Əslində fotoqrafiya üçün istifadə olunan PUA-lar Ukraynada döyüş meydanında yaxşı istifadə olunur. Videolar əsgərlərin rus qoşunlarını izləmək və ən yaxşı hücum nöqtəsini tapmaq üçün bu PUA-lardan istifadə etdiyini göstərir. Bu sistemlər onlayn sifariş verilir. Zərbə endirən PUA-lar “özün düzəlt” prinsipi ilə hərbçilərin özləri tərəfindən hazırlanır.
Fevralın 24-də Rusiyanın hücumundan sonra Ukrayna vətəndaşları ya orduya qoşulmaqla, evlərini "Molotov" kokteylləri və digər əldəqayırma silahlarla müdafiə etməklə, ya da rus qoşunlarını izləmək üçün özlərinə məxsus PUA-ları bağışlamaqla müharibəyə qoşulublar.
Ukraynaya göndərilən kommersiya PUA-ları indi qoşunlar üçün faydalı vasitədir. Kommersiya tipli platformalar hərbi PUA-lardan qat-qat ucuzdur. Ukrayna onlardan çoxunu ala bilər və onları bir və ya iki dəfə istifadə etdikdən sonra rahatlıqla zibilliyə ata bilər. Beləliklə, bu sistemlər çox pulu olmayan qruplar üçün çox cəlbedicidir. Onları ələ keçirmək daha asandır. Hərbi PUA-ları olmayan hərbçilər onlardan istifadə edir, lakin üsyançı qruplar da onlardan tez-tez istifadə edirlər. İnsanlar çox ağıllı və bacarıqlıdırlar və onları faydalı silaha çevirirlər.
Hücumdan sonrakı günlərdə minlərlə ukraynalı ölkələri uğrunda döyüşmək üçün orduya yazılmışdı. Bu, bütün taqımların az hərbi hazırlığı olan könüllülərdən ibarət olması ilə nəticələndi. Ancaq bəzilərinin texnoloji və ya İT sahəsində bacarıqlar var və onların hamısı Rusiya hücumlarının qarşısını almağa kömək etməkdə həvəslidir.
Fevral ayından etibarən Ukrayna Müdafiə Nazirliyi sosial media səhifələrində insanları öz PUA-larını bağışlamağa çağırır. Ukraynalılar, eləcə də digər ölkələrdən olan insanlar müharibəyə kömək etmək üçün öz PUA-larını cəbhəyə göndərdilər.
Bəzi qruplar, məsələn, Estoniyada könüllü olaraq fəaliyyət göstərən “Vests for Ukraine” kimi təşkilatlar ukraynalıların istifadə edə biləcəyi PUA-ları almaq üçün pul topladılar. Bir neçə min avro ilə yüz minlərlə avro dəyərində Rusiya texnikasını məhv etmək olar.
Estoniyada metal işçisi olan Raivo Olev Ukrayna ordusunda gülləkeçirməz zirehli gödəkçələrin olmadığını anlayanda “Vests for Ukraine” (Ukrayna üçün zirehli gödəkçə) adlı təşkilat yaratdı. O, pul toplamağa başladı və PUA-ların da Ukrayna müharibəsi üçün nə qədər vacib olduğunu başa düşdükdən sonra tezliklə kommersiya PUA-ları göndərdi.
“2014-cü ildən bəri hökumətin dəstəyi olmadan döyüşən bir könüllü batalyon var. Bu gün o batalyona baxsanız, onların hamısında bizim zirehli gödəkçələrimiz, dəbilqələrimiz, onlara verdiyimiz maşınlar, texnikalar var. Bizə foto və video göndərirlər. Onlar bizdən PUA istəyirlər”, - deyə o bildirib.
Hər kəs PUA-ların nə qədər vacib olduğunu dərk edir, kimin ən çox PUA-sı varsa, onun səmada daha çox gözü var. Ən kiçikləri mağazalardan alınır və daha böyükləri sənaye məqsədləri üçün istifadə olunur. Sənaye PUA-ları asanlıqla 82 mm-lik minaatan mərmiləri daşıya bilir. Bu, təxminən 3 kq ağırlığındadır. Onlar 6 kq-a qədər yük qaldıra, 5-7 km ətrafında uça, minaatan mərmilərini atıb geri qayıda bilərlər.
Videolarda PUA-lardan atılan sadə əl qumbarasının yuxarıdan həssas olan tanklara və ya zirehli personal daşıyıcılarına necə böyük ziyan vurduğu göstərilir. Partlayıcılar texnikanın üstündə gəzən qoşunlara asanlıqla xəsarət yetirə bilər, həmçinin tankın nişan alma və atəş mexanizmlərini sıradan çıxara bilər. Birbaşa düşmən mövqelərinə və ya zirehli olmayan maşınlara atılan qumbaralar daha da dağıdıcı ola bilər.
Ukraynalı mülki şəxslərin, eləcə də xarici təşkilatların ianə dalğası əsl “PUA ordusu” yaradıb. Ukrayna ordusunun əlində 6000-dən çox kommersiya PUA-nın olduğu təxmin edilir ki , bu da ABŞ və Türkiyə kimi ölkələrdən əldə edilən zərbə və kamikadze PUA-larının sayını xeyli üstələyir.
Həm təlim keçmiş əsgərlər, həm də könüllülər bu PUA-ları döyüş meydanı üçün optimallaşdırır. Keçmiş hərbi pilot və aviasiya eksperti Xavier Tytelmanın sözlərinə görə, ukraynalılar 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra PUA-ların hərbi istifadə üçün dəyişdirilməsi yolları üzərində işləyirlər.
3D printer çap sayəsində ukraynalılar qumbara və ya kiçik bombaları hədəflərə atmaq üçün aktivlər inkişaf etdirə bildilər. PUA-lar artilleriyanın effektivliyini artırır, kəşfiyyat missiyaları üçün əsgərləri əvəz edə bilir, çox dəqiqdirlər və onları aşkar edib məhv etmək çətindir. Düşmən isə həmişə təhlükədən qorxur.
Lakin kommersiya tipli PUA-lar Ukraynanın bütün taktiki ehtiyacları üçün mükəmməl həll yolu deyil. Onlar çox möhkəm deyil və imkanları olduqca dardır. PUA maraqlı, faydalı hərbi qabiliyyətdir, lakin əslində əlavə imkandır, dəstəkləyici qabiliyyətdir, habelə Ukrayna hərbi imkanlarının əsas elementi deyil.
Ukraynalılara daha ağır silahlar lazımdır.
Sevinc Əliyeva
Ordu.az