“Çirkli bomba”lar dedikdə nə başa düşürük? – ARAŞDIRMA

2022/11/1668518758.jpg
Oxunub: 3557     12:01     16 Noyabr 2022    
Rusiya və Ukrayna bir-birini “çirkli bomba”lardan istifadə etməyi planlaşdırmaqda ittiham edir. Bu bombalar nədir və kimin əlində var?

“Çirkli bomba” Rusiyanın qlobal təbliğatda istifadə etdiyi son propoqandalardan biridir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Rusiya silahlı qüvvələrini və rəhbərliyini gözdən salmaq məqsədi daşıyan “saxta bayraq” əməliyyatı planlaşdırdığını bildirib. Ukrayna prezidenti Zelenski və bir sıra Qərb hökumətləri ittihamı rədd edib. Zelenski Moskvanın özünün çirkli bombalardan istifadə etmək niyyətində olduğunu düşünür.

“Çirkli bomba”lar, adi tibbi radioterapiya, qida konservasiyasında və ya sənayedə istifadə oluna bilən radioaktiv materialdan ibarət adi partlayıcı silahlardır.

Alman Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun təhlükəsizlik üzrə eksperti Volfqanq Rixter deyir ki, “çirkli bomba” nüvə bombası deyil: “Bu o deməkdir ki, “çirkli bomba”larda nüvə silahındakı kimi nəhəng partlayıcı qüvvələr yaradan zəncirvari reaksiyalar yoxdur”.

Nüvə silahları ölümcül istilik və təzyiq dalğaları, eləcə də külək və yağış vasitəsilə geniş ərazilərə yayılan son dərəcə təhlükəli radiasiya yaradır. “Çirkli bomba”lar bunları bacarmır.

Rixter deyir ki, əslində “çirkli bomba”lar ilkin partlayış zamanı çox təhlükəli olur. Lakin uzun müddətdə yayılan radiasiya dozasından asılı olaraq təhlükəli və ya hətta ölümcül ola bilər. Partlamanın ölçüsü və radiasiyanın gücü ərazinin nə qədər çirklənə biləcəyini və hətta bəlkə də müvəqqəti olaraq yaşayış üçün yararsız hala düşə biləcəyini müəyyən edir.

Terror silahı?

“Çirkli bomba”lar yeni deyil. İndiyə qədər çoxları onları əsasən terrorçuların tətbiq edə biləcəyi bir silah hesab edirdi.

2003-cü ildə polis Tbilisi və Banqkokda radioaktiv sezium və stronsiumun qanunsuz daşınmasını ələ keçirib. Hər iki maddə “çirkli bomba”ların hazırlanmasında istifadə oluna bilərdi.

2016-cı ilin sentyabrında, 11 sentyabr hücumlarının 15-ci ildönümündə amerikalı hüquqşünas və jurnalist Stiven Brill “The Atlantic” jurnalında Amerikanın Nyu Yorkdakı partlayışlardan sonra daha təhlükəsiz olub-olmadığını sual edən məqalə dərc edib. O yazıb ki, 2013 və 2014-cü illərdə 325 dəfə radioaktiv materialın itirilməsi və ya oğurlanması barədə məlumat verilib. Əsl rəqəm, o cümlədən aşkar edilməmiş və ya ört-basdır edilən hallar daha da yüksək ola bilərdi və Brill ABŞ siyasətçilərini bu təhlükəyə kifayət qədər diqqət yetirməməkdə ittiham edirdi.

Psixoloji təsir

Brillin araşdırmasına görə, Vaşinqtonun mərkəzində terrorçular tərəfindən partlatılan “çirkli bomba” 40 şəhər blokunu çirkləndirə bilər və onların zərərsizləşdirilməsinə milyardlar xərclənə bilər

Hələ heç bir evakuasiya olmasa belə, ekspertlər belə bir hücumdan sonra 50-dən çox insanın ölməyəcəyini təxmin edirdilər. Lakin itki və ölənlərin sayı məhdud olsa da, “çirkli bomba”lar böyük çaxnaşma yarada bilər. Buna görə də siyasətçilər bu qorxunu dağıtmaq üçün çalışmalıdırlar.

Nüvə zavodunun dağılması

Hərbi dərəcəli “çirkli bomba” terrorçular tərəfindən hazırlanan bombadan daha dağıdıcı ola bilər. Rixter bildirir: “Bunun atom elektrik stansiyasında qəza zamanı yayılan radiasiya kimi olduğunu təsəvvür edə bilərsiniz. Çernobıl buna misal ola bilər”.

1986-cı ildə Ukraynanın Çernobıl elektrik stansiyasının reaktorlarından biri əriyib. O vaxtdan bəri qəzanın baş verdiyi yerin ətrafında 30 kilometrlik təcrid zonası yaradılıb.

Rixter hesab edir ki, Rusiyanın “çirkli bomba”dan istifadə etməsi ehtimalı azdır. Onun sözlərinə görə, bu, onun böyük səfərbərlik səylərinə zidd olacaq: “Rusiya konvensional şəkildə müharibə səylərini gücləndirməyə diqqət yetirir”.

İkincisi, küləyin partlama yerindən nüvə radiasiyasını daşıması və Rusiyanın öz qoşunlarına zərər vurması təhlükəsi də var. Nəhayət, “çirkli bomba”dan istifadə etmək Ukraynanın Rusiyanın indi özününkü hesab etdiyi bölgələrini çirkləndirəcək. “Ona görə də mən belə bir bombadan istifadəni təkcə məsuliyyətsizlik deyil, həm də cəfəngiyat hesab edirəm”, - Rixter bildirib.

Əslində eskalasiyanın əsas təhlükəsi hər tərəfdən “çirkli bomba”lar haqqında danışanlardan qaynaqlanır. Nəticədə Ukrayna Rusiyanın nüvə hücumuna qarşı da önləyici zərbə endirməyi təklif edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Çirkli-bomba  


Bizi "telegram"da izləyin