 2020-ci ildən isə uşaq sahibi olan ailələrə mənzil dəstəyi proqramı tətbiq olunub, 12 min ailəyə 8.6 milyard dram kömək edilib.
Amma bu qədər vəsaitin nəticəsi nə olub? Heç nə. Ermənistanda doğum səviyyəsi artmaq əvəzinə ilbəil azalır. 2023-cü ildə 2022-ci ilə nisbətən daha az uşaq doğulub, 2024-cü ildə isə əvvəlki illərlə müqayisədə daha da az.
2024-cü ildə Ermənistanda 33.648 uşaq doğulub. Halbuki 2017-ci ildə bu rəqəm 37.700 idi. Yəni doğum 4 mindən çox azalıb. Təkcə bu ilin ilk üç ayında ötən ilin eyni dövrü ilə müqayisədə 702 az uşaq doğulub.
Bu bir tərəfdən, digər tərəfdən isə təbii əhali artımı da azalır. 2018-ci ildə Ermənistanda təbii artım 10.800 nəfər idisə, 2024-cü ildə cəmi 8.000 nəfər olub. Bu ilin ilk rübündə isə bu göstərici 181 nəfərdir, 2018-ci ilin ilk rübü ilə müqayisədə 6.6 dəfə azdır.
Ermənistanda daha böhranlı vəziyyət sərhədyanı bölgələrdədir. Paşinyan əvvəllər keçmiş hakimiyyətləri sərhədyanı kəndləri boşaltmaqda günahlandırırdı. İndi isə real mənzərə odur ki, 2018-ci ildən bu yana Göyçə, Zəngəzur və Tovuzqala bölgələrindən 41 minə yaxın insan köç edib.
Üstəlik, Qarabağdan könüllü köç etmiş ermənilərin bu bölgələrə yerləşdirilməsi belə, əhalinin ümumi azalmasını kompensasiya edə bilməyib. Məlumata görə, Göyçə bölgəsində əhali 7 il ərzində 13.600 nəfər azalıb (229.300-dən 215.700-ə düşüb). Zəngəzurda bu göstərici daha yüksəkdir, əhali 138.200-dən 116.800-ə düşüb (21.400 nəfər azalıb). Tovuzqala bölgəsində isə 5.700 nəfərlik azalma olduğu bildirilir.
Aqil Məmmədov
Ordu.az